Vüqar Əsgərov: "20 faiz torpaqları işğal altında olan bir dövlətdə bu qədər uğurlu işlər görülməsi həqiqətən də heyrətamizdir"

(Portret cizgiləri)

Bəzən həyatda elə insanla rastlaşırıq və onlarla söhbət etdikdə görürük ki, çox keşməkeşli həyat yaşasa da, bu insanda yaşamağa, mübarizə aparmağa həvəs çox böyükdür. Ona görə dahilər deyib ki, "hər bir insan bağlı bir kitabdır. Həmin kitabı açıb oxuduqda onun nəyə qadir olduğunu görmək olur". Mənim 3 ay bundan qabaq tanış olduğum Vüqar Fəxrəddin oğlu Əsgərovla etdiyim söhbətlər nəticəsində, onun həyatı ilə yaxından tanış olduqda gördüm ki, cəmi 39 yaşı olmasına baxmayaraq, o, həyatda böyük çətinliklər görüb. Həqiqətən onun həyatı maraqlı bir kitabdır. Onunla ilk tanışlığımızda Vüqarın belə bir mərd cəhətini gördüm. İş yoldaşlarımızdan birinin həyat yoldaşı xəstəxanada əməliyyat olunmalı idi. Vüqar özü başda olmaq şərti ilə hamıdan xahiş edib ki, ona maliyyə sarıdan kömək etsinlər. İşçilərin hamısının Vüqar Əsgərova böyük hörməti olduğuna görə hamı onun bu xahişinə dəstək oldu və həmin iş yoldaşımızın həyat yoldaşı da uğurlu əməliyyat olundu. Həmin gündən Vüqar Əsgərov mənim gözümdə bir az da böyüdü.

Vüqar Əsgərovgilin əsli Ərdəbildəndir. Vaxtı ilə Nadir şah hakimiyyətə keçəndən sonra Şah İsmayılın tərəfdarlarını, onu sevənləri incitdiyinə görə onların nəsli Qarabağa köçüb. Uluları Qarabağın Füzuli bölgəsində yaşayıblar. Orada dolanışıq ağır olduğuna görə valideyinləri Bakının Qaradağ rayonuna köçüblər. Vüqar da elə bu rayonda 1978-ci ildə dünyaya gəlib. Valideynləri ona Vüqar adını qoyublar. Elə ilk yaşlarından öz həmyaşıdlarından ağlı, fərasəti, çevikliyi, vüqarı ilə seçilib. Onu uşaq yaşlarından idmanın güləş növünə qoyublar. O, burada da seçilib və həmişə yarışlarda fəxri kürsüdə birinci yerdə durub. Birinci sinfə Bakının 106 nömrəli məktəbində gedib. Elə həmin ildən onun riyaziyyata meyli daha çox olduğunu ilk sinif müəllimi Nailə müəllimə hiss edib. Atası Fəxrəddin kişi onu 9-cu sinifdən çıxarıb, riyaziyyat təmayüllü məktəbə qoyub. Orada da ilk gündən müəllimlərin sevimlisi olub. Ailənin vəziyyəti ağır olduğundan Vüqar yenidən Qaradağa dönmək məcburiyyətində qalıb və təhsilini əvvəlki məktəbində davam etdirib. Amma həmin vaxt onların sinfi iki yerə- humanitar və texniki fənlərə bölündüyündən Vüqar da təhsilini texniki sahədə başa vurub və Qafqaz Universitetinə daxil olub. Amma pullu şöbəyə düşdüyündən və atası da həmin vaxt həbsdə olduğu üçün, maddi vəziyyətləri həddindən artıq çətin vəziyyətdə olduğindan o, təhsilini yarımçıq qoymağa məcbur olub. Belə ki, həmin vaxt heç nəyin ucbatından atası Fəxrəddin Firudin oğluna guya dövlət malını taladığına görə şər atıb, həbs etmişdilər. Artıq həmin vaxtı ailənin vəziyyəti ağır olduğuna görə Vüqargil məcbur olub evlərini də satmışdılar və atasının dostunun Hövsandakı evində qalırdılar. Ailənin ağırlığı artıq Vüqarın üstünə düşmüşdü. O, anasını, iki qardaşını və bir bacısını dolandırmaq üçün məcbur olub ki, ağır işlərdə işləsin. Çalışdığı elektrik işi təhlükəli olmasına baxmayaraq, Vüvar bu sənəti yaxşı öyrənib və artıq ondan məsləhət almağa gəliblər. Sonra Best-Elektrik şirkətində çalışıb. Çox böyük çətinlikdən sonra atasını həbsdən azad ediblər. Fəxrəddin kişi həbs olunmamışdan qabaq şirkət yaratmışdı və həbsdən azad olandan sonra da həmin şirkətdə öz işini davam etdirib və ailənin bütün çətinliyini özü həll edib. Vüqar 1999-2000-ci illərdə ordu sıralarında qulluq edib. O, əvvəl ön cəbhədə və sonra arxa cəbhədə xidmət edib. Vüqar idmançı olduğuna görə ilk gündən hərbçi yoldaşları arasında da fərqlənib. Onu kiçik çavuş qoyublar. Taborda gizir olmadığından Vüqar onun işini də görüb. Ordudan azad olandan sonra o, təhsilini davam etdirib və ali təhsilli mühəndis olub.

Vüqarın əmisi Şahlar Əsgərov isə 1992-93-cü illərdə ordu sıralarına gedib. Şahlar döyüş bölgəsinə düşüb və Qarabağ döyüşlərində iştirak edib. O, həmin döyüşlərdə böyük igidlik, şücaət göstərərək şəhid olub. Ermənilər onun meyidini vermək istəməyiblər. Həmin vaxtı atası Fəxrəddin kişi ermənilərdən qorxmayaraq, vertolyotla ora gedib və ermənilərdən intiqam alaraq, qardaşının meyidini gətirib. Bu gün Bakının Sahil qəsəbəsində əmisi, Milli Qəhrəman Şahlar Əsgərovun adına küçə var.

2012-ci ildə AZFEN Şirkəti onu işə dəvət edib. Vüqar Əsgərov burada formen-supervayzer olub. Eləcə də buranın 8 qızıl qaydası ilə tanış olub. Burada hər gün yeni bir şey öyrənib. O, ailəlidir və iki övladı var.

Vüqarla həmsöhbət olarkən o, keçmişə nəzər salıb belə dedi: "Bir dəfə Qız qalasından şəhərə baxdım və gördüm ki, Bakı şəhəri çirkabın içərisindədir. Amma ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın istəyi ilə haikimiyyətə gələndən sonra təkcə Bakı yox, Azərbaycan günü-gündən gözəlləşib. 1988-ci ildən 1993-cü ilə qədər davam edən xaos vaxtlarında Azərbaycanda bütün böyük zavodlar dağıdılmışdı. Həmin zavodların əsas detalları İrana və Türkiyəyə satılmışdı. Demək olar bütün müəssisələr bərbad vəziyyətə düşmüşdü. İşsizlik baş alıb gedirdi. Amma Ulu Öndər az bir zamanda Azərbaycanda görünməmiş böyük işlər gördü. Ən əsası atəşkəsə nail oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin müəllifi, qurucusu oldu. Onu da vurğulayım ki, tarixlər boyu Türk fatehləri əllərində qılınc bütün türkdilli xalqları birləşdirmək istəyib. Amma onlar buna nail ola bilməyiblər. Lakin dahi rəhbər Heydər Əliyev atalarımızın "Ağıl olan yerdə gücə heç bir hacət yoxdur" məsəlini özünə ali məqsəd kimi qəbul edib, Bakı-Tbilisi-Ceyhan neft kəmərini reallaşdırmaqla bütün türkdilli xalqları iqtisadi cəhətdən birləşdirdi. Artıq türkdilli xalqlar həm iqtisadi və həm də mədəni sahələrlə birləşiblər. Ulu Öndərdən sonra cənab İlham Əliyev də onun yolunu uğurla davam etdirib, çoxlu maraqlı layihələri də reallaşdırdı. Bakı-Tbilisi-Ceyhan qaz kəmərinin çəkilməsi, çoxlu müəssisələrin yenidən əsaslı təmir olunması, yenilərin tikilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, Bakıda və regionlarda çoxlu binaların tikilməsi, iqtisadi və texnoloji sahələrin sürətlə inkişaf etməsi, Azərbaycanı MDB məkanında ən aparıcı dövlətlərdən biri etdi. Bu yaxınlarda yenə də Qız qalasına çıxmışdım. Oradan Bakı elə gözəl görünür və adam inana bilmir ki, bu qədər böyük işlər belə qısa vaxtın içərisində görülüb. 1 milyon 200 min qaçqını olan, 20 faiz torpaqları işğal altında olan bir dövlətdə bu qədər uğurlu işlər görülməsi həqiqətən də heyrətamizdir. Deməli, biz qətiyyətlə deyə biləri ki, Azərbaycan cənab İlham Əliyevin sayəsində özünün intibah dövrünü yaşayır. Şahdəniz-2 layihəsi də tezliklə hazır oalacaq. Həmin vaxt Azərbaycan iqtisadi cəhətdən bir qədər də yüksələcək. Artıq çoxlu xarıcı ölkələr bu layıhə ilə iqtisadi cəhətdən bizdən asılı olacaqlar. Həmin vaxtı ermənilər istəsələr də, istəməsələr də torpaqlarımızı boşaldacaqlar. Həmin günlər heç də uzaqda deyil. Mən buna qətiyyətlə inanıram".

Elnur AĞALAROĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə