Bizi deyib gəlmişdilər, biz də sizi deyib gəlmişik “Yeni həyat” qəzeti - 85

Qəzet, mətbuat, internet, kitab... Bunlar həyatımızın bir parçası deməkdir. Onlarsız müasir insan həyatını təsəvvür etmək olmaz. Ayrı-ayrı dövrlərdə, elə bəzən eyni zaman və məkan kəsiyində də bunlara müxtəlif formada yanaşmalar olub.

Ulu öndərimiz Heydər Əliyev ölkədə hakimiyyətdə olduğu dövrlərdə mətbuatın nəfəsi açılıb. Belə ki, onun başının üstündən Domokl Qılıncı – senzura götürülüb. Məhz bundan sonra azad söz üçün ictimai atmosfer, lazım olan mühit də yaradılıb. Bu gün də ölkə rəhbəri İlham Əliyevin mətbuat, jurnalistlərin iş və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi qərar və sərəncamlar, ev problemlərinin həll olunması da günümüzün əsl reallığıdır desək yanılmarıq.

Masallıda da qəzetə, ziyalılığa rayon rəhbərinin diqqəti və qayğısı hər an aydın hiss olunur. Belə ki, rayonda böyük abadlıq və quruculuq sferası paralelliyində mənəvi dəyərlərimizin təbliği, xalq folklorunun öyrənilməsi, mədəniyyət, incəsənət, idman tədbirlərinin ənənəvi keçirilməsi, xalqın zəngin tarixinin yüksək səviyyədə araşdırılmasına önəm verən Masallı rayon İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı və jurnalistika sahəsində böyük təcrübəsi olan Rafil Hüseynov “Yeni həyat” qəzetinin nömrələrinin araya-ərsəyə gəlməsində özünün maraqlı tövsiyələrini əsirgəmir, mətbuat oraqanının materialla zənginləşməsinə lazım olan kimi köməklik göstərir. Bu, əlbəttə, alqışa layiqdir. Bu da rayonda dövlət və mətbuat əlaqələrinin möhkəmliyi timsalında cənab başçının “Yeni həyat”ın 85 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında özünün lazım olan səviyyədə əksini tapıb. Belə ki, 2017-ci ilin əvvəlindən rayonun ayrı-ayrı yerlərində, təşkilatlarında bununla bağlı tədbirlərin keçirilməsinə dəstək olması bunun bariz nümunəsidir.

Masallıda qəzetə, mətbuata maraq “Yeni həyat”la yaşıddır desək yanılmarıq. Bəs onda öyrənək görək rayonda bu maraq nə dərəcədədir və bu sevgi nədən qaynaqlanır? Hə, burada deməyə, danışmağa necə deyərlər bir qəzetlik və hətta bir kitablıq sözümüz, söhbətimiz var.

Çünki bu dünyada nadir hadisədir ki, qəzetin ilk nömrəsinin kətan üzərində çap edildiyi gün- yəni 1932-ci ilin mart ayının 31-də rayonun və bölgənin əhali sayına görə ən böyük kəndi Ərkivanda (indi qəsəbədir) doğulan uşağın adını Yenihəyat qoyublar. İndi Yenihəyat müəllimin də artıq 85 yaşı var. O, Masallı rayonunun tanınmış, ustad pedaqoqlarındandır. Rayonda da ona bir ziyalı kimi böyük hörmət var.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat”a, onun tarixinə qapını Yenihəyatla açmağımız o deməkdir ki, ulu yazarlarımız “Sizi deyib gəlmişik” müraciəti ilə xalqa üz tutub sözü söz sahibinə çatdıra-çatdıra millətin gözünü açdılar. Yaza-yaza yatanları qəflət yuxusundan oyatdılar ki, “Əcnəbi göydə balonlarla uçur, biz hələ avtomobil minməyiriz” fikrini yavaş-yavaş insanların beynindən çıxarsınlar. Və millətin savadlanmasında, maariflənməsində böyük rol oynasınlar. Bəli, əsr yarıma yaxın bir dövrdə mətbuatımız qaranlıqdan işığa, savadsızlıqdan elmə, durğunluqdan inkişafa, tərəqqiyə doğru nəhəng bir yol keçib. “Yeni həyat” da sələfi “Əkinçi”nin, “Molla Nəsrəddin”in və başqa mətbu orqanlarının fikir və ideya şəriki olub bu 85 ildə. “Yeni həyat”ın yaradıcıları çalışıblar ki, onlara olan bütün ümidləri, inamları doğrultsunlar və həqiqətən də rayonun güzgüsü olsunlar. Ona görə də bu qəzet bütün məqamlarda və bu 85 ildə rayonun döyünən nəbzi olub desək səhv etmərik. 1932-ci ilin 31 martında “Yeni həyat” arzusu ilə həyata atılan qəzet, bütün dövrlərdə fikir və düşüncəsini, fəaliyyətini, cəmiyyətin inkişafına həsr edib. Cəhalətə, avamlığa, geriliyə, yolumuzdakı əngəllərə qarşı barışmaz mövqedə durub və bu yolda böyük mübarizə aparıb. Çox vaxt da qələbə çalıb və senzuranın qılıncının kəsdiyi Sovet vaxtlarında da öz sözünü layiqincə deyib. Həmin vaxtı bu qəzetdə çalışan insanlar tam təmənnasız və heç kimdən qorxmadan öz sözlərini deyən mətbuat işçiləri olublar. Mən, axırıncı 50 ildə o insanlarla təmasda olmuşam və hətta bir vaxtlar onlarla birlikdə bu qəzetdə əməkdaşlıq da etmişəm. Həmin günləri həyatımın ən əziz günləri hesab edirəm...

Bu gün “Yeni həyat” rayonun sosial-iqtisadi inkişafını, gerçəkliklərini tam dolğunluğu ilə özündə əks etdirir. “Yeni həyat”, “Çağırış”, “Yeni qəzet” adları ilə çap olunan mətbu orqanının Masallının ictimai həyatına bütün dövrlərdə nüfuzu çox yüksək səviyyədə olub. Yadımdadır ki,1960-ci llərdən başlayaraq, qəzet “Çağırış” adı ilə çıxdığı vaxtlarda Masallıda ən çox oxunan mətbuat növü idi. Həmin vaxtı bu qəzetə rəhbərlik edən rəhmətlik Vaqif Hüseynov və onun komandası əllərindən gələni edirdilər ki, bu mətbuat növü təkcə Masallıda yox, qonşu rayonlarda və respublikada ən oxunaqlı qəzet olsun. Mən də bu qəzeti mütəmadi oxuduğuma görə və jurnalist sənətinə marağım olduğu üçün 1966-cı ildə Vaqif Heseynova və onun müavini İbrahim İbrahimova müraciət etdim. Onlar 16 yaşlı bir məktəblini elə qarşıladılar və mənim yazılarımı oxuyub, elə maraqlı məsləhətlər verdilər ki, elə həmin vaxtdan məni jurnalsitikaya gətirdilər. Mənə yardımçı oldular. Tez-tez yazılarım bu qəzetin səhifələrində çap olundu. Məni qəzetin ştatdankənar müxbiri etdilər. Onlar ən yaxşı yazılarımı respublika mətbuatına göndərdilər. Məni bu sənətə daha da həvəsləndirdilər. Həmin vaxtı heç ağlıma da gəlməzdi ki, bir zaman gələcək və qəzetin 85 illik yubileyi ilə bağlı yazını da məhz mən yazacam və bu qəzetin işini respublika mətbuatında işıqlandıracam. Saytlar vasitəsi ilə dünya xalqlarına çatdlracam.

Həmin vaxtı rayonun demək olar ki, bütün üzdə olan ziyalıları bu qəzetlə əməkdaşlıq edirdi. Və onların da yazıları bu qəzetdə çap olunurdu. Elə həmin illərdə mənim kimi çoxlu cavanlar və yeniyetmələr də bu qəzetlə əməkdaşlıq edirdi. “Çağırış” qəzeti onların da həyatında böyük rol oynadı. Bu gün onlardan demək olar ki, çoxu artıq respublikada tanınan alimlər, jurnalistlər, müəllimlər, həkimlər, incəsənət işçiləri və başqa peşə sahibləridir. Onlar “Çağırış”ın “şinelindən” çıxmaqla bu gün də respublika mətbuatında özlərinin maraqlı yazıları və bədii əsərləri ilə mütəmadi çıxışlar edirlər.

Qəzet bu gün rayonda gedən böyük abadlıq işlərinə həqiqətən də güzgü əksi tutur. Belə ki, keçən il sevimli prezidentimiz İlham Əliyevin xeyir-duası ilə Masallıda istifadəyə verilən “ASAN” xidmət, Bayraq Meydanı, Dövlət Bayraq rəmzləri və Tarix-Diyarşünaslıq Muzeyləri, uşaq-incəsənət məktəbi və onlarca tikililər az vaxtda qəzetin əsas mövzularından olub.

“Yeni həyat” qəzeti müxtəlif illərdə SSRİ Jurnalistlər İttifaqının “Qızıl qələm”, Ostrovski adına “Ümumittifaq mükafatı”, Respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülüb. Eləcə də başqa mükafatlar alıb. Ən böyük mükafatı isə bu qəzetə maraqlı yazılarına görə oxucular verib. Demək olar həmişə respublikanın ən aparıcı mətbuat orqanlarından biri kimi qəbul olunub “Yeni həyat”.

Yadıma salıram bu qəzetin keçmiş baş redaktorlarını və hansılar ki, Masallının ən üzdə olan ziyalıları idilər və hamının onlara böyük hörməti vardı. Onlardan- Nemət Nemətov, İnqilab Əliyev, Vaqif Hüseynov, İbrahim İbrahimov, Rahid Ulusel, İnşallah Məmmədov və Əyyub Mehdiyev qəzetin ən çox redaktoru işləyən jurnalistləri olublar. Həm də onlar qəzetdə ən kəskin yazılarla şıxış edirdilər. Çox vaxt rayon rəhbərləri onlarla hesablaşmağa məcbur olublar.

Çox sevindirici haldır ki, bugünkü iqtisadi krizis vaxtında “Yeni həyat” qəzeti 1500 tirajla hər həftə səkkiz səhifə olmaqla çap olunur. Birinci yarımillikdə qəzet oxucularla artıq 42-ci, mövcudluğundan, yəni yarandığı gündən bəri 6660-cı görüşünü keçirib. Deməli, qəzet öz işini bundan sonra da layiqincə davam etdirəcək. Rayon camaatını öz ardınca yüksək səviyyədə apara biləcək.

Çox sevindirici haldır ki, bu gün də “Yeni həyat” qəzetində çox sağlam və yüksək dərəcəli ziyalılar olan maraqlı bir kollektiv işləyir. Bu qəzetin baş redaktoru Əlihüseyn Şükürovdur. Onun yazılar təkcə “Yeni həyat” qəzetində yox, respublikanın ən aparıcı qəzetlərindən olan “Azad Azərbaycan” , “Səs” və başqa qəzetlərdə və çoxlu saytlarda çap olunur. Redaksiya heyəti: baş redaktor müavini Rəsul Rzayev, məsul katib Həsənağa Əliyev, baş ədəbi işçi Akif Ağayev, kompüter mərkəzinin rəhbəri Südabə Məmmədova və fotomüxbir Vəkil Ağayevdən ibarət olan kollektiv öz sələflərinin yolunu uğurla davam etdirirlər. Bu gün də “Yeni həyat” qəzetinin kollektivi müdrik və aqil yaşın görüntülərini, fikirlərini, yazılarını qəzetin səhifələrinə gətirməklə onu daha da oxunaqlı edirlər. Onlar sözün və qələmin təəssübünü bacardıqları kimi qoruyurlar. Bu yolda qələm dostlarımıza uğurlar arzulayır, səksən beş yaşlı qəzetin yazarlarını təbrik edirik.

P. S. Artıq Masallıda, başda Rafil Hüseynov olmaqlar “Yeni həyat” qəzetinin 85 illik yubileyi rayon səviyyəsinə yüksək səviyyədə qeyd olunub. Bu böyük bayram şənliyinə təkcə rayonun üzdə olan ziyalıları, mətbuat işçiləri, qocaman jurnalistləri yox, həm də qonşu rayonlardan və Bakıdan çoxlu yazarlar gəlmişdilər. Onlar qəzetlə bağlı öz ürək sözlərini dedilər. Keçmiş xatirələrini danışdılar. Həmin gün artıq Masallının tarixinə doğrudan da ən sevimli günlərdən biri kimi daxil oldu.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

loading...