20 noyabr 1991-ci il saat 14.42. Qara xəbərin ayağı yüyrək olur,- deyiblər. Xocavəndin Qarakənd səmasından üstümüzə şığıyan qara xəbər ürəyimizi göynətsə də, başımızı hərlətsə də, gözlərimizə yaş gətirsə də, səndirlədik, amma yıxılmadıq və qəddimizi düzəltdik. Axı, xalqımızın bu igid ogulları, mərd ogulları diz üstə çökmədilər və düşmən ayağında sürünmədilər. Vətən, xalq yolunda ölümə getmək lazım idi, getdilər və o yolda müqəddəs şəhidliklərinə qovuşdular. Mən də çoxları kimi o gün hayqırmaq, bağırmaq, coşmaq –daşmaq istədim. Göz yaşlarım Azərbaycan xalqının bu igidləri üçün yanaqlarım boyu sakit-sakit süzüldü...

Ürəyim bu günlər qövr etdi yenə. Onlarin hamısından – Məhəmməd Əsədovdan da, Zülfü Hacıyevdən də, Alı Mustafatevdən də .. hamısından-hamısından yazmaq istədim. Onların əksəriyyətini yaxından-yaxına tanıyırdım. Amma təkcə bir nəfərdən – ondan, həmişə dard-sər bölüşdüyüm, fikir aydınlaşdirdığım bir nəfərdən yazmaq mənim bütün mənəvi borclarımı üstələyirdi... Ondan həytda olduğu kimi və göründüyü kimi yazmaq istəyirdim.

Yenə özümü həmin pəncərənin qabağında o günlərdə olduğu kimi hiss etdim: gecədən xeyli keçmişdi. O pəncərəyə yaxınlaşıb çölə baxdım. Mənim yaşadığım mənzillə onun ış otağının arasındakı bir parça zil qaranlıq səmada həmişəki tək yeddi qardaş – kiçik ayı bürcü gözəlliyi ilə cilvələnirdi. Sazaqlı bir hava idi. Nəzərlərimi ötəri olaraq onun kabinetinin üzbəüz pəncərəsinə tərəf çevirdim və təəccübləndim. Adətən, axşamlar saat 9-dan sonra işıqları söndürülən bu binanın ətrafından əl-ayaq hənirtisi, maşın səsi kəsilmiş olurdu. Təkcə 1-ci mərtəbədə növbətçi otağının işığı səhərədək yanılı qalrdı. İndi isə binanın bütün ışıqları bir-birinə qarışmışdı. İçərıdə var-gəl edən kölgələr görünürdü. Bu vəziyyət şəhərdə nəsə qeyri-adi bir hadisənin olmasından xəbər verirdi. Böyük həyəcanla telefona tərəf getdim. Dəstəyi özü qaldırdı:

-Nə olub, nə baş verib?-deyə soruşdum. Həmişəki şaqraq səsdən əsər-əlamət yoxdu: - Hələ tam aydın deyil, nəsə ciddi bir şeydi,-dedi, - səhər aydınlaşacaq. Özündən muğayat ol,-deyib tələsik dəstəyi yerinə qoydu. Heç özünə oxşamırdı, səsində güclü bir həyəcan, güclü bir təlaş duyulurdu. Nigarançılığım daha da artdı. Səhər- sübhü gözləmədən əynimi geyinib aşağı düşdüm. Həyətdə adamlar, milislər əhatəsində dayanan KQB-nin məsul işçisi Rafiq Axundovu, gir-çıx edən patrul maşınlarını görəndə, sanki vardan yox oldum. Baş verən hadisənin ciddiliyini anladım. Deməli, mənim fikirləşdiyimdən də ağır hadisələr baş verimişdi gecə. Bu, Sumqayıtın tarixinə qara hərflərlə yazılmış 1988-ci ilin məşum fevral hadisələrinin başlandığı gecə, bu bina Sumqayıt şəhər Prokurorluğu, mənimlə telefonda danışan isə şəhər prokuroru İsmət Qayıbov idi.

Həmən günlər –bütün şəhər dərd-ələm, ağır hadisələr içərisində çırpınırdı. Biz -9-cu mikrorayon 53-cü evin sakinlərı isə Prokurorluqda, onun həyət-bacasında baş verənlərin canlı şahidlərinə çevrildik. Rusiyadan bir gecənin icərisində Sumqayıta desant tökülmüş, əllərində zəncir çeynəyən ovçarkalar tutmuş pəzəvəng rus hərbi qulluqçuları hadisələr baş verən məhəllələri, əsasən Prokurorluğu və onunla üzbəüz olan bizim binanı mühasirəyə almışdilar. Onlar səhərədək qapılarımızı döyərək pasport rejimini yoxlayır, insanları yerindən qaldıraraq pasportla eyniliklərini tutuşdurur, şübhələndiklərini qol-boyun edib, Prokurorluq binаsına aparırdılar. Pəncərələrə yaxın düşməkdən ehtiyat edir, özümüzün nəqafil gülləyə tuş gələcəyimizdən qorxu hissi keçirirdik. Şəhərin bütün döngə-dalanları zirehlii maşinlar, üstü pulemyotlu tanklar ilə tutulmuş, komendant saatı tətbiq edilmişdi. Prokurorluq həyətində və binasında baş verənlər indiyədək müharibə filmlərində gördüyümüz qeyri-adı səhnələri xatırladırdı. Moskvadan ezam olunmuş istintaq qrupu gecə-gündüz bilmədən fəaliyyət göstərirdi. Başda V. Qalkin famılıyalı birisi olmaqla – müstəntiqlər O. İlyin, P. Bondarenko, V. Mişin, İ. Xaritonov, N. Ostin baş vermiş hadisələri birə-beş şişirtməklə bütün qarayaxmalardan ermənilərin xeyrinə istifadə edir, bu hadisələrə əvvəlcədən düşünülmüş, planlaşdirilmış kimi don geyindirməyə çalışir, daha çox gənci "ət maşınından" keçirmək kimi məkrli bir niyyətdə bulunurdular. Bu zaman isə onlar öz qarşılarında "qoç döyüşünə aslan pəncəsi" kimi dayanan şəhər prokuroru İsmət Qayıbovu görürdülər. O, böyük ciddi - cəhdlə hadisələrə nüfuz edir, günahı olmayan gənclərı müxtəlif yollar və üsullarla bu fəndgir istinтагчыларын əllərindən qurtarmağa çalışır, onların günahsızlıgının sübutu üçün müxtəlif versiyalar düşünüb işləyir, alibilərlə istintaqdan yayındıdırır, yaxşı vəkillərlə, həm də pulsuz təmin olunmasında mühüm tədbirlərə əl atırdı. Bəli, fevral hadisələrinin araşdırılmasında, haqqa söykənməsində İsmət Qayıbovun bir prokuror kimi o vaxtkı hadisələrə nüfuzetmə bacarığı bu gün də danılmazdır və yüksək dəyərləndirilməlidir. O vaxtlar o, bir çox sumqayıtlı gəncın Rusiya həbsxanalarında əzab-əziyyətə düçar edilməsinin qarşısının alınmasında öz fədakarlığı, yenilməzliyi sayəsində ciddi addımlar atdı və çox halda istintaqçıların qərəzli mövqelərini puça çıxarmağı bacardi. Elə buna görə də o, Sumqayıt əhalisinin yaddaşında əzmkar, haqqa- ədalətə söykənən bir prokuror kimi indi də yaşamaqdadır.

İndi də düşünürəm ki, bu yolun yolçusu olmaq üçün gündən-günə prokuror kimi püxtələşən, yüksələn, müdrikləşən İsmət Qayıbov nələrdən keçməmişdi ki?

1980-cı ilin qızılı payız günlərindən biri idi. Növbəti ezamiyyə yolum İsmayıllı rayonuna düşmüşdü. Rayon Partiya Komitəsinin birinci katibi, bir vaxtlar müntəzəm dərc edildiyim "Azərbaycan Gəncləri" qəzetinin redaktoru Qəşəm Aslanovla görüşüb hal-əhvallaşdıqdan sonra bildirdi ki, səni bu rayonun bir vəzıfə adamı ilə görüşdürəcəyəm. Çox maraqlı bir insandır, Sonra dəstəyi götürüb zəng vurdu və dedi: –Səninlə tanış olmağa bir jurnalist xanım göndərirəm, mənim qəzetımdə çox dərc olunub, yaxşı qələmi var,- sonra zarafatla əlavə etdı,- "Kirpi"də işləyir, çalış ki, qələminə ilişməyəsən, səhər mən Bakıya getməliyəm, bu xanımın bütün qaygılarını sənə həvalə edirəm. Elə et ki, bizdən narazı getməsin.

İsmət Qayıbovu tanıyanların, dost-tanışların hansı ondan narazı idi ki, mən də narazı olum? Uzaqdan-uzağa xəbərim vardı, prokurorluğa komsomol fəallığından öz biliyi-bacarığı ilə gəlmışdi. Deyilənə görə, gənc olmasına baxmayaraq, "yerin altını da, üstünü də" bilirdi, məclislər söhbəti, şeir-musiqi xiridarı idi. İndi bilmirəm, onun səmimi insan olduğunumu deyim, erudisiyasındanmı danışım, zarafatcıl xasiyyətindənmi söz açım ki, siz onun necə bir şəxsiyyət olduğunu biləsiniz? O vaxtlar bəzən düşunürdüm ki, o, öz xarakteri -həyatsevərliyi ilə prokurorluq vəzifəsinə o qədər də uyğun gəlmir. Amma sonra ona haqq qazandıraraq, özümə sual verirdim ki, bəs əsl prokuror necə olmalıdır ki? Ciddimi, qaraqabağmı, acıdilmi? Bu sualın cavabını isə onun gördüyü işlərdə, əməllərdə tapırdım. Çalışdığı rayonlarda qurucu bir insan kimi səliqə-sahman yaradıb ortaya çıxardığı baxımlı Prokurorluq binalarını, təbiətsevərliklə ərsəyə gətirdiyi axar-baxarlı- hər güldən bir gül yetişdirdiyi dendrariləri, saldığı gül-çiçək bağçalarinı, yaşıllıqları qonaq-qarası kəsilməyən prokurorluq yeməkxanaları yadima salıb, onun tamamilə başqa bir qiyafətdə prokuror olduğunu qiymətləndirirdim. Peşə borcumla əlaqədar çoxlu vəzifə adamı görmüş, danışmış, yazı yazmışdım. Amma onun öz statusunda heç kəsə bənzərliyini görməmişdim. Böyüklə böyük, kiçiklə kiçik bir insan –bir prokuror idi İsmət Qayıbov. Hətta ağır cinayətlər törətmiş insanlar belə ona inanır, onunla dərd-sər bölüşür, ondan öz səlahiyyətləri daxilində mərhəmət gözləyirdilər.

... Ertəsi gün dağ partladılması qrafikini əyarlayıb məni öz xidməti maşınında füsunkar Lahıca göndərməsini də canlı-canlı xatirlayıram bu gün. Dağların döşü ilə Lahıca yol çəkilirdi onda. Lahıcın çay daşı döşənmiş, bir arabanın güclə keçə biləcəyi dolanbac yollarından ötüb oralarda İkinci Dünya Müharibəsindən hələ də özünün sahib qardaşlarını gözləyən nadir 40 otaq dairəvi həyətin sökülüb-dağılmasına böyük təəssüf hissi ilə baxdm bu kənddə. Yaşlılar burada hazırlanmış məşhur Lahıc "dayandoldurum" tüfənglərindən, qısa lüləli "zəmburaki" toplarının tarixini söylədilər mənə – bütün bunlardan, dədə-baba peşəli misgərlərindən yazı yazdım. "Zvon uxodit v nebo" ( " Cingilti göylərə qalxir") adlı məqaləm Bolqarıstan Yaziçılar İttifaqının jurnalı olan "Drujba" da dərc edildi Lahıc xatirələrimdən... Hətta başqa bir dəfə yenə Lahıca getmək arzusunda olduğumu bildirərkən, İsmət Qayibov şaqraq, gur səsilə dedi ki, dünyanın heç bir yerində amozonkalara rast gələ bilməzsən, təkcə Lahıcdan başqa. Sonra da əlavə etdi, "daha amozonkalar kəndi necə olur ki? Qəsəbəni idarə edənlər – qəsəbə Sovetinin sədri qadın, partiya təşkilatının katibi qadın, baş həkimi – qadın... Üstəgəl, onlardan yazı yazacaq jurnalist də qadın".

Daha sonra Əli-Bayramlı şəhər Prokurorlugunda hansı bir şikayət ərizəsi ilə əlaqədar görüşdük. Ayrılanda yenə həmişəki tək sağollaşmaq əvəzinə adəti üzrə dostlara təkrarladığı -"özündən muğayat ol, dost". – dedı .

Sonra da Sumqayit şəhəri... Onun bu şəhərdə qurub- yaratdığı, abadlaşdırdığı hər iki Prokurorluq binası, bir mahnıda deyildiyi kimi saldırdığı "ağ ğül, qirmizi gül, bir də sarı gül" rayihəli bağça- bağlar, əkdirdiyi ağaclar boy atıb böyüyüb və indi də öz gözəlliyi ilə ata-anasına rəhmət oxutdurur.

Axirincı görüşümüz 17 yanvar 1990-cı ildə oldu. Azərbaycan xalqının qanlı-qadalı tarıxinə 3-cə gün qalırdı... Bakının üstündə qara buludlar toplaşırdi. Axşam çoxdan düşmüşdü. Bıləcəri enişinin bilərəkdənmi-bilməyərəkdənmi asvaltı sökülmüş, yollarına maşın-maşın çay daşları tökülmüşdü. Bənd-bərələr öz sayalığı ilə seçilən sadə adamların əli ilə boş avtobuslar, maşınlar, daha nə bilim, nələrlə özüsayağına bağlanmışdı. Hələ heç kəs qarşıdan gələn böyük təhlükənin, fəlakətin azmanlıgını duymurdu. Sumqayıta maşınlar işləmirdi. Xırdalan yaxınlılığından - körpünün altından xəbər gətirildi ki, Bakıda işləyən sumqayıtlılar körpünün altınadək birtəhər piyada gəlsinlər, oradan mikroavtobuslarla daşınacaqlar. Mən də hamı kimi yolu tutub "Spartak" stadıonunun qarşısından ora doğru yolлaldım. Enişdə ayaqlarımızı kələ-kötür daşlar əzə-əzə darmadağın yolla aşağılara tərəf yürüyürdük. İndiki avtovağzalın yerində maşın ehtiyat hissələrı satılan "Turist" mağazasının qarşısında, bizə əks istiqamətdə dayanmış "QAZ-24" markalı maşının üzərinə hardansa işıq topası düşmüşdü – tanış nömrə idi - "07-80" . Bu o idi- Sumqayıt şəhər Prokuroru –İsmət Qayıbov. Birtəhər o birisi tərəfə adlayıb yaxınlaşdım. Sumqayıtın o məşum gecəsindən sonra onu ikincı dəfə idi ki, belə dalğın və qayğılı görürdüm. Sumqayıt şəhər Məhkəməsinin Baş hakimi ilə yuxarı çıxmaga yolu kəsilmiş xidməti maşına söykənb dayanmişdılar. Sürücü də onların yanında idi. Bəlkə də həyatda ilk dəfə idi ki, onlar nə edəcəklərini kəsdirə bilməyənsayaq görürdüm. O məni görən kimı dikəlib bir addım irəli gəldi və salamsız- kəlamsız qulağıma pıçıldadı: -Böyük hadısələr baş verə bilər. Birtəhər özünü evə çatdır, Bakiya bir-neçə gün işə gəlməyə çalişma. Bu əzmkar bir insanın mənə hökmü idi. Ayrılanda arxamca "özündən muğayat ol, dost" – ifadəsini işlətdi yenə..

... Qara yanvar günü özünü çox da gözlətmədi. 20 yanvar 1990-cı il Azərbaycan tarixinə Qanlı bazar" günü kimi daxıl oldu, o gecə. "No Pasaran" deyib rus və ermənilərin birləşdiyi azğın "Alfa" qrupu qarşısına əliyalın çixan sadə insanlar gülləbaran edildi, pulemyotdan keçirildi, neçə ailənin çırağı söndürüldü, ahü-naləsi ərşə dirəndi o gecə. O gecə urəyi azadlıq eşqi ilə döyünən insanlar tanklar altına salındı, açılan gülləllər övladlarımızın qanına bələnib qırmızı qərənfillərtək səpildi şəhidlərımız üzərınə səhər ertə...

...Daha sonra tarixinə bu Qanlı günlə əldə edilən müstəqillik yazdı. Azərbaycan xalqı. Azadlıq qazanmış bir ölkənin ilk Baş Prokuroru məhz İsmət Qayibov oldu. . Alqışladıq, sevindik, uğur arzuladıq ona. Mizan-tərəzi düz əllərdədir – söylədik o zaman.

O, dost-tanışlarla sağollaşıb ayrılanda "özündən muğayat ol, dost" deyərdi hər birimizə... Özü də bu dünyada hamıdan muğayat olmağa çalışar, hamıya köməyə çatar, xeyirxahlığını, məsləhətini heç kəsdən əsirgəməzdi heç zaman.

Təkcə özündən muğayat ola bilmədi İsmət Qayıbov bu dünyada, ömrünün 50-ci baharında bu çarpışmalarda... Özündən sonra yadıgar qalmış İsmayıldan, Firuzədən, xanımı Leyladan muğayat ola bilmədi. Onların nisgillərini, həsrətlərini, göz yaşlarını yadigar apardı özü ilə bu dünyadan.

... Gecələr tez-tez yenə həmin pəncərənin önünə gəlirəm. Qış gecələrinin soyuq-sazağında yenə o Yeddi qardaş bürcünün ulduzlarını axtarıb tapmağa çalışıram o bir parça göy ənginliklərində.. Artıq onun ən kiçik ulduzunu seçə bilmirəm daha bu gecələrdə, bu göylərdə. Nənə-babalarımızın bir kəlamını yadıma salıram onda: "göydən bir ulduz uçdusa, yer üzünün müdrik bir insanı tərk etdi bu dünyanı",- deyirdilər onlar. Elə bununla da təskinlik tapıram bir anlığa:– yox-yox, o cürətdə, o mərdlıkdə, o sədaqətdə insan ölə bilməz,-söyləyirəm öz-özümə. Bəlkə o yeddincı ulduz elə sənsən, İsmət Qayıbov?! 25 il bundan öncə o vertolyota minib insanlara kömək etmək üçün haralarasa uçub getdin,?! Uçub kəhkəşandakı ulduzlara qoşuldun bəlkə, ölümünlə ölməzliyə çevrıldın bizlər üçün?!

Zümrüd BALOĞLANOVA

Bütün xəbərlər Facebook səhifəmizdə