Jalə Rzabəylinin qələmindən Sona baxışların poeziyası

Dünya boyda ürəklər var... Dünya boyda sevinc, kədər, niskil var dünya boyda ürəklərin içində...Vətən dərdi, sevgi harayı, övlad istəyi, daha neçə-neçə hissləri yaşayan ürəklər var - şair ürəkləri! Dünyanın ən həssas, ən qəmli, ən sevincli insanlarıdır onlar. Mən yox, biz üçün yaşayanlar, çıraq kimi yananlar, yanmaq üçün yaşayan şairlər...

Hər bir poeziya sahibinin daxili aləminə bənzəyir. Təsirinə düşdüyüm kövrək qəlbin həzin poeziyası kimi... Nəğmə dolu ürəkdə böyüyüb bəslənən titrək misraların sona baxışlarından boylanan şeirlər kimi...

Şairənin şeirlərinə bəstələnən mahnıların sorağına düşənlər yaxşı bilir ki, ruh oxşayan səmimi, doğma misralar bəstələnən musiqi ilə necə də həmahəngdir. Bu, belə də olmalıdır. Çünki, Sona xanım musiqi dolu sehirli bir aləmdə yaşayır, yaradır. Musiqinin incəliklərinə bələd olması şeir və mahnının bir-birinə qovuşmasına və təsirli ifa olunmasına gətirib çıxardır. Tanınmış opera solisti Samir Cəfərovun ürəkləri riqqətə gətirən səsindən dinlədiyim bu misralar kimi:

Min qınaq bir borcu ödəyə bilməz,

Ölənə, itənə çatmaq da çətin.

Yolu tək ümidi qeyb olanlara

Mənim qollarımı körpü eləyin...

Bu şeirləri dinlədikcə sakit, həzin, duyğu dolu misralar suya möhtac çöl kimi hopur ruhumuza... Elə sakit ki, sükuta qərq edir incik könülləri. Elə duyğulu ki, alovlanan qəlbə su səpir elə bil. Üstümüzə yağan həsrətin göz yaşlarını qələminin fırçası ilə dilə gətirir - “Yollara yağış yağır”... “Qaragilə” kimi dillərə düşən nəğmələr, “Səndən yaman küsmüşəm”, “Şükür ki, ölməmisən”, “Yollar” və bu kimi bəstələr həzin ifalarda ürəklərə yol tapır, duyğu leysanına qərq edir adamı...

Həssas qəlbin çırpıntılarını kağızda canlandırmaq, içindəki duyğuları bölüşmək, qəlbində haray salan hissləri əbədiləşdirmək istəyər şair ürəyi. Saf, titrək, həssas qəlbdən süzülüb ürəklərə yol tapar, ülvi duyğular yaradar sona baxışların poeziyası... Beləcə, karvana doşulub gedər ruhumuz.

Bir budaq kölgəyə möhtac,

Bir bulud yağışa ac,

Dərdinəmi gəzir əlac?

Düşübdü çöllü-biyaban,

Yol başlayıb gedən karvan.

Bir yolçuluq köhnə mərəz,

Arxadan harayım yetməz,

Getdiyi yol gedər-gəlməz,

Sən nigaran, yol nigaran,

Yol başlayıb gedən karvan.

Bu poeziya həssas qəlblərə çox doğmadır. O, təkcə kövrək qəlbli şairə deyil, gözəl ana, əsl Azərbaycan qadınının simasıdı. Doğma Azərbaycanın qədim diyarı, ər-igidlər oylağı Naxçıvanın sehirli suyundan, saf havasından, müqəddəs torpağında təpər alan qeyrətli Azərbaycan qadınıdır Sona xanım. Özünəməxsus poeziyası ilə

tanışlığım Sona xanımı ruhuma doğmalaşdırdı. Qələm adamlarını bir-birilərinə qohum hesab edənlər, bu baxımdan, yanılmayıblar. Bu, doğrudan da belədir.

Verdiyi müsahibələrin birində Sona xanımın dediyi bu sözlər elə poeziyası qədər gözəl və mənalıdır: “Biləndə ki, mənim imzam gözlənilir, oxunur, sevinirəm ki, nə yaxşı düzgün seçim etmişəm... Məni var-dövlətlə təəccübləndirmək olmaz. Amma iki sətir gözəl yazı ilə ağlatmaq da olar, düşündürmək də, təəccübləndirmək də...”

Bütün bunlarla yanaşı, Sona xanımın uğurlu ictimai fəaliyyəti, təhsilə, mətbuata verdiyi önəm parlaq əqidəsini göstərir. Oxuduğum müsahibələrin birində şairənin ailəsi ilə bağlı xatirələri məni çox kövrəltmişdi. Səmimi etirafları, həyatın enişli-yoxuşlu dönəmlərindən səmimiyyətlə bəhs etməsi qadın dəyanətindən, əsl ana, gözəl həyat yoldaşı olduğundan xəbər verirdi. Oxuduqlarım gözümdə əzmkar, mehriban, səbirli və sevgi dolu Azərbaycan qadını canlandırdı. Sona xanımın ailəsindən, ürək verdiyi qəlb sirdaşından həssaslıqla bəhs etməsi səmimi ifadələrlə dolu idi.

Zaman elə sürətli, xəbərsiz ötür ki, insan bunun necə tez keçdiyinin sonradan fərqinə varır. “Zaman xəbərsiz ötdü” kitabı Sona xanımın qələmə aldığı həyatı və fəaliyyətini əks etdirməklə yanaşı, poetik yaradıcılığını, publisistik və elmi yazılarını, müsahibələrini əhatə edir. Burada Sona Vəliyeva maarifçi, alim, ziyalı, vətəndaş kimi çıxış edir. Yaradıcılığında lirik şeirləri üstünlük təşkil edən şairə soyuyan nəfəsi, saralan yarpaqları ilə duyğu selini gətirən payızı hissləri ilə belə qovuşdurur:

Yarpaqlar da saralıb,

Töküləcək qəhərdən.

Yığıb xatirələri

Gəl gedək bu şəhərdən.

Bu saralan yarpaqla

Sönər xatirə-ocaq.

Dəli xəzri soyğunçu

Qəlbimi boşaldacaq.

Ruhum da ayrılıqdan

Saralıbdır elə bil.

Gəl gedək bu şəhərdən

Bu payız mənlik deyil.

Bu torpağın kədəri

Başından çıxan duman.

Payız qəmli qadın tək

Yorulmur ağlamaqdan.

Sona xanımın kitabları oxucuda həyəcan, xoş ovqat yaradır. Hay-küydən, şişirdilmiş ifadələrdən uzaqdır onun poeziyası. “Arazbarı” kitabı şairənin sanki ruhunun, iç dünyasının əksidir. Şeirlərində daxili aləmi, vətən üçün keçiridyi narahatlığı, çəkdiyi ağrı duyulur. Azərbaycanın parçalanması, Qarabağ ağrısı Sona Vəliyevanın yaradıcılığında sağalmayan yaradır...

Sağlığın, varlığın dəyər ölçüsü Vətən sərhəddidir, Vətən Bayrağı, Uğrunda ölməyi bacarmadıqca, Torpaq unudacaq Vətən olmağı.

Vətənpərvərlik sonradan yaranmır. Anamızın saf südündən, atamızın həlal çörəyindən qanımıza hopur. Bu baxımdan, Sona Vəliyevanın “Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu” əsəri azərbaycançılığın, vətənpərvərliyin təbliği sahəsində özünəməxsus rol oynayır. O, vicdanı, ruhu ilə danışdıqca özünü, özümüzü danlayır haqlı olaraq... İtirilmiş torpaqlarımızın yanğısı, şəhid balalarının harayı duyulur misralarında...

Ağlama, içim göynədi,

Çəkə bilmərəm bu yası.

Tanrı da taxtında təkdi,

Ağlama, şəhid balası.

Ağlama, torpaq sərindi,

Ovudar, kiridər dərdi.

Torpaq qurban diləmişdi,

Tanrı sevdiyin göndərdi.

İtirdiyimiz torpaqlar, sönən ocaqlar Sona xanımın niskilidir.. “Orda mənim bir evim var. Qapısını bağlayıb açarı ələ keçməsin deyə ürəyimdə gizlətmişəm”, - ifadəsi insanın içini titrədir. Kövrək ürəyində gizlətdiyi açarla o mənzili açmağı gözləyir Sona xanım xəyallarında... O gün gəldiyində - torpaqlarımız geri alınanda incə qəlbi, əminəm, hamıdan çox sevinəcək!

Jalə Rzabəyli

“Sport Time” jurnalının baş redaktoru

loading...