Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən böyük mükafatına - Heydər Əliyev Mükafatına layiq görülüb.

Sağlığında klassik adı qazanmış şair Nəriman Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərib. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il burada təhsil alıb, Bakıya qayıdıb. 1962-1965-ci illərdə Azərbaycanın böyük yazıçısı və böyük alimi Mir Cəlal Paşayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olub. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, professordur. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib (2004). Hal-hazırda isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədridir. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub və Fərdi prezident təqaüdünə layiq görülüb.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülüb. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.

"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. Nəriman Həsənzadə ilin şairi elan olunub və ona "Uğur – 2009" diplomu verilib. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 May 2017-ci ildə Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən böyük mükafatına, Heydər Əliyev Mükafatına layiq görülüb. Onu da vurğulayaq ki, Azərbaycan şairləri arasında ilk dəfə bu ali mükafatı məhz Nəriman Həsənzadə alır. Bu vaxta qədər Nəriman Həsənzadənin 50-dən artıq kitabları çap olunub. Onun "Nəriman", "Nuru Paşa", "Qarabağdan gələn var", "Zümrüd quşu", "Kimin sualı var?", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Midiya sarayı", "Bəyanat", "Həsrət", "Vətənsiz", "Heybədə gəzən şeir", "Qadın", "Sabir", "Şahid ol, günəş", "Səfirə məktub, "Nizami", "Əsir uşaq", "Qız ürəyi", "Körpəylə söhbət", "Biz bir ildə doğulduq,, "Rəsul Həmzətova məktub", "Şəhid atası Şərif qağaya məktub", "Qafqaz", "Cavid", "Qaçaq Kərəm", "Səfirə", "Xarı bülbül", "Poylu-beşiyim mənim" poemaları və "Nabat xalanın çörəyi" povesti oxucuların ən çox oxuduğu əsərlərdəndir. "İmzalar içində", "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" pyesləri böyük uğurla teatrlarımızda tamaşaya qoyulub.

Onunla etdiyimiz söhbətlərdə böyük şairimiz həmişə Ulu Öndər Heydər Əliyevə və klassik yazıçımız və alimimiz Mir Cəlala həyatda həmişə borclu olduğunu deyir:

- Mən, ömrüm boyu böyük yazıçımız, alimimiz, müdrik şəxsiyyətimiz Mir Cəlal müəllimə minnətdaram. O, həqiqətən də həyatda mənim mənəvi atam olub. Bu haqda mən dəfələrlə yazmışam və radio, televiziya çıxışlarımda demişəm. Bu dahi insan hətta öz oğlu, böyük alimimiz Arif Paşayevə siyahı ilə düşən evi mənə verib, Arif müəllimi kooperativ formada siyahıya yazdırıb və oradan onun üçün ev alıb. Hətta kooperativə verdiyi pulu da başqasından borc alıb. Məgər belə dahi insanı unutmaq olarmı? Onu da vurğulayım ki, Mir Cəlal müəllim təkcə mənə yox, yüzlərlə tələbələrinə, cavanlara köməklik edib. Bəzilərinin imtahandan kəsilməməsinə, bəzilərinin təqaüd almasına, bəzilərinin işlə təmin olunmasına, elmi işlərini müdafiə etməsinə əlindən gələn bütün köməklikləri təmənnasız edib. O, dahi şəxsiyyət elə bil ki, bunu özünə mənəvi borc bilib. Biz, belə müdrik ağsaqqallarımızla fəxr etməliyik.

Ulu öndər Heydər Əliyevə də mən çox minnətdaram. O, dahi insan, böyük rəhbər və əbədiyaşar prezidentimiz də mənim həyatımda çox böyük rol oynayıb. Əgər Ulu Öndər çətin məqamlarda məni qorumasaydı indi mən burada sizin qarşınızda çıxış edə bilməzdim. Dahi Heydər Əliyev hətta elm, ədəbiyyat və incəsənət xadimlərini də bir-birindən qoruyurdu. Çox sevinirəm ki, onun yadigarı cənab İlham Əliyev də atasının yolunu böyük uğurla davam etdirir. Cənab Prezidentimizin dörd xarici dil bilməsi və balanslaşdırılmış, çox uğurlu siyasət aparması da onu dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə sevdirib. İlham Əliyevin sayəsində Azərbaycan həm də dünyanının ən aparıcı idman ölkələrindən biri olub. Bu sahədə birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da zəhmətini, xidmətlərini danmaq olmaz. Onların hər ikisi Azərbaycanın iqtisadiyyatının yüksəlməsində, çoxlu sənaye obyektlərinin açılmasında, işsizlik probleminin bütövlükdə həll olunmasında, torpaqlarımızın geri qaytarılmasında əvəzsiz işlər görürlər. I Avropa Olimpiya oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi respublikamıza dünyanın aparıcı ölkələrinin böyük inamının, marağının nəticəsidir. Biz, bununla fəxr etməliyik. Belə uğurlu siyasət bizi Qarabağ torpaqlarımızın sülhlə həll olunmasına və orada üçrəngli bayrağımızın tezliklə dalğalanmasına yaxınlaşdırır.

Sizə böyük şairimizin altı şeirinini təqdim edirik.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün Millətlərə

Beynəlxalq Məhkəməyə

Adıgözəlov Hafiz Ramiz oğlu 1990-cı ilin yanvarında Qazax rayonunun Bağanis Ayrım kəndində anadan olub, 1990-cı il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarım yaşayıb. Gənc anası köməyə gələndə onun da üstünə benzin töküb yandırıblar. Kənddə danışırdılar.

Müəllif

İki aylıq bir çağa

həsrət qaldı qucağa,

atdılar bir ocağa,

qıydılar bir qundağa,

silahlı

beş-on dığa!

Təzə androniklər,

drolar və zorilər.

İyrənc imiş nə qədər!

Çağanı yox, milləti

yandırmaq istərdilər.

Günahı, cinayəti

nəydi bəs?!

Milliyyəti, -

bir Məhəmməd hümməti,

bələkdə bir müsəlman,

Azəri türk balası.

Yarımçıq qaldı gülüm,

çalınmadı laylası.

Yellənmədi yürgəyi,

yandı könül dünyası.

Təbəssümü, gülüşü,

qığıltısı...

hamısı.

Dünya xəbər tutmadı

naləsindən ananın.

Ən uzaq guşəsidir

Qazax – Azərbaycanın.

Taleyinə bax onun,

qismətinə bax onun, -

Millət, Vətən yolunda

Həlak olan çağanın.

O, qundaqda döyüşdü,

ocağı – odlu səngər.

Dahilərə bərabər,

şəhidlərə bərabər.

Yaşa mənim millətim,

həyatım, heysiyyatım!

Sən qundaqdan, beşikdən

təhlükəsən ey Vətən!

Mənim nigahımı pozdu təbiət

Mənim nigahımı pozdu təbiət,

Köklədi simləri xeyir-şər üstə.

Sənə- məzar boyda yeraltı zülmət,

Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,

Pozdu bu qanunu nigahımızı.

Qoruya-qoruya saxladığımız

Axırda nə oldu?-adi bir kağız!

Arada ağlayan bir məhəbbətdir,

Yastığın müqəddəs, yerin müqəddəs.

Dövlət vəsiqəsi rəsmi sənəddir,-

Möhürü , imzası bir şeyə dəyməz.

Son mənzil deyirlər, mən orda gördüm,

Nədir sənlə gedib sənsiz qayıtmaq.

Kağızı qorudum, səni itirdim,

İndi səni məndən qoruyur torpaq...

Mir Cəlal hey...

Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,

Söhbətinin yarı həsrət, sevincinin yarı qəm.

Siz Çeytandan, siz İblisdən törədiniz, hərislər!

Sizdən hansı "xatirələr" yaşayacaq, bilmirəm.

Yerdə yeri çox gördülər, vətənində vətəni,

Mir Cəlal hey... çağır indi səsi gəlmir yer altdan.

Azərbaycan eşitmədi, Azərbaycan deyəni,

Azərbaycan deyənləri öldürürlər o vaxtdan.

Niyə şahlar vəzirlərə inanırlar, ilahi?

Niyə Şərqə divan tutur Şərqin bu tərbiyəsi?!

Cəllad, nəydi bir günahsız qəhrəmanın günahı?

Şah-Allahın kimsəsiymiş,

Cəllad-Şahın kimsəsi!

Mən nə qədər ömür sürüm bilmirəm bu "gileylə",

İstiqlalım, Hürriyyətim hardadı bəs, nəhayət?!

İmtahana çəkir yenə Zəmanənin əliylə,

Zəmanəyə şöhrət olan şairini cəmiyyət.

1992-ci il

Mənim taleyimi yazan ayırdı

Sənə neynəmişəm it cənabları,

qızışıb hürürsən məni görəndə.

Sən ki, tanıyırsan yazıçıları,

bu köhnə binada oluram mən də.

Azadlıq yolunda mən can qoymuşam,

Onsuz da danışıb dinmirəm, ay it.

Niyə sən rahatsan, hürürsən müdam.

Mən rahat yaşaya bilmirəm, ay it.

Bilirəm, heç kimi oxumamısan,

bir həyat sürürsən həyatda sakit.

Mənim də şeirimi oxumamısan,

axı, it dilində yazmıram, ay it.

Sənin nəzərində yəqin adiyim,

sənin tərəzində mizan ayrıdı.

Mən diri Cavidəm, diri Hadiyəm,

mənim taleyimi yazan ayırdı.

Hür, hür qoy açılsın bir az nəfəsin,

hür, qana batınca o diş, o ağız.

İnsan it cildinə gərək girməsin,

biri var, necə də oxşayırsınız.

Burda mən dözürəm, orda din, Allah,

dilimdə saitlər samitə dönür.

Mənə nə verdinsə, sən verdin, Allah,

niyə bəndələrin bəs itə dönür?!

Müşviqin oğlu

Moskvada Müşviq gecəsində hörmətli Əziz Şərif məni qucaqlayıb Müşviqin oğluna oxşatdı, dedi ki, atana necə oxşayırsan, bilməzdim onun oğlu sağdır... Bu sözlər o vaxtdan, şeir olunca, ürəyimdə dolaşdı.

Müəllif

Dundim, qulağıma tanış gəldi səs,

güldüm, bu gülüşüm saxladı onu.

Dayandım-duruşum, baxdım-baxışım,

Yeridim-yerişim saxladı onu.

Müşfiqdən danışır bütün bir ölkə,

ürəyi doluyuq, Əziz müəllim.

Mən yox, şeirimizin bir nəsli bəlkə,

Müşviqin oğluyuq, Əziz müəllim.

Hər axşam qoynunda bir səhər yatır,

səhərsiz, dünyanın üzü gülməmiş.

Bizim sinəmizdə cilidlər yatır,

hələ vərəqlərə köçürürləmiş.

Yaş ötür dəyişir daha nəslimiz,

yenidən söz verir zaman Müşviqə.

Ata gözüylə də baxmalıyıq biz

oğlumuz yaşında qalan Müşviqə.

Vətən yolu

Bu dünyanın gözəl vaxtı Poyluda qaldı.

Göy üzündən ulduz axdı, Poyluda qaldı.

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı.

Taleyimin dalısıyca çıxdım Poyludan,

beşiyimin görüşünə döndüm sonradan.

Bir rəvayət danışdılar,

taleyimə qarışdılar.

içimdəki hüceyrələr,

yandım deyib alışdılar.

Bir sarayda qızıl qəfəs,

o qəfəsdə bir qızıl səs.

Qızıl bir quş, Vətən deyib oxuyurmuş.

oxumaqdan nə doyurmur,

nə yorulub dincəlirmiş,

günü-gündən incəlirmiş.

Nəzilirmiş, pozulurmuş.

Bu da bir cür yozulurmuş.

Qızıl qəfəs, isti nəfəs, qızıl bir səs.

Kim istəməz?

Amma bir gün darıxıllar,

açlb quşu buraxırlar.

Nə su içir, nə dən yeyir,

o quş yenə Vətən deyir.

Dağlar, daşlar Vətən deyir,

ötən quşlar Vətən deyir.

Yollar izlər Vətən deyir.

Vətənsizlər Vətən deyir.

Hara imiş o Vətən yolu?

Adi qaratikan kolu,

kolların lap o sıx yeri,

keçilməz, qarışıq yeri.

Uçub qonur budağına,

tikan batır ayağına.

Qan sıçrayır qanadına,

çatır amma muradına.

"Uf" deyincə "oxay" deyir,

çaşır ulduza ay deyir.

Adi kola saray deyir.

Mənəm bəlkə o quş mənəm.

Poylu deyir dilim, sinəm.

Orda bir ev yadigardı,

mənə qalan dörd divardı.

Bir də köhnə bir məzardı.

Mənim nəğməm, mənim Poylum,

Mənim qaratikan kolum.

Vətəndə bir Vətən yolum.

Bütün xəbərlər Facebook səhifəmizdə