ƏŞRƏF VEYSƏLLİ

SALAM

Salam bu köhnə dünyaya

Təzə gələn şairlərə.

Söz qanıb mətləb anlayan,

Qədirbilən şairlərə.

Bir nəfəsə min ah çəkən,

Hər sozünü sınaq çəkən,

Kədərə şaqqanaq çəkən,

Dərdə gülən şairlərə.

Əriyib sozə yığılan,

Gözlərinə qan sağılan,

Hər gün təzədən doğulan,

Hər gün ölən şairlərə.

***

MƏN NİYƏ YAZIRAM BU YAZILARI

Əridə-əridə odlu qəlbimi,

Dünya öz işində qalacaqdısa,

Kainat milyon il əvvəlki kimi,

Köhnə havaları çalacaqdısa,

Mən niyə yazıram bu yazıları?

Tanrının yanında üzüm yoxdusa,

Dünyada heç nədə gözüm yoxdusa,

Haçandır dilimi bir söz göynədir,

Onu da deməyə lüzum yoxdursa,

Mən niyə yazıram bu yazıları?

Bir də görürsən ki, gün dağdan aşıb,

Dərdin əllərinə saçın dolaşıb...

Çoxu çıxarıbdır ürəyi yaddan,

Çoxunun çörəyə qarışıb başı,

Mən niyə yazıram bu yazıları?

Uzağı bir sözü yazanacandı,

Əl sözə isinib qızanacandı...

Çətini beşikdən məzaracandı,

Məzardan bu yana gəliş yoxdusa,

Məzardan o yana gediş yoxdusa,

Məzardan o yanda bir iş yoxdusa,

Mən niyə yazıram bu yazıları?

Mən niyə yazıram bu yazıları?

***

YAŞADIM

Dünyaya gəlib yaşadım,

Ağlayıb-gülüb yaşadım.

Mən yaşayıb ölmədim ki,

Mən hər gün ölüb, yaşadım.

Qeydimə qalan gözəlin,

Dərdlərə salan gözəlin,

Canımı alan gözəlin

Qadasın alıb,yaşadım.

Boşlamalı dünya deyil,

Xoşlamalı dünya deyil.

Yaşamalı dünya deyil,

Üzümə salıb, yaşadım.

***

İXTİSAR

Orda ixtisar gedir,

Burda ixtisar gedir.

Xırda idarələrdə

Xırda ixtisar gedir.

Azaldıqca iş yeri,

Çoxalır söyüş yeri.

***

MÜDİR

Şöbədə heç kəsi saya salmayır,

Qaraya ağ deyir, ağa boz deyir.

İşçilər beş aydır maaş almayır,

Müdir fındıq yeyir, müdir qoz yeyir.

Təkcə öz cibinin marağındadır,

Düz olan işi də yozur tərsinə.

Bir təzə xanımın sorağındadır,

Tutubdur özünü qoz ləpəsinə.

Biclik yollarını bilir su təkin,

Bərkə düşən kimi gülür, irişir.

Gözləri rentgen şüası təkin,

Pullu adamların cibini deşir.

Hərdən zəhər yağır sir-sifətindən,

Burdan əmr verir, ordan poz deyir.

Ölüb yerə girmir xəcalətindən,

Sanki adamların kəsir ətindən,

Müdir fındıq yeyir, müdir qoz yeyir.

Katibə qızarıb, katibə pörtüb,

Düzələn işə də düzəlməz deyir...

Qapını arxadan möhkəmcə örtüb,

Başını mizinin altına dürtüb,

Başını dizinin altına dürtüb,

Müdir fındıq yeyir, müdir qoz yeyir.

Neçə vəzifədə "çalışıb" kişi,

Başına keçməyən noxta qalmayıb,

Xalqını soymağa alışıb kişi,

Xalqını duymağa vaxtı qalmayıb.

***

ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR

Bostandan inciyən, bağdan inciyən,

Bardan yarımayan "kitab"bağlayır.

Taledən incəyən, baxtdan inciyən,

Yardan yarımayan "kitab" bağlayır.

Yerinə düşmürsə, düşür yerə söz,

Yersiz söz-yel vurmuş yelin kimidir.

Yerinə düşməyən hər bakirə söz

Evdən acıq etmiş gəlin kimidir.

Vərəqlər tutular söz yağışına,

Hər sözün öz yükü, öz çəkisi var.

Daş o vaxt düşür ki, şeirin başına

Sözü olmayanlar şeir yazırlar...

Neçə ev dağıdıb, kümələr yıxıb,

Görənlər danışır "səxavət"indən.

Bu arsız nə üzlə efirə çıxıb,

Dərs verir ailə səadətindən?..

Düşüb qapı-qapı "kitab" paylayır,

Sırtıqlıq qonubdur həya yerinə.

Zalımın üzündə su da qalmayıb,

Hopub üzdəniraq şeirlərinə.

"Üstü bəzək.."-olan kitabları var,

Hələ birini də yazıb gəlibdir.

Onun bu yerlərdə nə azarı var,

Yoxsa buralara azıb gəlibdir?!

Yolları, izləri əzbər öyrənər,

Yazar yaddaşına azdığı yeri.

Qorxuram: bakirə qızlar öyrənə

Üzü üzlər görmüş, bu gözə girən

Sürtük adamların yazdığı şeiri,

Sırtıq adamların yazdığı şeiri.

***

BİR AZ BU DƏNİZ DƏ MƏNƏ BƏNZƏYƏR

Yenə gəl-gəl deyər mavi dənizim,

Mən də qanadlanıb uçaram yenə.

Gənclik illərimdə sevdiyim qızın

Sanki görüşünə qaçaram yenə.

Sızlar ayağımda daşların ərki,

Uşaqtək sarmaşar yosunlar mənə.

Balıqlar yanıma üzüb gələr ki,

Ürək sözlərini desinlər mənə.

Bir an qayğılardan uzaqlaşaram,

Mənə günəş baxar, mənə ay baxar.

Suya girən kimi uşaqlaşaram,

Göyün ulduzları köksümə axar.

Ona doğmam kimi qaynayar qanım,

Duyğutək çırpınar döşümün altda.

O mavi səmalar-mavi yorğanım,

Ay da bəyaz balınc-başımın altda.

Mənim sevinc payım, səadət payım,

Ləpəsi saçımda dənə bənzəyər.

O qumlu sahilə atılan qayıq,

Ömürdən yaşanmış günə bənzəyər.

Özünü sulara çırpan qağayı,

Bir az bu xislətdə mənə bənzəyər.

Sahildə çırpınan o gümüş balıq,

Vətənə həsrətdə mənə bənzəyər.

Köklənər dünyanın qəmləri üstə,

Bir az bu dəniz də mənə bənzəyər.

Dövləti daşınar,varı talanar,

Sərvəti çapılar-mənə bənzəyər.

Bir gün bu sahilin qumları üstdə

Günbatan tərəfdə gülzarı qalan,

Hər dağın döşündə məzarı qalan,

Əli o dağlara uzalı qalan,

Köksü titrəməyən, nəbzi vurmayan,

Bir qoca tapılar-mənə bənzəyər..

***

ƏLİNDƏ QALDIQ

Yoxuşdan adlayıb düşdük enişə,

Qorxunun, hədənin əlində qaldıq.

Məsləhət qanmayan, söz eşitməyən,

Hər gəda-güdənin əlində qaldıq.

Arxasız bəndəyə arxa çıxınca,

Qorxduq canımızdan qorxu çıxınca.

Ölən günümüzün qırxı çıxınca,

Gələnin-gedənin əlində qaldıq.

Uşaq anlamayan, qoca saymayan,

Varlıya, yoxsula məhəl qoymayan,

Bu boyda dünyanı yeyib doymayan,

Acın, acgödənin əlində qaldıq.

Dərdik ömrümüzün acı barını,

Adlaya bilmədik qəm hasarını.

Abırsız qocanın, xırsız qarının,

Ərköyün körpənin əlində qaldıq.

***

GÜNAH

Elləri talayıb, evləri çapıb,

Şah kimi gəzirsən torpağın üstə.

Sonuncu tikəni əlimdən qapıb,

Hər şeyi atırsan Allahın üstə.

Deyirsən bəndənin yoxdur günahı,

Hər nə eyləyirsə, Allah eyləyir.

Başına dolanım-dönüm, Allahım,

O niyə bu qədər günah eyləyir?!

Özünə yem gəzir ley səkə-səkə,

Yaradan hər işə çəm yaradıbdır.

Ədalət yadından çıxıbdır bəlkə,

Gücsüzü güclüyə yem yaradıbdır?

Varlını qaldırıb yayda yaylağa,

Yoxsulu aranda dərdə tapşırır.

Sərçəni pay verir kor yapalağa,

Qoyunun bəxtini qurda tapşırır.

Qəfləti ölümlər kəsir aranı,

İş gəlib əmiyə, dayıya düşür.

Hesaba almırlar qurd aparanı,

Armudun yaxşısı ayıya düşür...

Deyirsən bəndənin nədir günahı,

Hər nə eyləyirsə Allah eyləyir.

Başına dolanım-dönüm? Allahım,

O niyə bu qədər günah eyləyir?!

***

YAŞAYAR

Arzularım qar altında gül açar,

Daş üstündə bitən ömrü yaşayar.

Ərənlərim qayalardan yol açar,

Yol,

Bu yolu gedən ömrü yaşayar.

Ürək nədir?

Ürək sevgi, sayğıdır.

Bir-birinə nəvazişdir, qayğıdır,

Başdan-başa həyəcandır, duyğudur,

Ürək də var-gödən ömrü yaşayar.

Yazan qalar söz ömrünün hayında,

Ozan qalar saz ömrünün hayında.

İnsan da var-öz ömrünün hayında,

İnsan da var-Vətən ömrü yaşayar.

***

DAŞ VƏ İŞIQ

Qoşa rezinlərin dartıb bir anda

Tumaş gözlüyünü boşaltdın, bala!

Babalar can qoyub işıq yolunda,

Sən niyə işığa daş atdın, bala?!

Çökdü ürəyimə, çökdü bir ağrı,

Daş atdın, o uçub gör hara dəydi-

Beşərin zülmətdən işığa doğru

Keçdiyi müqəddəs yollara dəydi.

Bir anlıq itirdim özümü, düzü,

İşığa xor baxmaq günahdır, günah.

Kor olsun sən gedən məktəbin gözü

Sənlə baxacaqsa cahana sabah.

Atdığın o "güllə"gör neylədi, ah,

Neçə məhəbbətə, görüşə dəydi.

Bəlkə də səninüçün bu bir oyuncaq,

Mənimçün Faradey faciəsiydi.

Bir işıq quş kimi düşdü yuvadan,

Bu vəhşi əyləncə kimə gərəkdir?

Bu gün çırağıma daş atan insan

Sabah ocağını söndürəcəkdir.

Qoşa rezinlərin dartıb bir anda,

Tumaş gözlüyünü boşaltdın, bala!

Babalar can qoyub işıq yolunda,

Sən niyə işığa daş atdın, bala?!

***

İTİB-BATIB

Bağçalar baş əyib baxımsızlığa,

Kolların içində gül itib-batıb.

Sonalar perikib, qular köçübsə,

Dərənin dibində göl itib-batıb.

Bu yerin yazıları gül libasında,

Lalə-nərgizləri çöl libasında.

Bu elin qızları tül libasında,

Ağappaq bədəndə tül itib-batıb.

Göyçək əllərinlə dara zülfünü,

Gör külək dağıdıb hara zülfünü-

Örtüb gül camala qara zülfünü,

Ağ buxaq üstündə xal itib-batıb.

Qonşuya daş atmaq dəlidən qalıb,

Qan sorub yaşatmaq zəlidən qalıb.

Əlsizə əl tutmaq Əlidən qalıb,

O Əlidən qalan əl itib-batıb.

Elə ki göylərdən duman çəkilər,

Zülmət gecələrin bağrı sökülər.

Ən ucqar kəndə də yollar çəkilər,

Könüldən-könülə yol itib-batıb.

***

BU GÖZƏL

Ağ geyindi, ağ şəfəqə bələndik,

Ağ günlərin şöləsidir bu gözəl.

Məhəbbətin, sədaqətin, sevginin,

Fəth olunmaz qalasıdır bu gözəl.

Ağ sinəsi bəslənibdir kölgədə,

Eşqimizin aynasıdır bəlkə də,

Hava kimi hər yerdə, hər bölgədə,

Köksümüzdə dolasıdır bu gözəl.

Kəlmələri bir ətirli çiçəkdi,

Mən bir ələm, o əlçatmaz ətəkdi.

Hər kirpiyi bir can alan mələkdi,

Huri-qılman balasıdır bu gözəl.

Qorxuram ki, bir söz çıxa dilimdən,

Səadətim uçub gedə əlimdən.

Əcəl bizə macal versə ölümdən,

Canımızı alasıdır bu gözəl.

Kim görübsə bu afəti dünyada,

Heç tükənməz məhəbbəti dünyada.

Elə bil ki, müvəqqəti dünyada,

Həmişəlik qalasıdır bu gözəl.

Sağalmazmı yar vurduğu yaralar,

Axı bunca zülm eyləməz yara var.

Bir söz desəm, qəzəbindən qaralar,

Dindirməsəm, solasıdır bu gözəl.

Didim-didim hicri didib könlümü,

Könül olan vaxtı gedib könlümü.

Bu yaşımda məcnun edib könlümü,

Səhralara salasıdır bu gözəl.

Aman allah!-ala gözlər süzüldü.

Əl-ayağım yerdən-göydən üzüldü.

Nöyzənbillah, ya Allahın özüdür,

Ya Allahın bəlasıdır bu gözəl.

Bütün xəbərlər Facebook səhifəmizdə