Sona Vəliyevanın poeziyasında sufi və hürufiliyə dönüş

Yunus Oğuz

İstedadlı şairə Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabından sonra daha yeni bir "Dünya Tanrı biçimdədir" adlı kitabı da işıq üzü gördü.

Poeziyasını mütamadi izlədiyim bu xanımın şeirləri mükəmməlliyinə, üslubuna, insanın daxili aləminin açılıb çözülməsində, içindən gələn ilahi eşq axtarışına yüksəlməsində, etiraf etməliyəm ki, müasirlərin poeziyasından köklü şəkildə fərqlənir. Şairə, sanki sufi və hürufi şairlərinin beş yüz il bundan öncə yaşamış ruhlarını çağırır, bu məktəblərin itmiş izlərinə düşüb onları tapmaq və diriltməkdə qətiyyət göstərir və buna nail olur da.

Məlumdur ki, sufilərdə ilahi eşqə çatmaq üçün dörd mərhələni adlamaq gərəkdir. Adaşım Yunus İmrə demişkən:

"Şəriət, Təriqət yoludur varan

Həqiqət, Mərifət ondan içəri"

Hürufilərdə isə Tanrı özünü hərflərdə və rəqəmlərdə təcəlli edir.

Maraqlıdır ki, Sona xanım hər iki yolu vəhdətdə götürür və bu yolla İlahi eşqin dərinliyinə varır, əqlin və elmin birliyini İlahi hissə və eşqə çevirməyi bacarır.

Kitabın adı "Dünya Tanrı biçimdədir". Elə kitabın adı, artıq çox şeyi deyir, çox mətləbləri özündə ehtiva edir, müəllifin ortaya qoyduğu ideyaya sadiqliyini göstərir.

Dünya Tanrı biçimdəydi,

Haqqın nuru içimdəydi.

Böyük kimdi, kiçik nəydi?

Söylədirlər mən də gəldim.

Adi oxucu belə fikirləşə bilər ki, "Dünya Tanrı biçimdədir"misrası Tanrının dünyaya sığması deməkdir. Amma Hansı dünyaya? Burada fikrin, eşqin dərinliyi insanı kainatın ucsuz-bucaqsız, sonu görünməyən və bilinməyən ənginliklərinə, dərinliklərinə aparır. Şairə bu ənginlikləri və dərinlikləri dərk etmək, fəth etmək istəyir.

Burada hürufi şairi Nəsiminin

"Məndə sığarikən cahan, mən bu cahana sığmaram" misrası elə bil Sona xanımın müasir və daha sadə dildə "Dünya Tanrı biçimdədir" misrası eynilik təşkil edir desək yanılmarıq.

Bu baxımdan şairənin "Ol" dan əvvəlki "Sözdənəm" şeiri sufi və hürufi şairi Şah İsmayıl Xətainin

"Yer yox ikən, göy yox ikən ta əzəldən var idim

Cövhərin yekdanəsindən illəri pərgar idim"

beyti, yaxud onun:

"Haqqın qapısından girdim,

Kəndi vücudumu gördüm,

Mərifət qazanın qurdum,

Eşqi qaynadan kürəyə.

gəraylısı, Sona xanımın

"Bəxt yazısın yazan varmış,

Çox istəyən azdan olmuş,

Ömür almazsız nağılmış,

Gəlmişik qulaq asmağa

Mən kiməm, kimim var burda?

Gəldim nəyi axtarmağa?

Dünya yol üstə güzgüymüş,

Gəldim özümə baxmağa. – bəndləri ilə

oxşarlıq təşkil edir. Sanki hər ikisinin ilahi eşq axtarışında yolları kəsişir, bir-birinin ruhları şeir məclisi təşkil edib deyişməyə başlayırlar.

Xətaidə "Kəndi vücudumu gördüm" , - Sona xanımda isə "Gəldim özümə baxmağa" misraları dediklərimizi təsdiqləyir.

Yaxud, Xətainin;

"İki əlin qızıl qanda,

Çox günahlar vardı məndə,

Ya İlahi, kərəm səndə

Düşgün qula nəzər eylə."

Sona Vəliyevanın

"Əlim göydə, haqq önündə,

Duam içimdən dərində.

İnsan şeytan xislətində

Düşüb şeytandan qabağa" – bəndləri

fani dünyada şeytanın əməlindən Tanrıdan əfv dilər, kərəm eyləməsini cani-dildən arzulayırlar. Hər ikisi gözəl anlayır ki, İlahi eşqə gedən yolda şeytani əməllər onların qarşısını kəsə bilər, amma şeytanın kəsdiyi yol dəf edilməlidir. Odur ki, şairə yazır;

Əmanət verdiyim ruhumla,

Səndən özgəyə oxunmayan

İki əməl dəftərimlə...

Sənə dönəcəyəm...

Son əvvələ qayıdacaq.

Sona xanımın şeirlərində Təsəvvüf elmi duyulur. Məlumdur ki, bu elm səkkiz hiss üzərində qurulub: təmizlik, razılıq, səbr, işarət, qürbət, yun paltar geyinmə, səyahət, fəqirlik. Təmizlik İbrahimə, razılıq İshaqa, səbr Əyyuba, işarət Zəkəriyyaya, qürbət Yəhyaya, yun paltar Musaya, səyahət İsaya fəqirlik (ehtiyac, bir Allaha ehtiyacı olmaq) Məhəmməd (c) peyğəmbərlərə məxsusdur.

Şairə şer yaza-yaza təvafdadır:

"Yallı" çalınır.

Yaddaş oyanır.

Bu, oyun deyil,

təvafdır, təvaf

"Ya Allah, Ya Allah".-

Sufizmin son nöqtəsi Kamil İnsan olmaqdır. Sufizmin son qayəsi, müəyyən zaman kəsiyində yaradılmaqla, məhrum olduğu əsl bəqa (haqla var olmaq) halının

dönüşünə hazırlıq olaraq fəna (insaniliyin haqq nurunda yox olması, ruhun maddilikdən azad olması) halına çatmaqdır.

Bu baxımdan onun "Milyon il əvvəl" şeiri yuxarıda yazdıqlarımızı təsdiqləmiş kimi olur:

Yer üzü bomboş idi,

Mənim qəlbim kimi...

Tanrı "Ol" dedi.

Sən qarşıma şıxdın...

Mən sən "Ol"dum...

Şeirindən də göründüyü kimi şairə şeirlərinin içində haqqın nuru ilə əriyir. Tanrının "Ol" u olur.

Amma, Sona Vəliyevanın şeirlərindən sufi və hürufiliklə yanaşı şamanlıq, qamlıq (maqlıq) da var. Zatən bunların hamısı həmişə vəhdətdə olub, sadəcə olaraq şamanlıq və qamlıq islama qədər ki, dövrə aid olduğu üçün çox zaman bunları bir-birindən ayırırlar.Ancaq, istənilən halda bunların hamısının mənbəyində Ali İnsani hiss və Söz durur.

Şairə Ali duyğusuna güc verib "Söz"ün yoluna çıxır:

Sözün qırx qapısın açıb görərəm,

Dözümüm saçımdan asılıb göyə.

Canım söz içində sehirli quşdur,

Bir igid gələcək xilas etməyə.

Açılar ömrümün köz karxanası.

Sökülər dərd yükü, söz barxanası,

Allahla aramda körpü olası

Sətir böyüdürəm ona yetməyə,

Şairə sətiri böyüdüb tanrıya çatmaq istəyir, sözün gücünü Ali hisslə birləşdirib əqlin və elmin nurunu yaradır:

Qalacaq ruhumun yükü sözümdə

O, məndən doymadı, doymadım ondan

Mən "Ol"la gəlmişdim, "Öl"lə gedirəm,

Yaşamaq ümidim başlayar sondan

Bütovlükdə kitab çox gözəl, səmimi, insani şeirlərlə zəngindir. Burada bir ruhun, ananın psixoloji harayı, naləsi, vətən harayı, millət harayı, sevgi harayı, torpaq harayı var. Amma bu haraylar səssizdir. İnsan təkbaşına Tanrısı ilə səssiz-səmirsiz pıçıldaşdığı kimi

Tanrının eşqinə nail olun!

Bakı, 17 may, 2017.

Bütün xəbərlər Facebook səhifəmizdə