Yardımlı rayonunda yaşayan və bu rayonda çox böyük hörmət sahibi olan pedaqoq, müəllim, istedadlı şair, bir neçə kitabın müəllifi Mərdan Dadaşlı mənə Yusif İmanlı adlı cavan yazarın şeirlərini göndərdi. Bakı İdarəetmə və Texnologiya Kollesinin IV kurs tələbəsi olan və ədəbiyyat aləminə yenicə gələn Yusif İmanlının şeirlərini oxudum. Bu şeirlərdə mənim xoşuma gələn onun yeni fikirlər tapması və mövzu rəngarəngliyi oldu. Özü ilə telefon bağlantısı qurdum. Onun həyat haqında düşündükləri çox xoşuma gəldi. Ən çox xoşuma gələn isə onun iman əhli olması oldu. Bu gün cavanların ziyanlı vərdişlərdən izaq olması, həyatını müstəqil Azərbaycanın dövlətçiliyinə, dövlətinə, elminə, ədəbiyyatına, mədəniyyətinə sərf etməsi təqdirəlayiq haldır. Söhbətimizin sonunda: "Biz insan kimi rəngarəngik. Amma hamımız Tanrıya SARI gedirik. Bunu da yalnız Tanrını dərk edənlər başa düşər" dedi. Yusif, sən ki, cavan yaşında Tanrını dərk edirsən və belə maraqlı şeirlər yazırsan sənin gələcəyinə böyük ümidlə baxmaq olar. Sənə yenicə başladığın enişli-yoxuşlu ədəbiyyat yolunda uğurlar arzu edirəm.

Sənin şeirlərindən üçünü çoxminli oxucularımıza təqdim edirik. Qiyməti onlar verəcək. Çünki oxucu fikri məhəng daşıdır.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Yusif İMANLI

Mən halı pərişan, mən halı xarab,

Yenə xəyalımdasan gecə yarısı.

Qədəhlər ağladı, göz yaşı şərab,

Səndən insaflıymış

şüşə parçası.

Açılan səhərlər yaşayan bir qız,

Gecədə həbs edib iş kəsdi mənə.

Gün üzli dünyamı məndən alan qız,

Dünyanın tərs üzün sevdirdi mənə.

Məst olur bu ruhum qaranlıqlardan,

Getdikcə gedirəm ənginliklərə.

Gecənin vurğunu olan bir insan,

De, çıxa bilərmi ağ səhərlərə?

Özünü görməkçün bax ürəyimə,

Səndən ürəyimə yazmışam qəzəl.

Hələ məəttələm, heyranam sənə,

Ruhu həbs etməyi bacaran gözəl.

Səni sənsiz sevmək ağılsızlığım,

"Sənsiz"sözündə də mən səni sevdim.

O qədər böyüyüb bu yalnızlığım,

Sevilmək gözlədim, gözləmək sevdim.

Bilirdin, öləcəm əgər sən getsən,

Bilirdin sənsizlik yıxacaq məni.

Bilirsən yuxuda rahat ölürsən,

Bununçün yuxuda tərk etdin məni?

***

Yenə də gecədir, təsəvvür sənsən,

Gəl mehman könlümə, otur yanımda.

Bir çay dəmlə, şəkəri şeir olsun,

Misralar kül olur, yanır sinəmdə.

Boşaldım ürəyi bu səfər sənə,

Vərəqlər çox məni qısqansa belə.

Süz o gözlərindən, süz zəhər mənə,

İçərəm zəhəri, can yansa belə.

Gəl otur yanımda, hey danışım mən,

Danışsan dodağın titrəyə bilər.

Qorxuram, gözünün içinə baxım,

Hislər iradəmi çün əyə bilər.

Bəhanə axtarım söhbət etməkçün,

Yalandan saçında lələk var deyim.

Telini oxşayım bu bəhanəylə,

Təəccüblü üzündə həyat var deyim.

Birdən gülümsəyib mənə baxırsan,

Sənə göstərirəm bax, dolu ayı.

Məndən bu qədər də çalış utanma,

Stolun üstünə tökərsən çayı.

Bir az da qırmızı oldu yanaqlar,

Bax budur tapdığım gözəllik səndə.

Qızlara yaraşan bütün məqamlar

Sakitlik, şirinlik, incəlik səndə.

***

Sən ey ölüm, haqla məni,

Deməsinlər, namərd dərdi

öldürübdü.

Sən gəl özün öldür məni,

Qoy desinlər ölüm adam öldürübdü.

Qoyma ki, sən həyat fikrin

çəksin başım.

İstəmirəm bu dünyada

ahıllanım, qocalaşım,

bu dünyanın min dərdiylə,

min səriylə qarşılaşım.

Tez gəl özün öldür məni.

Haqqın səsi, qışqır, bağır,

Sən özünü-haqqı çağır.

Qoy açılsın çox qulaqlar,

Haqq səsindən məhrum olan

bu yazıqlar.

Haqq yolunda qəbir qazan

ölülər var, dirilirlər.

Özlərini o qəbirdə gizlədirlər.

Haqq yolundan keçənlərə ilişirlər,

incidirlər.

Qoyma məni mən o yoldan

keçən zaman

o qəbirə itələyib öldürsünlər.

Arxamca da haqq yolunda

nahaq vurdu deməsinlər.

Sən gəl özün öldür məni.

O yollardan hər gün keçib

gedirəm mən.

Haqqa çatmaq uzun söhbət,

bilirəm mən.

Haqq uzaqda, əlim yetməz,

Yorğunluqdan ölərəm mən

Sən gəl özün öldür məni.

Alçaqların bəd sevgisi,

Bədbəxt edib xoşbəxtləri.

Bu sevgilər sındırıbdır

Çox arzunu, diləkləri.

Sərt küləklər söndürübdür

Şam tək yanan sevgiləri.

Sən gəl özün öldür məni.

Min-min üzlər,

Çox deyilən yalan sözlər,

yordu məni.

Yalan sevgi, yalan eşqlər

yordu məni.

Süni baxan dəniz gözlər,

o gözlərdə gizli qalan pis niyyətlər

bərabərdir

neçə-neçə yalan olan

məhəbbətlər.

Çıxmır üzə...

Çıxmır üzə daxıldəki

həqiqətlər.

Zahirdəki gözəlliklə

yalan satır bu bəşərlər.

Haqqı desəm,

onlar məni öldürərlər.

Sən ey ölüm, haqla məni,

Deməsinlər, namərd dərdi

öldürübdü.

Sən gəl özün öldür məni,

Qoy desinlər,

ölüm adam öldürübdü.

Bütün xəbərlər Facebook səhifəmizdə