Fərahim Sadıqov-70

(Esse)

Müəllim kimdir? Bu suala cavab verən insanların cavabları qruplaşdırılarkən tarixlər boyu bir neçə məntiqi cavablara daha çox üstünlük veriblər. Mən də həmin cavabları məqsədyönlü hesab edərək, xırdalamaq istəyirəm.

Müəllim - hamıya hər şeyi öyrədən adam. Bizə qələm tutmağı öyrədən insan. Bizi elmlərin əsaslarına yiyələndirən şəxsiyyət. Müqəddəslik mücəssəməsi. Və nəhayət insanları kamal dünyasına aparan fəzilət, ağıl sahibi. Müəllimin kimliyini səciyyələndirən bu cavablarla yəqin hamı razılaşar. Niyə də razılaşmasınlar. Axı dahilərin ümumiləşdirilmiş belə bir maraqlı fikri var: «Bizi göydən yerə endirən, işıqlı dünyaya gətirən Allahdırsa, bizi yerdən göyə qaldıran, kainatın, gerçəkliyin sirlərinə yiyələndirən müəllimdir». Yəni əsl müəllim. Belə bir müəllimdən söhbət açmaq istəyirəm əziz oxucum. Adının önündə pedaqoji elmlər doktoru, professor, beynəlxalq akademiyanın həqiqi üzvü, rektor, laureat və bu kimi adlar, titullar yazılsa da amma hamı ona «Müəllim!» deyir. Ömrünün yetmişinci baharını yaşayan Fərahim Balakişi oğlu Sadıqovu qırx beş ildən çoxdur ki, beləcə çağırırlar: «Müəllim».

Ona müəllim yoldaşları, tələbələri, dostları, tanışları hamısı belə müraciət eləyir. «Müəllim». Özü də hamı «Müəllim» sözünü elə böyük ehtiramla, hörmətlə deyirlər ki, bu sözün bütün məna çalarlarında ululuğunu, böyüklüyünü, dahiliyini, ülviliyini tam aydın hiss eləmək, başa düşmək olur. Onun özü ilə on dəqiqə söhbət eləyən hər kəs, istəsə də, istəməsə də «Müəllim»in böyük fəlsəfi ibarələri, məntiqi yanaşmaları, hər sözü aydın ifadə tərzi, səsindəki lirik ton, ləngərlik, sifətindəki nur, gözlərindəki aydın ifadə sözün həqiqi mənasında əsir eləyir, öz təsiri altına salır həmsöhbətini. Saatlarla bu şəxsə qulaq asmaq istəyir adam. Və onun ağıllı, müdrik ağsaqqal məsləhətlərinə, milli və dünya folklorundan, dahi şairlərdən, alimlərdən, filosoflardan gətirdiyi məsəllərə, aforizmlərə qulaq asdıqca insanın daxilində bir paklıq, təmizlik yaranır. Ondan ayrılanda isə hər bir adam özündə böyük güc, qüvvə tapır, daxili təmizlənir, paklaşır, çox şeyi öyrənir, çox şeyləri başa düşür, yaşamağa, mübarizə eləməyə marağı artır. Deməli, ona böyük hörmətlə, ehtiramla «Müəllim» deməkdə heç kim yanılmır. Heç kim səhv eləmir. Hərçənd ona «Professor», «Pedaqoji elmlər doktoru», «Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü», neçə-neçə dövlət mükafatlarının sahibi də deyə bilərlər. O, bu fəxri adları, mükafatları yuxusuz gecələrinin, ağır, halal zəhmətinin, ancaq özünün və yalnız özünün bacarığı, biliyi, zəkası hesabına qazanıb. Lakin «Müəllim» deyəndə görürsən ki, bu ad onun daha ürəyincə olur. Elə bil ürəyinə yağ kimi yayılır və döşünə yatır. Hətta özü və yaxınları and içəndə müqəddəslik rəmzi olaraq belə and içirlər:

- Müəllim canı!

Axı müəllim adına böyük hörmət, ehtiram gətirən, bu ada maraq artıran kimdir? Kimdir o şəxsiyyət ki, bu adın ululuğunu, bu adın böyüklüyünü özünün mübarizliyi, pak əməlləri, saflığı ilə qoruyan, onu ucaldan?

Gəlin həmin şəxslə daha yaxından tanış olaq, əziz oxucu...

Bu şəxs pedaqoji elmlər doktoru, professor, Yusif Məmmədəliyev, Mikayıl Müşfiq, Mehdi Mehdizadə adına Respublika mukafatları laureatı, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Balakişi oğlu Sadıqovdur.

Onu mən çoxdan tanıyıram. Lap çoxdan. O, həmin vaxtlar idi ki, Masallıda mədəniyyət, təhsil, idman intibah dövrünü yaşayırdı. On altı yaşlı Fərahim artıq bir neçə il idi ki, həm mədəniyyət evində olan xalq çalğı alətləri ansamblının fəal üzvü idi, həm təşkilati, yaradıcı işlərdə mədəniyyət evinin bədii rəhbəri Şakir Həsənova yaxından köməklik edirdi, həm idmanın güləş növü ilə məşğul olurdu, həm yerli «Çağırış» qəzetində özünün maraqlı yazıları ilə çıxış eləyirdi, həm də rayonda keçirilən tədbirlərdə aparıcı olurdu. Aramızda üç yaş fərq olmasına baxmayaraq, biz, ona artıq müəllim, ağsaqqal kimi hörmət eləyirdik. O, özünün oturuşu-duşuşu, ağlı, fərasəti, bacarığı sayəsində qazanmışdı bizdən «Müəllim», «Ağsaqqal» adını. Deməli, bu adlar artıq Fərahim Sadıqovla birlikdə əlli ildən çoxdur ki, yol gəlir. Özünün yeniyetməlik yaşından o, bu yolla addımlayır. Və keçən illər axarında cilalanıb bu adlar. Ululuq, böyüklük, dahilik zirvəsinə qədər yüksəlib. «Ustadlıq», «Dədəlik» kimi müqəddəs sözlər qədər uca olub.

Dadva kənd ibtidai məktəbində də, Masallı şəhər səkkizillik məktəbində də, Nəriman Nərimanov adına 2 nömrəli şəhər orta məktəbində də şəkli heç vaxt şərəf lövhəsindən düşməyən bu, bənzəri olmayan, hər işində, hərəkətində heç kimi təkrarlamayan istedad sahibinin ağıllı canfəşanlığı elmin intəhasız zirvəsinə can atmasından xəbər verirdi. Bu yolda idman, musiqi, bədii yaradıcılıq eşqi ona həmdəm idi. Hələ 1984 -cü ildə görkəmli alim-publisist Şamxəlil Məmmədovun «Azərbaycan müəllimi» qəzetində Fərahim müəllimə həsr etdiyi «Qoşa qanad» adlı oçerkində də iki amil-elm və musiqi sevgisi onun həyatının əsas leytmotivi kimi səciyyələndirilirdi. Fərahim Sadıqvun elmin çətin yollarındakı uğurlarının qazanılmasında onun parlaq istedadının təkanverici qüvvəsini onun yüksək bədii zövqə malik olmasında görürdü Şamxəlil müəllim. Əslində görkəmli mütəfəkkirlərimizin bədii zövqü ön plana çəkmələri təsadüfi deyil. Orası da təsadüfi deyil ki, həmin mütəfəkkirlər ayrı-ayrı elm sahələrinə dair əsərlər yaradanda öz istedadlarının bünövrəsini yüksək bədii zövqə malik olmağın zəruriliyi ilə şərtləndiriblər. Yəni istər dəqiq elmlərə, istər təbiət elmlərinə, istərsə də humanirat elmlərə dair əsərlər yaratmağın təkanverici qüvvəsini bədii zövqdə görüblər həmin mütəfəkkirlər. Bunu sübut etmək üçün isə həmin mütəfəkkirlər özləri məhz bədii yaradıcılıq nümunələrini ortaya qoyublar. Aristotel, Demokrit, Fərabi, Əbu-Əli İbni Sina, Bəhmənyar, Nəsirəddin Tusi, Səfiyyəddin Urməvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Saib Təbrizi və sair bu kimi düha sahibləri musiqini ilkin bədii zövq mənbəyi kimi vəsf ediblər. Görkəmli filosof Əl-Fərabi «Fi-Əl-Musiqi» əsərində musiqinin elmi-nəzəri tərəflərini ilkin olaraq şərh etmişdirsə, böyük mütəfəkkir Səfiyyəddin Urməvi dünyada ilk dəfə «Musiqi əlifbası»nı icad etmişdi. Poeziyanın Allahı hesab olunan Nizami Gəncəvi «Xəmsə»də yüzdən artıq müsiqi alətlərimizin estetik dəyərini, muğamlarımızın bədii zövq və fəlsəfi imkanlarını poetik şəkildə şərh eləyir. Məhəmməd Füzuli isə «Həft cam» (“Yeddi cam”) da musiqi alətlərimizin yaranma tarixindən bizə maraqlı fikirlər xəbər verir və bizi o maraqlı, sirli dünyaya aparır.

Fərahim müəllim də istər ümumi pedaqogikaya, istər ümumi pedaqogika tarixinə, istər didaktikaya, istər tərbiyətşünaslığa, istər xalq pedaqogikasına, istər müqayisəli pedaqogikaya dair əsərlər, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri yazanda musiqi dünyamızın, estetik zövqümüzün milli dəyərlərimizin mayası olduğunu özünəməxsus şəkildə şərh edir və onları yüksək səviyyədə açıqlayır. Əlbəttə, bütün bunları deməklə mən Fərahim Sadıqovu dahi mütəfəkkirlərimizlə müqayisə etmək istəmirəm. Amma əsas istədiyim onun mənalı ömrünün, bir insan olaraq dəyərli düşüncəsinin polifoniyasını-çalarlarını açmaqdır. Fikrimi bir neçə tərəfdən izah etsəm deməliyik ki, «Esseistika» bir elm sahəsi olaraq həm də bir şəxsiyyətin həyatını, düşüncə vahidlərini məntiqi əsaslara söykənən faktlarla, müqayisəli məqamlarla, müqayisə önəmliyi ilə qələmə almağı, bu insanın sözlə portretini çəkməyi, obrazlı ifadələri yerində işlətməyi tələb edir. Əlbəttə, bu şərtlə ki, müqayisə amilləri heyranedici, inandırıcı olsun.

Ona görə də bu müqayisələri Fərahim Sadıqovun yaradıcılığında axtarmaq daha maraqlı olardı. Niyə? Birincisi, ona görə ki, məhz Fərahim müəllim məmləkətimizdə ilk dəfə olaraq «Müqayisəli pedaqogika»nın əsasını qoyub. İkincisi, müqayisə nəzəriyyəsinin banisi professor Nurəddin Kazımovun yaratdığı «Müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi» adlı seçmə kursdan uzun illərdir ki, tələbələr qarşısnda mühazirələr oxuyur. Üçüncüsü, elmi ezamiyyətdə olduğu Amerika, Avropa, Asiya qitələrinin ən aparıcı ölkələrindən tutmuş kiçik məmləkətlərdə belə müqayisə etdiklərini müqayisəli şəkildə şərh edərək elmi əsaslarla ümumiləşdirən alimlərdən biridi Fərahim Balakişi oğlu.

Onun yazılarındakı müqayisələr təkcə Azərbaycan təhsilini Amerika, Almaniya, Fransa, İtaliya, İspaniya, Norveç, Yaponiya, Çin, Finlandiya, Misir, Tailand, Malaziya, Sinqapur, Ərəb əmirlikləri, Orta Asiya ölkələri, Ukrayna, Rusiya təhsili ilə müqayisə ilə məhdudlaşmır. O, elmi, ədəbi-bədii, tarixi faktların, ədiblərin, klassiklərin, mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin həyatı, yaradıcılıqları və fəaliyyətləri ilə bağlı hadisə və faktların da müqayisəli təhlilinə əsərlərində geniş yer verir və bunları məntiqi şəkildə sübut edir. Əlbəttə ki, belə müqayisələr oxucunun elmi dünyagörüşünü zənginləşdirir və onda elmə maraq artırır.

Fərahim müəllimin yazılarının birində Nizami Gəncəvi ilə Məhəmməd Füzulinin yaradıcılığındakı oxşarlıqlar tutuşdurur. Bu zaman yeddi rəqəminin islam dəyərlərində müqəddəs rəqəm olması elmi şəkildə əsaslandırılır. Onun müqayisəli şərhinə görə Nizami «Yeddi gözəl», Füzuli isə «Həft cam» (“Yeddi cam”) deməklə bu rəqəmin müqəddəsliyinə işarə etdiblər. Məhəmməd Peyğəmbər həftənin yeddinci günü göyün yeddi qatına (Peyğəmbərin ərş səfəri) qalxmış, yeddi rəngi (göy qatının yeddi qurşağı), yeddi səyyarəni seyr etmiş, göyün yeddi qatının hər birində bərqərar olan yeddi peyğəmbərlə görüşmüşdü. Həftənin yeddi gündən ibarət olması, muğamların və notun yeddi, rənglərin də yeddi olması alimin müqayisəli şərhində bu əsasda və məntiqi şəkildə izah olunur.

Fərahim Balakişi oğlunun yazılarında bütün fənnlərin tədrisi üçün zəngin biliklərə rast gəlmək olur. Məsələn, tarix müəllimləri üçün topladığı müqayisəli faktlardan birinin, oxucular üçün də maraqla qarşılanacağını nəzərə alıb təqdim edirəm.

Artıq dünya alimləri tərəfindən təsdiq olunmuş tarixin intibah dövrü Şərq mədəniyətində sivilizasiyanın meydana gəlməsi ilə bağlıdır. Bu dövrdə Çin və Osmanlı imperiyalarının sivill mədəniyyəti qərbi ayağa qaldırdı. Həmin XV əsr bu hadisələrlə özünün qızıl səhifəsini yaradırsa, bu əsrdə Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin, Kəmaləddin Behradın, Rəfailin, Kolumbun, Vasko de Qamanın, Leonardo Do Vinçinin, Mikelanjelonun dünyaya gəlişi ilə yadda qalır.

Yaxud onun başqa bir tarixi müqayisəli faktına diqqət edək: Napaleon 1760-da, Hitler isə 1889-da anadan olublar. Fərq 129 il; Napoleon 1804-də, Hitler isə 1933-də hakimiyyətə gəliblər. Fərq 129 il; Napoleon Vyanaya 1809-cu ildə, Hitler isə 1938-ci ildə daxil olublar. Fərq 129 il; Napoleon Rusiyaya 1812-ci ildə, Hitler isə 1941-ci ildə hücum ediblər. Fərq 129 il; Napoleon müharibəni 1816-cı ildə, Hitler isə 1945-ci ildə uduzublar. Fərq 129 il. Hər ikisi hakimiyyətə 44 yaşında gəliblər. Hər ikisi də Rusiyaya 52 yaşında hücum ediblər. Hər ikisi də müharibəni 56 yaşında uduzublar. Maraqlıdır, deyilmi?

Elə burada yerinə düşür ki, öz essemın ənənəsinə uyğun olan başqa bir müqayisəni edim. Özü də, Fərahim müəllimin həyatı, fəaliyyəti, nailiyyətləri, elmi yaradıcılığında əksini tapan, müşki-ənbər saçan özəllikləri, şərəfli ömür yolunun mənəvi gözəllikləri, elmi ictimaiyyətin bəyənib təqdir etdiyi, əsl pedaqoq alim kimi dəyərləndirdikləri keyfiyyətlərini təqdim edim. Əvvəlcə, «adamsız», «dayısız» heç kimin edə bilmədiyni edən, başqalarının bacara bilmədiklərini bacaran Fərahim Sadıqovdan danışım. Öz sənəti üzrə Cənub bölgəsi üçün qızıl səhifələr yazıb Fərahim Balakişioğlu. Cənub bölgəsinin ilk pedaqoji elmlər doktorudur Fərahim müəllim. Ona qədər Salyandan Lerik dağlarına qədər hələ heç kəs bu elmi adı, elmi dərəcəni qazana bilməmişdi. Onun həyatda elə nailiyyətləri var ki, təkcə Cənub bölgəsi üçün yox, məmləkətimiz və bütün Şərq aləmi üçün örnək hesab olunur. Zərb alətlərinin ilk not sistemi, qarmon məktəbi, xüsusi məktəblər üçün «Ana dili» dərsliyi... Yəqin ki, bu sahələr üzrə müqayisə tərəfi tapmaq çətindir. Deyilmi!!!

Bu məqamda gəlin daha ürəyəyatımlı bir müqayisəyə diqqət edək. Bunun üçün Fərahim Sadıqovun 60 illik yubileyi münasibəti ilə yazdığım, hazırladığım «Bir alim ömrünün səlnaməsi» kitabıma müraciət etməli olacam.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru, indi isə Milli Elmlər Akademiyasının vitse prezidenti İsa Həbibbəyli ilə mərhum yazıçı-publisist Ağəddin Mansurzadənin dediklərini nəzərdən keçirsək, fikrimizcə ən layiqli müqayisələrin şahidi olarıq: «Milli pedaqogika elmimizin layiqli təmsilçisi olan pedaqogi elmlər doktoru, professor Fərahim Sadıqov geniş dünyagörüşə, çoxsahəli fəaliyyətə malik olan tanınmış alim, gözəl şəxsiyyətdi. Fərahim müəllimin çoxcəhətli xidmətləri arasında onun maarifçilik sahəsindəki çoxillik və səmərəli fəaliyyəti xüsusi ardıcıllıq təşkil edir. O, demək olar ki, maarifçi prosesin bütün mərhələlərini addım-addım keçib, sıravi müəllimlikdən rayon Təhsil şöbəsinin məsul işçisinə, rektorluğa qədər məsuliyyətli və şərəfli bir məsafə qət edib... Yaxından tanıyanlar yaxşı bilir ki, poeziya ilə ünsiyyət baxmından Fərahim müəllimlə müqayisə edilə biləcək bir şəxs tapmaq çətindi. Bu cəhətdən o, vaxtı ilə həmin sahədə xüsusi bir məktəb yaratmış görkəmli Azərbaycan ziyalısı, akademik Fərəməz Maqsudovun adı ilə bağlı ənənələrin bu gün nadir davamçılarından biridi». İsa Həbibbəyli.

Ağəddin Mansurzadə isə fikrini belə ifadə edir: «Son illər Fərahim müəllimlə xeyir-şər məclislərində, müxtəlif yubiley tədbirlərində, el şənliklərində tez-tez görüşürdük. Bu məclislərin əksəriyyətində Fərahim müəllimə söz verilir. Bunu səmimi qəlbdən etiraf edirəm: onun bütün çıxışları hüsn rəğbətlə, böyük maraqla qarşılanır, məclis iştirakçılarında xoş əhvali-ruhiyyə yaradır. Bu sözləri mənim yanımda da, kənarda da deyiblər: «Alim belə olar. Alim olan kəs belə olmadıdı, belə danışmalıdı. Ustadına bərəkallah!!!”

...Elmdən, ədəbiyyatdan, incəsənətdən, şəriətdən, daha nədən, kimdən söz düşəndə elə maraqlı əhvalatlar danışır ki, ona heyranlıqla qulaq asmaq istəyirsən... Belə hallarda mən sanki Fərahim Balakişi oğlunu yenidən kəşf edirəm, onu sanki, bir kitab kimi oxuyuram».

Beləcə on dörd il Azərbaycan televiziyasının birinci proqramında apardığı «Örnək» və «Kamillik» verilişlərində seyrçilər ona heyranlıqla qulaq asıb, onun kamil düşüncə tərzindən zövq alıb, bəhrələniblər.

Bütün ömrü boyu, işləyə-işləyə, mütaliyə eləyə-eləyə, öyrənərək öyrədib Fərahim Sadıqov. Həqiqətən həyatda özünüyaratma yolu keçib bu böyük insan. Öz içindən göyərəndir bu istedadlı şəxsiyyət. Dostum, eloğlum filoloq-filosof qardaşım Rahid Ulusel demişkən: «Yalnız özünü yaratmağa qadir insanlar yetgin cəmiyyəti yarada və onun subyekti ola bilər... İnsan öz içindən göyərməsə, ona hər cür komplekslərin geydirilməsi mümkündür. İnsan öz içindən göyərməlidir ki, Yer üzündə həyat qaynaqları daim yaşar, daşar, yaradıcı qüvvəsində olsun. İsa Peyğəmbər də deyərmiş: «İlahi səltənətin qapısı yalnız özündən doğulanların üzünə açılacaq».

Deməli, özünü yarada-yarada elmi xarüqələr yaradır bu insan

Məhəmməd Peyğəmbər (s.ə.) bir an kitaba, yazıya baxmağı, mütaliə etməyi 60 illik ibadətdən üstün hesab edir. İmam Əli isə «Elmin qapısı daim açıqdır, kim nə qədər istəsə götürə bilər» deyərək insanları elm öyrətməyə çağırmışdı. Yetmiş illik şərəfli ömrünün qırx ildən çozunu elmə həsr edən, 70 kitabın, 600-ə yaxın sanballı məqalənin müəllifi olan bu ürfan sahibi haqqın dərgahından görən nə qədər pay alıb. Elmin açıq qapısından içəri girərək oranın ömürlük sakini olan bu fəzilət sahibinin görən kimdənsə umacağı varmı?..

Bütün şərəfli ömrünü elm öyrətməyə, həyatını şam edib qaranlıqdan işığa can atan pərvanə kimi xalqı, milləti üçün özünü oda atan, universitet yaradıb qapılarını tayba-tay xalqın balalarının üzünə fəxarətlə açan, minlərlə insana özünün böyük səxavətindən pay verən, qaçqınların, köçgünlərin, Qarabağ müharibəsi faciəsinə məruz qalan ailələrin övladlarına təmənnasız köməklik göstərən, neçə-neçə ailələrin pənahı olan Fərahim Balakişi oğlu Sadıqov inanmıram ki, kimdənsə nəsə uma!

Axı o, əsl müəllimdir. Əsl müəllim!

P.S. Bu mənim Fərahim Sadıqova həsr etdiyi ikinci essemdir. Ulu Tanrıdan diləyim bu idi ki, bu görkəmli alimlə 70 illik yubileyində bir daha görüşüm. Şükür Böyük Yaradanın kəramətinə. Artıq bu il Fərahim Balakişi oğlunun sentyabr ayında 70 illik yubileyini qeyd edəcəyik.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Sumqayıt şəhəri

Sentyabr 2009-cu il. Bəzi əlavələr aprel 2017-ci ildə olub

Bütün xəbərlər Facebook səhifəmizdə