(Elegiya)

(El ağsaqqalı kimi hamının qəlbində özünə yuva qurmuş, ad-san qazanmış məşhur cərrah-alim İzzət Sadıqovun əziz xatirəsinə ithaf edirəm)

E...he...hey!.. Gidi dünya, nə deyim sənə! İnana bilmirəm. İnanmağım gəlmir... Yüzlərlə, minlərlə insanları ölümün pəncəsindən, Əzrayılın əlindən dartıb alan, qurtaran, neçə-neçə ailəyə sevinc, şadyanalıq bəxş edən, ömrünü hər xəstənin sağalmasıyçün şam kimi əridən, xəstəylə qəmlənən, xəstəylə sevinən, ömrü boyu insanlar arasında xeyirxahlıq, dostluq, mehribanlıq toxumu səpən bir insan belə tez, bir göz qırpımında həyatdan gedərmiş... İnana bilmirəm... İnana bilmirəm onun ölümünə, yoxluğuna...

Niyə belə olur, ey Ulu Tanrı? Niyə Sən yaxşıları belə tez öz dərgahına aparıb, pisləri saxlayırsan? Axı, o, yaşamalıydi. O, hələ bundan sonra neçələrini də ölümün pəncəsindən, Əzrayılın əlindən qurtarmalıydı... Axı, onun bu müdrik yaşında ürəyi arzularla doluydu. Hər görüşümüzdə gələcək arzularından danışardı İzzət həkim. Bunlar şəxsi arzular deyildi. Bu arzular Sumqayıt və sumqayıtlılar haqqında idi. Bu arzular qaçqınların öz doğma ocaqlarına, yurdlarına qayıtması, özünün də doğulduğu Laçın rayonun kəndi olan Minkəndin qoynunda heç olmasa bir saat göy otların üzərində dincəlməsi, oranın buz bulaqlarından bir qurtum su içməsi, orada qələbəmizi böyük bayram kimi keçirmək idi. Nikbin adam idi İzzət həkim. Çöhrəsində heç vaxt qəm, kədər olmazdı İzzət həkimin. Hətta əsəbi olanda belə. Böyük ağsaqqal idi, loğman idi İzzət həkim. Hər sözə, hər suala hazırcavab idi. Heç vaxt məzəli, məntiqli söz üçün vaxt itirməzdi. "Cibinə" girməzdi. Yaddaşı maraqlı lətifələrlə doluydu... Onunla yoldaşlıq edən, yol gedən heç vaxt yorulmaz, darıxmazdı. Onun teatra hər gəlişi böyük bayrama çevrilərdi. Hər söhbətimizdə ondan çoxlu lətifələr eşidər, onları gündəliyimə yazardım... Rəhbərlik elədiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının tamaşalarına baxandan sonra isə, bu tamaşalar haqqında çox maraqlı fikirlər söyləyər, hətta tənqidlərini də maraqlı yumorla deyərdi ki, təki biz inciməyək...

... Bağışlayın məni, ey böyük loğman. Ey böyük ağsaqqal. Dəfninizdə iştirak edə bilmədim. Uzaqda idim həmin vaxt. Həyatdan köçməyinizi Dağıstanın Dərbənd diyarında olanda eşitdim. Birdən-birə daxilimdə təlatüm baş verdi. Elə bil yer titrədi. Qədim Dərbənd qalası uçub dağıldı. Dağıstanın əlçatmaz dağları silkələndi. Həmin dağların başında özlərinə yuva qurmuş qartallar qıy vurub, göyə qalxdı. Öz əcaib-qəraib səsləri ilə bu ölümə matəm marşı oxudular mən o xəbəri eşidəndə...

Bu vaxt yadıma sizin mənə qartallar haqqında danışdığınız bir əfsanə düşdü. Axı, siz mahir ovçu idiniz. Tez-tez dağlarda, düzənlərdə ovda olurdunuz. O həmin vaxtlar idi ki, Azərbaycan Xalq Cəbhəsinin pərdəsi altında bir qrup səriştəsiz, iş bilməz adamlar Sumqayıtda vəzifəyə gəlmişdi.

Nəinki Sumqayıtda, eləcə də Mərkəzi Aparatda hakimiyyət kürsüsünün ən yuxarı pillələrində özlərinə yer tutmuşdular. Sizi də qanunsuz olaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsindən çıxartmışdılar. Həmin vaxtlar biz sizinlə tez-tez görüşərdik. Siz bir dəfə mənim teatrdakı otağımda adətiniz üzrə stola dirsəklənib, belə bir əfsanə danışdınız:

- Bir sıldırımlı, əlçatmaz, boz dağda üç qartal yaşayırmış. Bu qartallar hərəsi bir eldən uçub bu boz dağa gəlmişdilər. Bu qartalları, sıldırımlı boz dağda bütün quşlar, heyvanlar, böcəklər özlərinə arxa, dayaq bilirdilər. Qartallar heç kimə, heç nəyə fərq qoymadan hamıya arxa, dayaq idilər. Onlar üçü birlikdə səmaya qalxanda, sıldırımlı dağın sakinləri olan quşlar, heyvanlar, böcəklər öz xilaskarlarına məğrurluqla, tamaşa edirdilər. Qartallar qanadlarını geniş açıb, səmanın dərinliklərində elə süzürdülər ki, elə bil bunlardan xoşbəxti yox idi yer üzündə. Belə dostluğa paxıllıq edənlər də tapıldı. Bu paxıl adam, sıldırımlı dağın ətəyində yaşayan, bir gözü kor ovçu idi. Çünki qartallar burada məskən salandan sonra o, qorxusundan sıdırımlı qayada ov edə bilmirdi. Ona görə min cür yollar, fırıldaqlar axtarırdı. Axtarırdı ki, necə məhv eləsin qartalları. Onları burdan perikdirib, necə uzaqlaşdırsın. Axır ki, arayıb bir yol, bir fənd tapdı kor ovçu...

... Bir dəfə o, yosma qayanın arxasında pusquda dayanıb, qartallar göyə qalxanda onlara atəş açdı. Güllə qartallardan birinin qanadına dəydi. Müvazinətini itirdi həmin qartal... Bunu görən o biri iki qartallar qanadlarını daha da geniş açıb, dostlarını qanadlarının üstünə alıb, ehtiyatla sıldırımlı dağın ən uca yerinə qondular. Yaralı dostlarını qayanın ən rahat yerində qoyan hər iki qartal yenidən göyə qalxdı. Atəş açan ovçunu axtardılar. Onu bir yosma, boz qayanın arxasında gizlənmiş gördülər. Qartallar bu murdar niyyətli, bir gözü kor ovçunun üstünə şığıdılar. Onu caynaqları arasına alıb, göyə qaldırdılar. Kor ovçunun yalvarışları, qara-qışqırıqları qartalları rəhmə gətirmədi. Qartallar namərd ovçunu boz qayadan bir az aralı olan dərəyə atdılar. Kor ovçunun qışqırtısı, bağırtısı o biri dağlarda əks-səda yaratdı. Kor ovçunun bağırtısını eşidən o biri məkirli ovçular qartalların qorxusundan bir də bu yerlərə gəlmədilər. Qanadı sınmış qartal, dostlarının köməkliyilə tezliklə sağaldı. Yenə də üç dost qartal göyə qalxdılar. Səmalarda cövlan elədilər. Ucsuz-bucaqsız səmada ləzzətlə qanad açıb süzdülər. Sıldırımlı dağa keşik çəkdilər...

İllər keçdi. Bu qartallar qocaldı. Qocaldıqca da məğrurlaşdılar, müdrikləşdilər...

... Günlərin bir günü isə sıldırımlı, əlçatmaz boz dağda möcüzə baş verdi. Sıldırımlı dağın sakinləri olan quşlar, heyvanlar, böcəklər səhər yuxudan ayılanda gördülər ki, qartallar yoxdur. Elə bildilər ki, onlar harasa uçub gediblər. Lakin hava açılanda, boz dağın başından buludlar çəkiləndə hamı birdən-birə gördükləri möcüzəyə mat-məəttəl qaldı. Sıldırımlı dağın ən uca zirvəsində qartala oxşar üç qaya yaranmışdı. Bu, həmin qartallar idi - qoca qartallar. Qayaya dönmüşdülər onlar. Məğrur, sıldırımlı qayaya. Bu qartal qayalar məğrurluqla sıldırımlı dağın tən ortasında dayanaraq bu torpağın, sıldırımlı boz dağın keşiyini çəkirdilər. Və Ulu Tanrı onları qayaya döndərərək, əbədilik bu yerlərə keşikçi, arxa, dayaq eləmişdi...

... Danışdığınız bu əfsanə yəqin ki, siz üç dost - Nərçə Ağayev, Zaman İsgəndərəv və sizin dostluğunuzun rəmzi, obrazlı ifadəsi idi. Siz xeyirxah dostlar da həmin qartallar kimi Sumqayıtda minlərlə insana arxa, dayaq olub, onların taleyində, ömründə böyük rol oynayıbsız. Sizin dostluğunuz bu şəhərdə rəmzi dostluğun mücəssəməsi kimi sayılıb, qiymətləndirilib, deyilib və deyilir...

... Arzum sizin dostluğunuz, birliyiniz haqqında pyes yazmaq olub. Onu tamaşaya hazırlamaq, ilk tamaşasını da sizin doğulduğunuz Laçın rayonunun Minkəndində oynamaq olub. Əfsus, çox əfsus ki, o günü görə bilmədiniz. Kim bilir bundan sonra mən o pyesi yaza biləcəyəmmi? Həmin tamaşanı Minkənddə oynaya biləcəyikmi?..

Suallar çox, cavab isə yox...

Siz necə də böyük arzu ilə qələbə gününü gözləyirdiz... O yerlərə, o torpaqlara gündə neçə dəfə xəyal quşunuz uçub gedirdi. Həmişə deyirdiz. "Bircə o günləri görə biləydim..." İndi yəqin ki, ruhunuz bir qartal kimi Laçının üstündə uçur. Uçur və yəqin ki, bu mahnını zümzümə edir: "Ay, Laçın, can Laçın. Mən sənə qurban Laçın..."

... Toyda, düyündə heç bir cavandan geri qalmazdınız. Peşəkar rəqqaslar kimi rəqs edər, "Qaçaq Nəbi"ni, "Ləzginka"nı çox ustalıqla oynayardız. Siz iştirak eləyən məclislər, şənliklər böyük bayrama çevrilirdi...

...Bundan sonra toyda, bayramda gözümüz sizi axtaracaq. Sizi rəqsə dəvət etmək istəyəcəyik, ey böyük loğman, ağsaqqal, müdrik şəxsiyyət. Bu vaxt yenə də sizin ruhunuz bir qartal kimi həmin məclislərdə başımızın üstündə süzəcək, bizə xeyir-dua verəcəksiz. Bizə keşikçi olacaqsız. Danışdığınız "Qartal əfsanəsi" kimi.

... Və mən inanıram o gün gələcək ki, biz torpaqlarımızı gavur ermənilərdən təmizləyəcəyik. Siz üç dost haqqında yazmaq istədiyim pyesi də yazacam. Bu təkcə sizin tərənnümünüz, döyüşən orduya etdiyiniz köməyiniz, mənəvi, maliyyə dəstəyiniz yox, həm də torpağı azad edən igidlər haqqında olacaq. And içirəm sizin ruhunuza, o tamaşanı da Minkənddə oynayacağıq. Allahın köməkliyilə oynayacağıq. Təki sağlıq olsun. İnanıram ki, həmin vaxt da sizin ruhunuz bir ulduz kimi parlayacaq. Minkəndin üstündə işıq saçacaq. Biz və bizdən sonra gələn nəsillər həmin ulduza "İzzət həkim ulduzu" deyəcəklər. Həmin ulduzun işığı bütün Qarabağı, Zəngəzur mahalını işıqlandıracaq.

Çünki o dədə-baba torpaqlarımızda, o yerlərin səmasında sizin kimi minlərlə şəhidlərimizin və ulularımızın ulduzları yanır. Həmin ulduzlar həsrətlə bizim yolumuzu gözləyirlər. Amma biz özümüzdə təpər tapıb, yumruq kimi birləşib, həmin yerlərə getmək istəmirik. Hansısa möcüzəni gözləyirik...

Allah bir daha sizə rəhmət eləsin, bizimçün, vaxtı ilə ölümün pəncəsindən aldığınız insanlarçün əbədiyaşar İzzət həkim. İzzət loğman, ağsaqqal, müdrik şəxsiyyət! Siz sağlığınızda tez-tez bu sözləri deyərdiniz:

- Həkimin qapısı el qapısıdır. Həkimsiz, hakimsiz şəhərdə qalmaq olmaz. Vay o günə ki, həkim və hakim öz şəxsi marağına görə qapısını xalqın, elin üzünə bağlaya... Onda xalqın sədası - haqqın nidası olar və xalq onun cibinə girən həkimi, hakimi ömürlük cəzalandırar. Çox əfsus ki, bu gün bu məmləkətin həkimi də, hakimi də susur.

Ağalar İDRİSOĞLU

Dərbənd şəhəri

Yanvar 1999-cu il.

loading...