“Nabat xalanın çörəyi” beynəlxalq dildə FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Mərkəzində Xalq şairi Nəriman Həsənzadənin uzun illər oxucuların ən sevimli əsərlərindən biri olan, "Nabat xalanın çörəyi" povestinin ingilis dilində tərcüməsinin təqdimat mərasimi keçirilib.

Tədbir başlamamışdan əvvəl manitorinqdə Nəriman Həsənzadənin həyat və yaradıcılığına həsr olunan sənədli film göstərildi. Bu filmi də sevimli müğənnimiz, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında "Sən bağışladın" mahnısı müşayət edirdi. Tədbiri layihənin müəllifi, Azərbaycan Dillər Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, "Sönməz məşəl" Mədəni əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva açaraq, "Nabar xalanın çörəyi" povestinin ingilis dilində ərsəyə gəlməsi, bu müqəddəs işdə onlara yardımçı olanlar haqqında maraqlı məlumat verdi. Sonra sözü Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevə verdi. O, Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı haqqında söz açaraq, belə dedi:

- Mən tələbə olduğum vaxt, biz inşaat dəstəsi ilə Nabrana işləməyə gedən ərəfədə, o vaxtlar 1979-cu ildə "Ədəbiyyat və İncəsənət" qəzetinin baş redaktoru işləyən, sevimli şairimiz Nəriman müəllimlə görüşdük. O, həmin vaxtı çox gözəl bir söz dedi: "Həyatda yaradılan, yazılan, qurulan qalır". Sevinirəm ki, bizim həmin vaxt Nabranda tikdiyimiz orta məktəb binası bu günə kimi də qalır. Nəriman müəllim bir şeirində deyir ki, "Bu dünyanı mənə sən başışladın". Amma onu da vurğulamaq istəyirəm ki, Nəriman Həsənzadə də Azərbaycan xalqına çoxlu maraqlı, tarixlər boyu yaşayacaq əsərlər başığlayıb. Bu əsərləri biz sevə-sevə oxuyur və onlardan özümüz üçün çox şeyləri əxz edirik. O, Azərbaycan poeziyasına bir həlimlik, ruhu dincəldən misralar gətirib. Ona görə də onun sözlərinə yazılan musiqilər də xalq tərəfindən həmişə sevilir. Bu da Nəriman müəllimin şeirə gətirdiyi həzinliyin böyük qüdrətidir ki, melodiya ilə insanı necə ram etmək olar. Bütün bunlar da Nəriman müəllimin poeziyasının, qələminin böyüklüyüdür. Mən burada dekan işlədiyim vaxtlarda Nəriman Həsənzadə ilə bir neçə görüşlər keçirilib. Həmişə də həmin görüşlərə tələbələrimiz çox böyük həvəslə gəliblər. Deməli, Nəriman müəllim bizim cavanların da ən sevimli şairlərindən biridir. Mən, özümü xoşbəxt insan hesab edirəm ki, məhz bizim universitetin işçilərinin layihəsi əsasında Nəriman müəllimin əsəri dünyanın aparıcı dillərindən biri olan ingilis dilinə tərcümə olunaraq, kitab kimi çap olunub. Onlar çalışıblar ki, bu əsərin ruhunu ingilis oxucularına lazım olan səviyyədə çatdırsınlar. İnanıram ki, ingilis dilinə tərcümə olunan "Nabat xalanın çörəyi" povestini həmin dildə oxuyan insanlar arasında da məşhur olacaq. Bizim universitetdə başqa dillər də tədris olunur. Arzu edərdim ki, Nəriman Həsənzadənin əsərləri həmin dillərə də tərcümə olunsun.

Sonra söz Azərbaycan Diplomatiya Universitetinin müəllimi və bu əsərin tərcüməçisi Elnur İmanbəyliyə verildi. O, bu kitabı necə tərcümə etdiyi haqqında, müəlliflə kitab üzərində necə işləmələri və bəzi sözlərin, cümlələrin ingilis dilli oxuculara dəqiq çatdırılması haqqında söz açdı və sonda belə dedi:

- Azərbaycan mədəniyyətini dünya xalqlarına müxtəlif dillərdə çatdırmaq işində böyük işlər görən Dillər Universitetinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Onlar bu sahədə böyük potensiala malikdirlər. Müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Nəriman Həsənzadə ilə yaxından tanış olmaq mənə taleyin ən xoş hədiyyəsi idi. Bu kitabın müəllif tərəfindən ingilis dilinə tərcümə olunması təklifi isə mənə ikinci bir hədiyyə oldu. Əziz Nəriman müəllim, bu cavabdehli işi məhz mənə inanaraq təklif etməyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Bu iş prosesində çox maraqlı hadisələr olub və onlar mənim yaddaşıma əbədilik həkk olunub. Kitabda elə maraqlı el sözləri, deyimlər var ki, onları ingilis dilli oxuculara olduğu kimi çatdırmaq çox çətin idi. Bu işdə mənə köməklik edənlər - kitabın redaktorları, amerikalı Cynthia Murphuna və Vakub Csabayninə də öz təşəkkürümü bildirirəm. O, çıxışını Nəriman Həsənzadəyə həsr etdiyi şeirlə bitirdi.

Sonra kitabın redaktorları Cynthia Murphun və Vakub Csabayn tədbirdə iştirak edə bilmədiklərinə görə onların çıxışı video ilə göstərildi. Və onlar da kitab üzərində işlərindən maraqlı faktlar dedilər və belə maraqlı əsər yazdığına görə Nəriman Həsənzadəyə öz minnətdarlıqlarını bildirdilər.

"Nabat xalanın çörəyi" əsərini ingilis dilində oxuyan Amerika Mərkəzinin əməkdaşı Aytac Misgərli kitabla bağlı bu sözləri dedi:

- Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şəxsiyyətdir. Mən onu orta məktəb illərindən sevə-sevə, dönə-dönə oxumuşam. "Nabat xalanın çörəyi" povestini də Azərbaycan dilində elə orta məktəb illərində oxumuşdum. Həmin illərdə mənə çox təsiredici bir əsər olmuşdu. Bu yaxınlarda isə onun ingilis dilinə tərcümə olunan variantını da oxudum. Məktəb illərində hansı hissləri keçirmişdimsə, yenə də həmin hissləri keçirdim. Çünki tərcümə o qədər sadə, o qədər aydın dildə olunub ki, ilk başlanğıcdan oxucunu öz ardınca apara bilir. Burada Azərbaycan milli adət-ənənələri, xalqımızın insanlarının dilindən verilən dəyərlər, deyimlər Nabat xalanın qonşularının onun övladını necə sevmələri, Qiyamın sevgisi və başqa maraqlı məqamlar gördüm ki, ingilis dilində də maraqla tərcümə olunub. Burada azərbaycanlıların bir-birinə necə dəyər verməsi qırmızı bir xətlə əsər boyu keçir. İngilis dilli oxucular da bunu aydın görəcəklər. Müəllif əsərdə yazır ki, Nabat xalanın dünyasını dəyişməsi ilə Qiyamın üzünə bir qapı bağlandısa, yüzlərlə qapı açıldı. Nəriman müəllimin üzünə isə belə maraqlı əsərləri ilə milyonların qapısı açılıb. Bu qapılar təkcə Azərbaycanda yox, elə "Nabat xalanın çörəyi" tərcümə olunan, rus, fars, türk dillərinə çap olunmaqla dünya xalqlarının qapısı da Nəriman müəllimin üzünə açılıb. Deməli, Nabat xala dünyanın ən xoşbət analarından biridir ki, onun övladını artıq beynəlxalq səviyyədə tanıyırlar, sevirlər və onun yaradıcılığına böyük dəyər verirlər.

Sonra bu tədbirdə iştirak edən qonaqlardan, tanınmış ədəbiyyat və incəsənət xadimlərindən - Rüstəm Kamal, Məti Osmanoğlu, Qəşəm Nəcəfzadə, Aqşin Ağkəmərli, Ağalar İdrisoğlu, Atababa İsmayıloğlu, Elmira xanım, Şöhrət müəllim və başqaları da çıxış etdilər. Onlar bu əsərin ingilis dilinə tərcümə olunmasını bir hadisə kimi vurğuladılar. Həm də ən maraqlısı budur ki, artıq belə əsərləri azərbaycanlı tərcüməçilər tərcümə edib, ingilis oxucularına təqdim edirlər. Eləcə də bundan əvvəl Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" pyesinin də ispan dilinə tərcümə olunması bu əsərin artıq coğrafi genişliyinə köməklik edib və bu dildə danışan xalqlar tərəfindən maraqla qarşılanıb. "Naban xalanın çörəyi" əsəri ilk dəfə 1973-cü ildə "Azərbaycan" jurnalında çap olunan vaxtdan oxucuların sevimlisi olub. Çox unukal bir əsər kimi dəyərləndirilib. Burada elə cümlələr var ki, bir sözdən ibarətdir və bu, bir söz oxucunun əbədi yaddaşında qalır. Xalqın dövrünün böyük bir hissəsini qısa cümlələrlə oxucuya çatdırmaq, yazıçıdan böyük ustalıq tələb edir. Bu əsərin ən böyük marağı ondadır ki, əsər boyu oxucunu Nabat xalanın halal çörəyi, xamralı çörəyi müşayiət edir. Sevindirici haldır ki, bu gün internet səhifələrində də ən çox paylaşılan Nəriman müəllimin əsərləridir. Onun lirik və təbiət şairi olması da Allah vergisidir. Azərbaycanda avtobioqrafik əsərlər çox yazılıb. Onların içərisində ən yüksəkdə dayanan "Nabat xalanın çörəyidir". Ona görə də jurnalda çap olunan vaxtdan, kitab kimi işıq üzü görən gündən oxucunu həmişə sehirli bir aləmdə saxlayıb. Bu, Azərbaycan analarına, nənələrinə həsr olunan ən mükəmməl nəsr əsəridir. Eləcə də onun "Kimin sualı var?" poeması da avtobioqrafik əsər kimi çox mükəmməldir. Bu əsərlər də elə bil ki, bir-birini həm nəsr və həm də nəzm formasında tamamlayırlar. Azərbaycanda qadın əllərini ən yüksək poetik formada təsvir edən iki şair var. Bunlardan biri Mikayıl Müşfiqdir, ikincisi onun mənəvi övladı Nəriman Həsənzadədir. "Anamın səsi ovcunun içindən yumşaq idi. Biri kürəyimi dağlayırdı, o biri ürəyimi sığallayırdı". Bax, budur Nəriman Həsənzadə yaradıcılığının böyüklüyü. Bunu danmayaq ki, bu gün şairlər çoxdur, amma yaxşı şeirlər çox azdır. Ona görə də Nəriman Həsənzadə xalqımızın milli sərvətidir. Onu da vurğulayaq ki, Nəriman Həsənzadə, böyük yazıçımız Mir Cəlal Paşayevin qayğısının yadigarıdır. Azərbaycan ədəbiyyatının

dünyaya çıxış yolu, bu ədəbiyyatın xarici dillərə tərcümə olunmasıdır. Ona görə də biz tərcüməçilərə minnətdar olmalıyıq. Azərbaycanda kökə bağlı şairlər əsasən Hüseyn Arif və Nəriman Həsənzadədir. Onları tərcümə etmək, tərcüməçidən böyük ustalıq tələb edir. Azərbaycan müstəqil dövlətinin möhkəmlənməsində, o taylı, bu taylı azərbaycanlıların bir-birini sevməsində də Nəriman Həsənzadənin yaradıcılığının böyük xidmətləri var. Ümumiyyətlə güneyli-quzeyli azərbaycanlıları bir-birinə yaxşı tanıtmaq üçün yazarlarımızın boynuna böyük yük düşür. Nəriman Həsənzadə bu yükü daşıyan ən aparıcı yazıçılarımızdandır. Nəriman Həsənzadə, dövründən asılı olmayaraq, həmişə gəncliyin şairi kimi oxucuların sevimlisidir. Elə bundan sonra da sevimlisi kimi qalacaq. Çünki, onun qaldırdığı məsələlər təkcə bir xalqın yox, ümumbəşəri məsələlərdir. Deməli, Nəriman Həsənzadə dünyanın hansı xalqını dilinə tərcümə olunacaqsa, orada da həmişə seviləcək.

Sonda söz Xalq şairi, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü Nəriman Həsənzadəyə verildi. O, belə dedi:

- Mən çox şadam ki, əsərimi ingilis dilinə tərcümə ediblər. Bu layihənin yaradıcılarına dərin təşəkkürümü bildirirəm. Bu gün Dillər Universitetində dünya miqyasında böyük işlər gedir. Buna görə Əfqan müəllimə də təşəkkürümü bildirirəm. Bəli, siz hamınız doğru deyirsiniz ki, qadın böyük qüvvədir. Yadıma gəlir ki, anam mənə şirinçay verəndə, soruşurdum ki, bəs özün niyə içmirsən? Deyirdi ki, əgər mən də şirin çay içsəm, onda qəndimiz qurtarar. Məni bu gün nisgildə saxlayan odur ki, mən anama da, həyat yoldaşıma da, bacıma da həsrət qalmışam. Çünki onlar vaxtından tez dünyalarını dəyişdilər... Bəli, mən kimsəsiz olmuşam. İstedadlı adam kimsəsiz olanda onun işləri çox çətin olur. Ona görə də istedadlı adamlara kömək etmək lazımdır. İstedadsız adamlar isə özlərinə yol açmağı yaxşı bacarırlar. Mən, ömrüm boyu böyük yazıçımız, alimimiz, müdrik şəxsiyyətimiz Mir Cəlal müəllimə minnətdaram. O, həqiqətən də həyatda mənim mənəvi atam olub. Bu haqda mən dəfələrlə yazmışam və radio, televiziya çıxışlarımda demişəm. Bu dahi insan hətta öz oğlu Arif Paşayevə siyahı ilə düşən evi mənə verib, Arif müəllimi kooperativ formada siyahıya yazdırıb və oradan onun üçün ev alıb. Hətta kooperativə verdiyi pulu da başqasından borc alıb. Məgər belə dahi insanı unutmaq olarmı? Onu da vurğulayım ki, Mir Cəlal müəllim təkcə mənə yox, yüzlərlə tələbələrinə, cavanlara köməklik edib. Bəzilərinin imtahandan kəsilməməsinə, bəzilərinin təqaüd almasına, bəzilərinin işlə təmin olunmasına, elmi işlərini müdafiə etməsinə əlindən gələn bütün köməklikləri təmənnasız edib. Elə bil ki, bunu özünə mənəvi borc bilib. Biz, belə müdrik ağsaqqallarımızla fəxr etməliyik. Ulu öndər Heydər Əliyevə də mən çox minnətdaram. O, dahi insan da mənim həyatımda çox böyük rol oynayıb. Əgər Ulu Öndər çətin məqamlarda məni qorumasaydı, indi mən burada sizin qarşınızda çıxış edə bilməzdim. Dahi Heydər Əliyev hətta elm, ədəbiyyat və incəsənət xadimlərini də bir-birindən qoruyurdu.

Bu gün bu tədbirdə çıxış edənlərə, bura toplaşanlara da öz təşəkkürümü bildirirəm.

Burada mənim ünvanıma xoş sözlər deyildi. Buna görə hamıya minnətdaram. Hamınız sağ olun. Bu əsərin çox maraqlı yazılma tarixçəsi var. Mən "Azərbaycan" jurnalında şeir şöbəsinə rəhbərlik edirdim. Həmin vaxtı nəsr formasında qeydlər eləmişdim ki, bu əsəri poeziya ilə yazım. Professor Akif Hüseynov var. Yaxşı tənqidçidir. O, isə jurnalda nəsr şöbəsinə rəhbərlik edirdi. Dedi ki, ver aparım oxuyum. Verdim apardı. Bir ay keçdi gətirmədi. Dedim ki, sən nə gec oxudun mənim qeydlərimi? Bir də gördüm Akif Hüseynov "Azərbaycan" jurnalını verdi mənə. Dedi ki, "Nabat xalanın çörəyi" əsərin burada çap olunub. Baxıb gördüm ki, həqiqətən çap olunub. Dedm ki, sən neynədin? Axı mən bunu poeziya ilə çap etmək istəyirdim. O, mənə bu əsərin ikinci və üçüncü hissəsini də məcburən yazdırdı. Sonra bu hissələr də "Azərbaycan" jurnalında çap olundu. Onu da deyim ki, "Nabat xalanın çöprəyi" povesti haqqında, həmin kitabın həcmi qədər maraqlı məqalələr çap olunub. Bəlkə də bu taleyin bir hökmüdür ki, mən bu əsəri nəsrlə yazmalıydım. Bu gün söhbət əsassən "Nabat xalanın çörəyi" əsərindən gediyinə görə sonda Poylu ilə başlı "Vətən yolu" adlı şeirimi demək istəyirəm.

Bu dünyanın gözəl vaxtı Poyluda qaldı.

Göy üzündən ulduz axdı, Poyluda qaldı.

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı.

Taleyimin dalısıyca çıxdım Poyludan,

Beşiyimin görüşünə döndüm sonradan

Bir rəvayət danışdılar,

Taleyimə qarışdılar.

İçimdəki hüceyrələr,

Yandım deyib alışdılar.

Bir sarayda qızıl qəfəs,

O qəfəsdə bir qızıl səs

Qızıl bir quş, Vətən deyib oxuyurmuş.

Oxumaqdan nə doyurmur,

Nə yorulub dincəlirmiş,

Günü-gündən incəlirmiş.

Nəzilirmiş, pozulurmuş.

Bu da bir cür yozulurmuş.

Qızıl qəfəs, isti nəfəs, qızıl bir səs.

Kim istəməz?

Amma bir gün darıxıllar,

Açlb quşu buraxırlar.

Nə su içir, nə dən yeyir,

O quş yenə Vətən deyir.

Dağlar, daşlar Vətən deyir,

Ötən quşlar Vətən deyir.

Yollar izlər Vətən deyir.

Vətənsizlər Vətən deyir.

Hara imiş o Vətən yolu?

Adi qaratikan kolu,

Kolların lap o sıx yeri,

Keçilməz, qarışıq yeri.

Uçub qonur budağına,

Tikan batır ayağına.

Qan sıçrayır qanadına,

Çatır amma muradına.

"Uf" deyincə "oxay" deyir,

Çaşır ulduza ay deyir.

Adi kola saray deyir.

Mənəm bəlkə o quş mənəm.

Poylu deyir dilim, sinəm.

Orda bir ev yadigardı,

Mənə qalan dörd divardı.

Bir də köhnə bir məzardı.

Mənim nəğməm, mənim Poylum,

Mənim qaratikan kolum.

Vətəndə bir Vətən yolum.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə