Fikrət Məmmədov adlı bir iş adamı öz rus ibarələri ilə dilimizin təhqirinə girişib

Fikrət Məmmədovdu bu iş adamı,

Yaman dəyişdirib gərdiş adamı.

Rusca qarıldayır qarğalar kimi,

Çapmaqda dördnala yorğalar kimi.

Deyir Azərbaycan dili çox kobud,

Zəriflik qatmayıb bu dilə Qorqud.

Bu dildə əksikdi sığal elə bil,

Adi yaltaqların dilidi bu dil.

Bu dildə qalmayıb qüdrət, kəsər də,

Heç vaxt yazılmayıb ciddi əsər də.

Bu dildə nə yaxşı şeir, roman var,

Ancaq sınıq-salxaq beş-üç hamam var.

Bu dildə danışan buraxar qələt,

Onda nə maarif var, nə mədəniyyət.

Bütün mahnıları monoton səsdir,

Sazı, muğamı da quru nəfəsdir.

Dildə zənginliyə arxalanaraq,

Ona cavab verim mən də bu sayaq:

«Dili pisləməyin əbəs səyindir,

Qüsurun bu dili pis bilməyindir.

O kəs ki, bəyənmir doğma dilini,

Kükrədir üstünə qəzəb selini.

Cavab tədarükün görülməkdədir,

Aşının suyu da verilməkdədir.

Sənin kimilərin düşüncəsi dar,

Bu dilin Füzuli, Nəsimisi var.

Əlbəttə, sən özün uzunqulaq, xər,

Bu dildə alimlər kifayət qədər.

Bu dili pisləyən beş-üç müxalif,

Onların içində sən nankor hərif.

Leyla söyüş dili deyib bu dilə,

Bir boyunduruğa girdi səninlə.

Lüt-üryan gəzərək xirməni kimi,

Xədicə pislədi erməni kimi.

Onu yamanlayan, qılınclayan çox,

Sənin də gözünə olub iti ox.

A Fikrət, bu dili pisləyən azmı?

Sən də söyləməsəydin, yaxşı olmazmı?

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə