Gənc şairə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin rəhbəri Lamiyə İsazadənin ədəbi yaradıcılığı daima oxucuların maraq və diqqət mərkəzində olub. Şeirlərində daima vətənə, anaya sevgi, müqəddəs sevgi amallarının tərənnüm olunması, onun ədəbi aləmdə öz dəst-xəttinin olmasından, lirik duyğularından xəbər verir. Onun bu gün sizlərə təqdim etdiyimiz "ANA" şeiri də oxuculara bu qəbildən olan növbəti ədəbi ərmağanıdır.

Doğulub dünyaya göz açan gündən,

yuxusuz gecənin səbəbi oldum.

Sübhədək yatmadın, laylay söylədin,

mənsə şirin-şirin yuxuya daldım.

Min bir əziyyətlə böyütdün məni,

bir kərə "of" deyib, bezmədin ana.

Sən elə mənimçün, dualar etdin,

özünü görmədin, sezmədin ana.

O qədər zəhmətin var ki, boynumda,

borcunu ödəyə bilmərəm ana.

Səhvlərim üstündə danlasan məni,

lal olub qarşında dinmərəm ana.

Ömrünü ömrümə fəda elədin,

cəfamı çəkərək yaşlandın ana.

Gözlərim dolanda, qəlbim sınanda,

mənə bu dünyada sən yandın ana.

Ağaran tellərin ömrümün qəmi,

nə olar qocalma, cavan qal ana.

Böyüyüb, yaşlansam yenə də məni,

körpə kimi, qollarına al ana.

Bütün xəbərlər Facebook səhifəmizdə