Elm və incəsənət fədaisi - Fərahim Sadıqov-70

(Portret cizgiləri)

Dostum, sən mənə rahat nəfəs

aldığım dağ zirvəsi təki lazımsan.

Sent-Ekzüperi

Ailəni dünyaya tanıdan həmin körpə

Bu gün kiçik çillə çıxırdı. Sabahdan el arasında “qara yaz”, “boz ay” kimi adlandırılan qışın otuz günlük qalan hissəsi başlayacaqdı. Ondan sonra, yəni martın 20-də hamının sevdiyi yaz fəsli gələcəkdi.

Bir neçə gün quşbaşı yağan qar hər yanı ağ örpəyə bürümüşdü. Həyətdəki feyxoa kolları yağmış qarın ağırlığından başlarını yerə dikmişdilər. Sanki torpağa səcdə edirdilər.

Ac sərçələr, dolaşalar səssizcə budaqdan-budağa qonurdular.

Yalnız bu səssizliyi ağacdan-ağaca pərvaz edən qaratoyuqların insanı valeh edən, onu vəcdə gətirən heyrətamiz avazı pozurdu. Çox sevirdim bülbüllərin və qaratoyuqların səsini. Birincidə, yəni bülbül sədasında gülün fəraqından vüsala yetmək üçün bir nalə vardısa, qaratoyuqlarda nikbinlik sədası vardı. Bax elə bu düşüncələrlə neçə gün idi ki, yazacağım yazı barədə düşünür, ölçüb-biçir, nəyi necə edəcəyimi fikirəşirdim. Mənə zor gəlirdi bu dəfəki mövzu. Cild-cild kitablara sığmayan bir müəllim, pedaqoq, psixoloq, filosof, alim, elm və incəsənət fədaisi, yazıçı-dramaturq haqqında fikir və düşüncələrimi kiçik bir yazıya necə sıxışdırmaq olardı axı?!

Nəhayət, Böyük Yaradana sığınıb ondan kömək dilədim.

Qartal səmada süzərək ətrafı seyr edir, balalarına ov axtarırdı. Sübh tezdən günəş ətrafı nura boyasa da, dağların zirvəsindən duman-sis hələ çəkilməmişdi. Səma isə aydın idi. Payızın girməsinə sayılı günlər qalırdı. Bəli, bir neçə gündən sonra yay payızla əvəzlənəcək, ağaclar öz donunu dəyişəcək, təğyiri-libas olacaqdılar. Hər fəslin öz gözəlliyi var. Payızda ağaclardan qopan yarpaqlar havada quş tək süzərək yer üzərinə qonur, xəzan yaradır, el arasında buna “qızıl payız” deyirlər, könüllərdə kövrək, həzin duyğular oyadır. Bu fəsildə bizim tərəflərdə, suda batan yeganə ağac – dəmirağacı ətrafa xüsusi gözəllik verirdi. Onun qızılı-qırmizi yarpaqlarına tamaşa etməkdən doymaq olmurdu.

İki yaşlı körpə oğlan uşağı anasınının qoynuna sığınmışdı. Ana qoynunun ətri onu məst etmişdi. Mürgüləyirdi... Ana qucağı əbədiyyət beşiyi, behişti-əla, gülüstandı hər insan övladı üçün... Bu ocaqda, elə bu gün, bu vədə ikinci oğlan övladı dünyaya gəlmişdi, dağlar qoynunda, lap elə dağın zirvəsində – qartal yuvasında. Yataqda mışıl-mışıl yatırdı. Elə bu məqamda Balakişi əmi qartalın uçuşunu seyr etdikcə düşünürdü: görəsən bu körpəmizin- Fərahimin qisməti həyatda necə olacaq? Bu təbii hiss idi. Hər bir yaxşı valideyn uşaqlarının gələcək taleyi üçün narahatlıq keçirir. Sonra xəyallardan ayrılaraq: “yaxşı olar, inşallah” – deyə pıçıldadı. Ana da öz aləmində idi.

... Zamanın atı yüyürək olur. Illər keçdi. Orta məktəbi müvəffəqiyyətlə bitirən Fərahim ali məktəbin filologiya fatültəsinə daxil oldu.

Mən onu on beş yaşından tanıyırdım. Bədii özfəaliyyət kollektivində tanış olmuşduq. O zamanlar öz mahir ifaları ilə ürəkləri oynadan və yaşına baxmayaraq, Cənub rayonlarında tez tanınan, sonradan respublikamızın mahir qarmon ifaçılarından biri olan Abutalıb Sadıqovdan sonra ailənin dağlar qoynunda dünyaya gələn ikinci övladı idi Fərahim müəllim... Yadımdadı, rayon pionerlər evində, Fərahim müxtəlif musiqi alətlərinə əl atıb çalırdı. Tar, nağara, pianino. Sehrli barmaqları hansı musiqi alətinə toxunurdusa maraqla səslənirdi. Amma mehrini qarmona salmışdı. Pedaqoji institutda da ansambl rəhbəri idi. Bu bədii özfəaliyyət kollektivi təkcə respublikamızda deyil, ondan kənarlarda da çoxlu uğurlara imza atmışdı.

Onun məhəbbət dünyası

Keçən əsrin altımışıncı illər idi. Ali məktəbə daxil olandan sonra iki ay oxudum. Ordu sıralarına çağırılaraq elə Bakı şəhərində üç il xidmət etdim. Tərxis olunub ali məktəbə qayıtdım. Mən birinci kursda oxuyanda Fərahim müəllim artıq ikinci kursda təhsil alırdı. Bir yataqxanada yaşayırdıq. Sevincimiz də bir idi, qayğılarımız da. Fərahimlə bir otaqda Astaradan Tofiq (indi o professordu, qardaş Türkiyədə çalışır), bir də həmin rayondan Mərhəmət adlı bir tələbə də qalırdı. Mən elə bir gün olmurdu ki, onların yanına getməyim. Günümüz institutda, oxucu zalında, boş vaxtlarda Fərahim müəllimgilin otağında keçirdi. Onun qarmonda ifa etdiyi Azərbaycan muğamlarına, xalq mahnılarına, oynaq havalara səssizcə, vurğunluqla qulaq asardıq.

Gənclik hər bir insan ömrünün bahar çağıdır. Yatağxananın qərb hissəsində qızlar, şərq hissəsində oğlanlar yaşayırdılar. Fərahim müəllimin sevgi dünyası da özünə məxsus, pərdəli, sirrli-sehrliydi. Çox az adam onun kimi sevdiyini bilirdi. Bu iki gənc bir-birilərini dəlilər kimi, Leyli-Məcnun sevgisi ilə, lakin pünhan sevirdilər. Adət-ənənələrimizin, dədə-babalarımızın qayda-qanunları çərçivəsində. Suriyyə xanım ağbəniz, xurmayi saçlı, orta boylu, ala gözlü, ürkək baxışlı, incə yerişli, son dərəcə həyalı, abırlı, utancaq, ismətli bir qız idi. Ölkəmizin şimal-qərbindəki qədim mədəniyyət mərkəzlərindən birində həyata pərvəriş etmişdi. Sonralar ailə quraraq övlad-uşaq sahibi oldular. Ağıllı-kamallı, valideynlərinin başını uca edən övladlar. Məhəbbət və sevginin meyvələri... İnsafən bir-birinə çox yaraşırdılar. Məhəbbət Səid Ordubadinin təbirincə desək: “Təbiət insanlarda qəlbləri oxumaq qabiliyyəti yaratmış olsaydı, dünyada sevgi və məhəbbət sözləri bu qədər uzun ifadələrə səbəb olmazdı.”

Bu ailə, azərbaycançılığı, adət-ənənələrimizi və milli dəyərləri özündə ehtiva edən, əsl mental dəyərlərlə aşılanmış bir ailə simvolu idi.

Sevirdilər, bülbül gülə aşiq kimi...

Sevirdilər Leyli kimi, Məcnun kimi...

Burda Fərahim müəllimin dilindən bir qəzəlimi versəm, düşünürəm ki, yerinə düşər.

Leylisən, Məcnununam eşqində çöllər gəzərəm,

Pərişan saçlarına al-əlvan güllər düzərəm.

İstəsən dünyanı gəz, gəlləm dalınca yenə mən,

Sanma ki, sevdiciyim, sevgili-yardan küsərəm.

Sınağa çəkmə, gülüm, vaxt ötüşüb, vədə keçib,

Nə qədər cövrü-cəfa eyləsən, gözəl, dözərəm.

Məni əğyarım ilə eyni tutarsansa əgər,

Tarimar olar könül, bu candan canım üzərəm.

Fərahim həsrət ilə yolunu gözlər bu gecə,

Sən gələn yollarını gül-çiçək ilə bəzərəm.

Sevdiyim fəsillərdən birincisi bahardır. Neçə illərdir müşahidə aparıram. Çərşənbədə, (mart ayının ortalarında) bülbül gəlir. Budağdan-budağa qonur. Oxumur... sanki nəyisə gözləyir. Qızılgül kollarının üstündən tər budaqlar boylananda bülbüllər cəh-cəh vura-vura koldan-kola qonur, nazlanır, vəcdə gəlir. Gülün vüsalından sanki bihuş olaraq avazının zil pərdəsinə yüksəlir və digər kollara ayaq vurur. Bu vəsfi-hal vəsfi-məhəbbət təkrarlanır, bütün yaz fəsli boyu ta payıza qədər.

Dəyişib fəslimiz, ey gül, indi yaz da tazə gəlir,

Görüb qızılgül üzün, bülbül ehtizazə gəlir.

Bülbülün fəsli bahardır, onda fəğan eyləyər,

Açılıb hər yanda güllər, bülbülüm yazə gəlir.

Eşqin odu yandırıb, məndən əlamət qalmayıb,

Hər nə dərd olsa, əzizim, yenə canbazə gəlir.

Başlayıbsan mənə sən də, gülüm, naz eyləməyə,

Eyləyib günlərimi tar, yarım murazə gəlir.

Şərafət Haqq aşiqidir, deyər məhəbbət nəğməsin,

Əzəldən candadır eşqi, mizrab da sazə gəlir.

Yeniyetməlik dövründə və tələbə olanda mən onlara tez-tez gedirdim. Atası Balakişi əmi son dərəcə zabitəli, ciddi adam olsa da, mehriban, xoşqılıq kişi idi. Hərdənbir etdiyi zarafatlar duzlu, məzəli olardı. Masallının Dadva kəndində hamı ona “dadaş” deyərdi. Yəni böyük qardaş. Anasına uşaqlarının diliynən Şirin xala deyərdim. Dolubədənli, kürən, qırmızıyanaq, xoş simalı, gülərüzlü bir xanım idi. Mənə oğlum, – deyərdi Şirin xala. Sonralar bildim ki, əsl adı Əfruzdur. O qədər çörəyini yemişdim ki, – Şirin xalanın. Indi də mehribanlığı və ülviyyətiynən xatirimdədir. Onlar böyük ailə idilər: Abutalıb, Fərahim, Fəxrəddin və qızlar. Qardaşı Fəxrəddin müəllim, şəhər meri, məktəb direktoru vəzifələrində işləmiş, hazırda təqaüddədir. Bacılarından Nazilə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimi fakültəsini və Naxçıvan Universitetinin hüquq fakültəsini bitirmişdir. Hazırda Masallı şəhər 1 saylı tam orta məktəbində direktor müavinidir.

Bir neçə kəlmə Abutalıb barədə: Abutalıb Azərbaycanımızın milli musiqi mədəniyyətində, xüsusi ilə qarmon ifasına görə yetişdirdiyi təkrarsız mahir simalarından idi. Onun nazik, incə, sehrli barmaqları qarmonun şirmayı dilləri üzərində “rəqs edəndə” dinləyiciləri sanki ovsunlayar, ona heyranlıqla qulaq asardılar. Hətta adama elə gələrdi ki, Abutalıb qarmon ifa edəndə quşlar da qanad saxlayır. Bülbüllər cəh-cəhini kəsir, budaqlara qonaraq səssizcə onu dinləyirdilər. Qalın qaşları, iri ala gözləri, arıq, qarayanız, lakin üzündən heç vaxt təbəssüm əskik olmayan bu insanda həqiqətən həyat eşqi qaynayırdı.

Yadımdadır, 1995-ci ilin payızında Fərahim müəllim Milli Məclisə namizədliyini irəli sürmüşdü. Masallı rayon “Ziyalılar evi”ndə onun seçicilərlə görüşü keçirilirdi. Rəsmi hissədən sonra Abutalıb səhnəyə qalxaraq qarmonda Azərbaycan muğamları, xalq mahnıları və rəqslərini özünəməxsus şövq və ustalıqla ifa etdi. Onunla bu tədbirdə iştirak edən Respublikanın xalq artistləri Aftandil İsrafilov və Zakir Mirzəyev Abutalıbın qarmon ifaçılığına yüksək qiymət verdilər. Hətta Aftandil müəllim təvazökarlıqla – Talıbın ( dostları ona Abutalıb yox, Talıb deyirdilər) ifaçılığı bizdən də üstündür, – dedi. Həyata vurğun idi Abutalıb. Təəssüf ki, ömrünün və sənətinin çiçəklənən çağında həyata, sənətə, əzizlərinə vida dedi. Haqq dünyasına qovuşdu. Hüznünün qırxıncı günü Bakıdan qayıtdım və onun əziz xatirəsinə “Götür qarmonunu” şeirini yazdım. Bu şeir Masallının “Göy Qurşağı” ədəbi almanaxında, I kitab, səh.285-də çap olunub. Bakı.2016.

Götür qarmonunu, qardaş, bir də çal,

Qoy səsi yayılsın bütün cahana.

Çal ki, getsin hicran, qayıtsın vüsal,

Oyat, şirin xatirələr oyana...

Gülərdi gözlərin, gülərdi üzün,

Düz idi ilqarın, düz idi sözün,

Fələyin zülmünə yox daha dözüm.

Götür qarmonunu, qardaş, bir də çal!

Şirmayı dilləri səsləndirəndə,

Danışardı gözlər, susardı dillər.

Qarmonu oynadıb dilləndirəndə,

Susub danışmazdı şeyda bülbüllər.

Məlul-müşgül baxır qarmon taxçadan,

Çəkdirdiyin şəkillərin boğçadan,

Boynubükük bənövşə də bağçadan,

Götür qarmonunu, qardaş, bir də çal!

Talıb, sənin sənətinin vurğunu,

Olmuşdu Aftandil, olmuşdu Zakir,

Fərahim də olub fikir yorgunu,

Səni yad eyləyir Qızılsəs Qədir.

Daim yaddaşlarda yaşayır adın,

Həyatda kimsəyə sən yük olmadın,

Nakam getdin, doyunca kam almadın,

Götür qarmonunu, qardaş, bir də çal!

Ailədə qızlı, oğlanlı hamı bir-birinə mehriban idi. Can deyib can eşidərdilər. Ona görə ki, Balakişi əmi ilə Əfruz xala arasında həmişə isti münasibət, hörmət, bir-birinə inam vardı. Antik dövrün tanınmış filosofu Demokrit belə deyib: “Valedynlərin mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.”

Professor Fərahim müəllimin elmi-ədəbi, pedaqoji və ictimai fəaliyyəti barədə ölkənin tanınmış elm və incəsənət xadimləri öz sözlərini kifayət qədər söyləyib, onun fəaliyyətinə və qazandığı uğurlara yüksək qiymət vermiblər. Hətta mənəvi dünyasına belə...

Əlbəttə, mən alim deyiləm ki, Fərahim Balakişi oğlunun elmi fəaliyyətinə, araşdırmalarına, tədqiqatlarına lazım olan səviyyədə elmi qiymət verəm. Sadəcə, onu yaxşı bilirəm ki, professor Fərafim Sadıqov-Xələfli çoxsahəli, ensiklopedik biliyə malik müəllim, pedaqoq, elm və incəsənət xadimi, odlu ürəklə Vətənini, xalqını, dövlətini sevən vətən oğlu, təkcə Cənub bölgəsinin deyil, həm də Azərbaycanımızın fəxri olan ziyalı-insandır.

Yazımın bu məqamında xalqımızın iftixarı olan dahi insanlardan biri – Həsən bəy Zərdəbinin sözləri yadıma düşür: “Hər bir xalqın səadəti və yaxud bədbəxtliyi onun övladlarının təhsil və təbiyəsindən çox aslıdır.”

Baxın, qəhrəmanımız Fərahim müəllim də həmişə bu amalla, istək və arzu ilə xalqın maariflənməsi üçün çalışıb. Həmsöhbət olduğu, yaxud geniş auditoriya qarşısında çıxışları zamanı toxunduğu mövzulara rəğmən Azərbaycanın, Yaxın və Orta Şərqin, eləcə də qərb dünyasının söz sənətkarlarının yaradıcılığından nümunələr gətirir, müxtəlif xalqların adət-ənənələrindən, fəlsəfi fikir boxçasından, məişətindən, zəngin folklarından seçmələr söyləməklə sanki dinləyiciləri sirli-sehrli aləmə aparır. O, danışan zaman hər tərəf lal sükuta bürünür. Yalnız gözlər baxır, qulaqlar eşidir, ağıl, düşüncə informasiya qəbul edir.

Fərahim müəllimin nitqi elmi olmaqla yanaşı, həm də poetik və sadədir. Onu hər hansı kateqoriyadan olan və dinləyən insanlar olsa belə başa düşəcəklər. Bax, budur, onun danışığında olan cazibə qüvvəsi

Məşhur teatr reformatoru, Moskva Bədaye Teatrının 1898-ci ildə yaradıcılarından biri, yaşama sənətinin banisi Konstantin Sergeyeviç Stanislavski demişdir: “Sadə və gözəl danışmağı bacarmaq özü xüsusi bir elmdir və onun da xüsusi qanunları var. Bu qanunları öyrənən və öz üzərində çalışan hər bir insan gözəl danışığa malik ola bilər”

Fərahim müəllim xoşbəxt ailə başçısıdır. Övladları Rahim, Rasim, Təranə valideynlərinə başucalığı gətirən övladlardır. Ağıllı, kamallı, savadlı, ədəb-ərkənlı. Dövlətə və dövlətçiliyə sadiq insanlardır.

Fərahim müəllim vəfalı və sədaqətli dostdur. O, kimin dostudursa, həmin insan özünü xoşbəxt hiss edə bilər. Çünki onun Fərahim sadıqov kimi dostu var.

Bax, bu xoşbəxlikdən mənim də ömrümə pay düşüb, yaradıcılığıma işıq çiləyib.

Belə ki, “Ədəbiyyat naminə” qəzetinin (baş redaktoru, istedadlı şair qardaşım və ziyalımız Kəramətdir) 2012-ci ilin mart sayında, səhifə 22-də prafessor Fərahim Sadıqovun mənim qəzəl yaradıcılığımı təhlil edib onun bədii-estetik dəyərini açaraq bir səhifəlik “Şərafət Sadiqoğlunun qəzəlləri haqqında pedaqoji düşüncələr” məqaləsini çap etdirmişdi. Bu yazı ilə Fərahim müəllim həm mənim yaradıcılığıma yüksək qiymət verir, həm də cəmiyətə özünün sədaqətini, məhəbbətini, daxili-aləmini, “məni”ni, alimliyini, elmini, estetik görüşlərini, səmimiyyətini, böyüklüyünü, sənətşünaslığını, pedaqoqluğunu bəyan edirdi. O, bu yazısı ilə sanki hamıya təlqin edirdi ki, riyadan, məkr və hiylədən, paxıllıqdan uzaq, saf və təmiz qəlbli, ülvi hisslərlə yaşayan insan necə olmalıdır. Portret yazımın bu məqamında həmin ressenziyadan bir parçanı oxucuların diqqətinə çatdırım:

“Şərafət Sadiqoğlunun qəzəlləri barədə söylədiyimiz fikirlərimiz, bir az da dəqiq desək, pedaqoji düşüncələrimizi yekunlaşdıraraq qənaətimizi aşğıdakı şəkildə ifadə edə bilərik:

1) Şərafət Sadiqoğlu Azərbaycanın XX-XXI əsrlərin qovşağında yetişən ən samballı qəzəlxanı olmaqla, XIX əsrdə Cənub bölgəsində uzun müddət fəaliyyət göstərən ədəbi məclislərdən biri olan “Fövcül-füsəha”nı bir növ təkbaşına “bərpa edən” bölgədə qəzəl janrına yenidən can verən sənətkar, filoloq-müəllimdir.

2) Şərafətin qəzəlləri estetik-bədii cəhətdən oxucunun zövqünü oxşadığı üçün pedaqoji prosseslə bağlı çox dəyərli bədii yayardıcılıq nümunələri hesab olunur.

3) Şərafətin qəzəllərində yetişən nəslin əxlaqa, ətraf mühitə, milli-mənəvi dəyərlərimizə, tariximizə hörmət tərbiyəsi güclü olduğu üçün onlardan təlim-tərbiyə prossesində istifadəsi də məqsədə uyğundur.

Düşünürəm ki, hər bir insanın şərəf və ləyaqəti onun soy kökündən, nəslindən, mənsub olduğu millətdən gəlir”.

Hikmətli deyimlərimdən birini burada qeyd etsəm, hörmətli Fərahim müəllimə daha çox şamil olunar: “Hər bir insanın şərəf və ləyaqəti onun danışığı, davranışı və əməllərində təcəssüm olunur.”

Fərahim Sadıqov şərəf və ləyaqəti, natiqliyi, davranışı, əməlləri, elmi, biliyi, istedadı, əməksevərliyi, işgüzarlığı bütün qanı ilə, canı ilə insanlara məhəbbəti ilə, sevgisi ilə, ülviyyəti ilə, doğma yurda, torpağa, Vətənə bağılılığı ilə şərtlənir.

“İnsanlar bal arısı kimi işgüzar və zəhmətsevər olsaydı yer üzü gülüstana çevrilərdi.” (Şərafət Sadiqoğlu)

Fərahim müəllimin dostluğa sədaqəti, insanlara olan məhəbbəti islamı və ümumbəşəri dəyərlərlə aşılanmış ruhunu, əsl simasını şərtləndirən daha bir nümunə gətirmək istəyirəm. Yazmasam, nankorluq olar. Övladlarımdan birinin oxuduğu ali təhsil ocaqlarından biri ləğv edilmişdi. Dövlət strukturlarının qərarı ilə tələbələr müxtəlif ali təhsil müəssisələrinə yerləşməli idi. Çox narahatlıq keçirirdim. Odla su arasında qalmışdım. Bu ərəfədə Fərahim müəllim mənə zəng vurdu. Hal-əhval etdi. Uşaqları soruşdu. Minnətdarlıq edib vəziyyəti olduğu kimi söylədim.”Darıxma” dedi, “çalışıb kömək edərəm”. Sonralar ondan öyrəndim ki, işlədiyi və vaxtilə rəhbərlik etdiyi Universitetə uşağımın bərpa edilməsindən ötrü Respublika Təhsil Nazirinin yanına gedərək rəsmi sənəd almışdı. Bax, bu müqəddəs hərəkəti yalnız Fərahim müəllim edə bilərdi, başqası yox.

Bəli, dostluq da sınaqdır. Bu şeirimi hələ 1995-ci ildə Fərahim Balakişi oğluna ithaf etmişdim.

Gənclik illərimin qanadlarında,

Bülbül tək gəzərdik gül budağında.

Hərəmiz nazənin yar sorağında,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Qarmon dilə gəlir, “Segah” səslənir,

Canımda sevdalı ürək bəslənir,

Sirli baxışlarda ümman gizlənir,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Məktəb illərini biz vurduq başa,

Arzu könüllərdə verdi baş-başa,

Ali məktəbə də biz girdik qoşa,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Oxuduq, öyrəndik ədəbiyyatı,

Həm nəsri, həm nəzmi, qəzəlliyatı,

İnsanlıq elmini, mənəviyyatı,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Bu torpağın alim oğlu, yüz yaşa,

Ürəyin arzulu, dəyməsin daşa,

Suriyyə xanımla qarıyın qoşa,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Dostum, nə müddətdir düşmüsən uzaq,

Bu dünya əbədi, hamımız qonaq,

Şərafət, dostluq da sınaqdı, sınaq,

Ömür müvəqqəti, həyat daimi,

Mənim Masallımın var Fərahimi.

Son olaraq dostum, qardaşım, fəxrim, sirdaşım professor Fərahim Sadıqov-Xələfliyə uzun ömür, möhkəm cansağlığı, elmi, ədəbi uğurlar diləməklə yanaşı, tanınmış alim, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin istedadlı teatr rejissoru, yazıçı-dramaturq, jurnalist, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun, Fərahim Sadıqovun həyatına, elmi və yaradıcılıq fəaliyyətinə həsr olunan “Bir alim ömrünün salnaməsi” kitabında çap edilmiş “Milli pedaqogika elminin layiqli təmsilçisi” adlı yazısından sitat gətirməklə professor Fərahim Sadıqova belə demək istəyirəm: “Qardaşım, gün o gün olsun ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə sənə müxbir üzv, sonra isə akademik adını versinlər”.

Hörmətli akademikimiz İsa Həbibbəyli adı çəkilən yazının sonunda vurğulayır. “O, Azərbaycan elmi üçün gördüyü xidmətlərə görə ən böyük mükafatlara layiqdir. İnanaırıq ki, Fərahim müəllim zəhmətinin bəhrəsini layiqincə alacaq.” Sağ olsun akademik İsa Həbibbəyli. Necə də səmimi və ədalətlə deyib. Böyük ürək sahibi olduğu yazdıqlarından görünür İsa Həbibbəylinin.

70 yaşın mübarək! Sənə uzun ömür, cansağlığı, pedaqoji fəaliyyətində və yaradıcılığında uğurlar diləyirəm, əziz dostum, qardaşım, tələbə yoldaşım, pedaqoji elmlər doktoru, çoxlu mötəbər mükafatların sahibi, pedaqogikaya həsr olunan çoxli sanballı kitabların, bir-birindən maraqlı şeirlərin, pyeslərin müəllifi, çoxlu mahnıların bəstəkarı, 70 kitabı ərsəyə gətirən zəhmətkeş insan və ən nəhayət əsl müəllim Fərahim Balakişi oğlu Sadıqov!

Şərafət SADİQOĞLU

Şair-publisist

“Qızıl qələm” mediya mükafatı laureatı.

18 fevral - 6 mart 2017-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə