(Şair Vaqif Hüseynovu xatırlayarkən)

“...Elə həmin gün Nuriyev işsiz qalmasın deyə hələlik 10-15 günlüyə yerli redaksiyada şöbə müdirliyinə müvəqqəti işə götürüldü. “Hələ gözlə” kəlməsi onun səbr kasasını artıq doldurmuşdu. Ancaq məcburən istəmədən jurnalist təyin olunan Əşrəf müəllim bir müddətdən sonra qərara gəldi ki, birinci katibin qəbuluna gedib orada işləmək istəmədiyini bildirməklə məktəbə qayıdıb sevimli müəllimlik peşəsini davam etdirsin. Lakin “rəhbər yalan danışmaz”, deyibsə “iş” verəcəm, deməli, gözləmək lazımdır fikri onu bu addımından çəkindirirdi.

– Bir müddət də keçdi. Şənbə günü idi. Axşama yaxın mətbəədə işləyən Şaban kişi telefon zəngini eşidib məsul növbətçiyə üz tutdu:

-Ə, kişi oğlu, Allah işini avand eləsin. Deyəsən xeyirdir. İnşaallah rayonun şefi səni “ağ binaya” çağırıb. Öz aramızdır, sənin haqqında çox namərdlik etdilər. O boyda vəzifədən buraya xırda işə göndərdilər...

Əşrəf müəllim onsuz da son vaxtlar xəbərçilik, satqınlıq şəraitində gərgin və ümidsiz şəraitdə işləyən redaktordan icazə alıb raykomdan çağırıldığını çatdırdı.

Birazdan onu birinci katib qəbul edib niyə belə qaşqabaqlı olduğunun səbəbini soruşdu. Nuriyev artıq bezdiyini bildirib: “Məni neçə vaxtdır aldadırsınız. Gedib müəllim işləmək mənim üçün daha sərfəli və şərəflidir”, - deyə dilləndi.

Həşimov onun sözünə:

-Neçə müddətdir yazılarına, məqalələrinə fikir verirəm deyəsən, elə jurnalistlik boyuna biçilib. Elə orada sənə daha yüksək vəzifə verəcəyəm. Redaktor Hüseynov özünü yaxşı aparmır, barəsində cürbəcür şübhəli danışırlar, onu vəzifədən uzaqlaşdıracağam. – MK-nın yoxlama komissiyası ciddi nöqsanlar tapıb. Sənin də bununla bağlı köməyin lazımdır.

Birinci katib vaxtilə qəzet səhifəsinə çıxarılmış bir replika ilə bağlı redaktorun əleyhinə izahat yazmağı və komissiyaya verməyi təklif etdi.

Əlbət ki, Əşrəfin özünün imzası ilə qəzetdə gedən kiçik replika üçün kifayət qədər sənəd toplamış, əsaslandırılmış və səhifəyə çıxarılmışdı... Prokurorluq da sənədləri araşdırmışdı. Beləliklə, vicdanı yol verməyən Əşrəf müəllim həmin epizodla bağlı rayon rəhbərinin haqsız və qərəzli mövqeyini müdafiə etməyib komissiya üzvlərinə əlavə olaraq redaksiyanın mənafeyinə uyğun operativ izahat yazıb təhvil verdi.

...Nə yazıqlar olsun ki, istedadlı yazar, tanınmış ziyalı əyilməzliyindən namərdlərin əli ilə vurulub sıradan çıxarıldı. Haqsızlığa dözməyib dünyasını dəyişdi.”

Bu sətirlər mənim 2014-cü ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuş “Haqqın gücü” romanımdandır. Bədii əsər olsa da həmin kitabı oxuyanlar üçün

çətinlik çəkmədən bəlli və aşkar olur ki, kim hansı yuvanın quşu, bəd əməlli, xain və yaltaqdır. Bu sifətli nakəslər vəzifələrini qoruyub saxlamaq üçün o vaxtlar hansı çirkin əməllərə yuvarlanmışdılar.

Haşiyə: Vaxtilə onunla iki ilə yaxın müddətdə bir yerdə işləmiş bu xatirə yazısının müəllifi komissiyaya verdiyi rayon rəhbərinin hikkəsinin, iradəsinin əksinə yazdığı izahatdan sonra başqa saxta ittihamla şərlənib, saxta yolla məhkəmə məsuliyyətinə cəlb edildi. Lakin ittifaq səviyyəsində mübarizə aparıb bəraət qazandı. Sübut etdi ki, haqq nazilər, amma üzülməz. O vaxtlar özlərini padşah hiss edən rayon rəhbərləri bir çox hallarda harada mübariz, təmiz, bacarıqlı, saxtakarlığa getməyən, nahaqqa “hə” deməyən kadrlar vardısa onları müxtəlif çirkin vasitələrlə ləkələyib, cəza verib, işdən kənarlaşdırırdılar.

Vaqif Hüseynov barədə xatirələrimi və müsahibələrimi davam etdirim ki, onun bir qohum tərəfi Masallının Qızılağac kəndində məskunlaşıb. Bacısı Ağabacı müəllimə olub. Bacısı oğlu Ədalət Hüseynov işçim kimi rəhbər vəzifələrə şəxsən təşəbbüsüm və təklifim əsasında irəli çəkilib. Bacısı Rəhilə Lənkəran pedaqoji məktəbində mənimlə tələbə yoldaşım olub. Vaqifin həyat yoldaşı Elmira xanımla, atası Mirnuh müəllimlə bir məktəbdə çalışmışıq. Digər qohumları ilə təmasda olmuşam.

Redaksiyada (“Çağırış”) bir yerdə işləyərkən mənə rəğbətlə yanaşar, çətin və məsuliyyətli anlarda birgə məsləhətləşərdi də. Çünki mən oraya raykomun şöbə müdirliyindən gəlmişdim.

Böyük nüfuz, hörmət sahibi idi rəhmətlik. Sadə, işgüzar, bacarıqlı, istedadlı, zaraftcıl, həm də qərəzsiz və prinsipial rəhbər idi. Qəzetə hörmət və dəyər verənlər tez-tez redaksiyaya gələr, məktub, material, bədii yazı təqdim edərdilər. O vaxt qəzetə oxucu marağı geniş idi. Yaradıcı, ziyalı axını vardı.

Lirik, duyğusal, həyata geniş baxışları və təfəkkürü ilə fərqlənən Vaqif müəllim ürəyləri oxşaya bilirdi. Hamı ilə öz dilində danışmağı bacarırdı. Vaqif Hüseynovun ölümündən sonra Bakıda çıxan ədəbi-bədii qəzetlərin birində onun bir neçə şeiri çap olunmuşdu. Yazını indiyədək saxlamışam:

Coşqun bir çay kimidir

Bakının küçələri.

Nağıldır gündüzləri,

Şeirdir gecələri. (Bakının küçələri).

Başqa bir şeirində yaradıcılığının çox hissəsini təşkil edən məhəbbət və gözəllik tərənnümü təsvir edilən şairin “Həyatın özü kimi” ədəbi parçasında oxuyuruq:

Dərədə bir qız gördüm-

Ağappaq qar kimiydi,

Qalxırdı dağ başına

... O gedirdi bu günün

Sabaha sözü kimi,

Gedirdi saymazyana

Həyatın özü kimi.

Əfsus ki, Vaqif Hüseynovun redaktor, raykomun büro üzvü kimi nüfuzlu, sözü keçən vaxtında qəzetə işə götürdüyü, vəzifələrə tövsiyə etdiyi, irəli çəkdiyi, məişət şəraiti yaratdığı, neçə-neçə gənc yazarın əlindən tutub ədəbiyyat aləminə qovuşdurduğu şəxslərdən ona dönük çıxanlar, satqınlar, xəyanətkarlar da oldu. Belələrinə xitabən onun “Daş və insan” poeziya nümunəsində gileyinə rast olunur:

Daş dedi: yaxşı ki, adam yox, bir daşam,

İstiyə, soyuğa dözməzdi ürək.

Divara hörülsəm, hamıdan başam,

Yollara sərilsəm – hamıya gərək.

Düşündüm, görəsən daşa nə düşüb?

Yaxşı ki, daş deyil, insanam, insan!

Yoxsa pis adamın başına düşüb,

Olardıq birlikdə yer ilə yeksan.

Deyim ki, bir bir neçə il əvvəl mənə də müraciət olundu ki, Vaqif Hüseynov barədə xatirə sözü yazım. İzah etdilər ki, barəsində kitab buraxılacaq. Ertəsi gün hazırlayıb təqdim etdim. Təəssüf, sonradan bir səs çıxmadı. Ancaq bir neçə gün əvvəl qızı Xalidə xanım, kürəkənlərinin də dəvət olunanlar sırasında hörmətli qonaq kimi iştirak edən məclisdə uzun müddət Vaqif müəllimin redaktor olduğu “Çağırış” (“Yeni həyat”) qəzetinin 85 illik yubileyində mən onlarla görüşə bildim. Xatirələrimiz təzələndi, fikir mübadiləsi apardıq, Vaqif şəxsiyyətinin söz və şeir qalasını astaca seyr etdik, vərəqlədik.

Yəqin ki, məhz indi qismət oldu həmyerlim və dostum Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun tövsiyəsi ilə oturub şəxsi arxivimə nəzər salıb Vaqifin bir neçə şəklinə təkrar-təkrar baxdım. Şairin “Ömrün bir anı” şeirinə nəzər saldım.

Əlimdəki şəkildə ömrümün bir anı var.

Ömrün də sükutu var, ömrün də fəqanı var.

Şəkildə mən gülürəm, dişim qar kimi dümağ,

Bu pərişan çöhrəmdə gülüş bir solğun çiçək.

Həqiqətən də Vaqif müəllim görünüş cəhətdən çox vaxt ciddi, sakit və qəmgin, fikirli görünərdi. Hərdənbir özünəməxsus gülüş tərzi də vardı. Görünür, pərişan çöhrəsindəki gülüş əlaməti son zamanlarda maddi durumunda və hal-əhvalından xəbər verməklə solğun çiçəyi xatırladırmış. Ancaq Vaqif şəxsiyyətini lazımınca dəyərləndiməyi, onun yaradıcılığına, xidmətlərinə, keşməkeşli həyat yoluna rəğbətlə yanaşmağı bacaran qadir insanlar, dostları və qələm yoldaşları onu daim canlı, gümrah, məftun, sirli söz xəzinə ustası, tərəvətli, qarabuğdayı, xoşagələn, müsbət auralı, gülərüz, açıq-saçıq dost, sirdaş kimi xatırlayacaqlar. Həm də onun Masallıda çap olunan “Yeni həyat” ( keçmiş “Çağırış”) qəzetinin bir vaxtlar intibah dövrünü yaşamasında, çoxlu yaradıcı insanların üzə çıxmasında məhz Vaqif Hüseynovun böyük xidməti olduğunu da həmişə deyəcəklər və yaxacaqlar.

Ələşrəf Niftiyev,

Azərbaycan Yazıçıları və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist.

Bütün xəbərlər Facebook səhifəmizdə