Azərbaycanı özünə doğma Vətən bilən İlkər Engin

Oğlum Elnur şalışdığı iş yerində, onunla birlikdə işləyən Azərbaycanlı və Türk iş yoldaşları haqqında həmişə ürək dolusu ilə danışır. Onlara rəhbərlik edən Ahmed Bilenin bir ata kimi bütün işçiləri sevməsini, onlara həmişə ağıllı məsləhətlər verməsini, işlədikləri sənətin sirrlərini onlara səbrlə, dərindən öyrətməsini, hamıya eyni gözlə baxmasını və çox müdrik insan olmasını evdə böyük həvəslə danışır. Oğlum Elnurun daha çox dostluq etdiyi türklərdən biri İlkər Səlim oğlu Engindir.

İlkər Türkiyənin Kocaeli bölgəsində təbiətin ən gözəl bahar fəslində, 1974-cü ilin mart ayının 11-də dünyaya gəlib. Ali təhsil alıb. Ordu sıralarında yüksək səviyyədə xidmət edib. Ailəlidir. Üç övladı var. O, iki qız və bir oğlan övladları haqqında böyük bir ata nəvazişi ilə danışır. İlkər deyir ki, "böyük qızının 15, kiçik qızının 11 və oğlunun 4 yaşı var. Övladları, ailəsi ilə nəfəs alır". Söhbət əsnasında İlkər dedi ki, Türkiyədə müxtəlif firmalarda işləyib. "Onur" Elektrik firmasında əsas işlərə rəhbərlik edib. Amma Odlar Yurdunda işləməyə dəvət alanda həmin firmanı bağlayıb və Azərbaycana gələrək TEKFEN-AZFEN firmasında elektrik işlərini davam etdirir. Artıq bir müddətdir ki, Azərbaycandadır və burada özünə çoxlu sadiq dostlar tapıb.

- Azərbaycan haqqında sizin təəssüratınız necədir?

- Azərbaycana ilk dəfədir ki, gəlirəm, amma inanın ki, buranı öz ölkəm qədər sevirəm və burada çox rahatam. Çünki buradakı bir sıra azərbaycanlı dostlarımla ilk sözdən bir-birimizi başa düşürük. Doğrudur, Azərbaycanı hələ lazım olan qədər gəzə bilməmişəm, amma olduğum yerlər çox xoşuma gəlib. Azərbaycanlılar doğrudan da çox qonaqpərvərdirlər. Burada həqiqətən əsl dostlar tapmışam. Bəlkə də bu ondan irəli gəlir ki, onlar məni özlərinin əzizi, qardaşı, ən yaxını hesab edirlər. Ona görə də Azərbaycanda olmağımdan məmnunam, son dərəcə də sevinirəm və ləzzət alıram.

- "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir". Bu deyimə sizin münasibətiniz necədir?

- Doğrudur, Azərbaycan və Türkiyə baxmayaraq ki, "bir millət və iki ayrı-ayrı dövlətdir", deyimini hələ bizə evdə valideyinlərimiz və məktəb illərindən müəllimlərimiz də öyrədiblər, təlqin ediblər. Müəllimlərimiz bizə Azərbaycan haqqında böyük həvəslə danışmaqla, bu ölkəni bizə çox sevdiriblər. Ona görə də həmişə istəyirdim ki, Azərbaycana gəlib, hər şeyi öz gözlərimlə görüm. Mənə Azərbaycanda işləmək təklif olunanda, böyük seviclə razılaşdım və bura gəldim. Gəlib hər şeyi özüm görəndən sonra da başa düşdüm ki, türklərə ən yaxın olan millət azərbaycanlılardır. Burada olan bizim azərbaycanlı rəhbərlərimiz də çox mehriban və əsl təşkilatçı insanlardır. Onlar bütün işçilərə böyük qayğı ilə yanaşırlar. Mən həmişə deyirəm ki, Allah Azərbaycanı başına gələcək bütün fəlakətlərdən qorusun. Allah bu millətə həmişə yar olsun. Onu da səmimi deyim ki, Azərbaycanla bağlı hansı bir hadisə baş verərsə, mən heç nə düşünmədən canla-başla kömək etməyə hazıram. Bizim ölkələrin rəhbərləri Rəcəb Təyyib Ərdoğan və İlham Əliyev bir-biri ilə çox mehribandırlar və bir-birinə qardaş deyirlər. Bundan gözəl nə ola bilər? Onların bu mehriban hərəkətləri, bir-birini yarım sözdən başa düşmələri də bizi bir-birimizə qardaş edib.

- Sizin bu gün gördüyünüz işlər nələrdən ibarətdir?

- Şirkətimizin ana firması olan BP Şirkətinin Şahdəniz layihəsinin Sanqaçaldakı inşaatında işlərimi TEKFEN-AZFEN-də icra edirəm. Çalışıram ki, işimin öhdəsindən layiqincə gəlim. Çünki bizim gördüyümüz işlər çox cavabdehli işlərdir. Bu işlər təkcə bu günün işləri deyil. Gələcəyin işləridir. Ona görə də işləri çox keyfiyyətli görməliyik ki, rəhbərlərimiz bizdən narazı qalmasınlar.

- Mart ayının 11-də sizin 43 yaşınız tamam olur. Bu il ad gününüzü Azərbaycanda keçirəcəksiniz. Bu haqda nə deyə bilərsiniz?

- Bəli. 11 mart ad günümdə ailəmlə, övladlarımla bir yerdə olmaq daha gözəl olardı. Amma burada da özümü ailəmlə birlikdə hiss edirəm. Çünki mənimlə birlikdə işləyənlər də elə böyük və mehriban bir ailədir. Bu xoş günümdə məni tək qoymayan Azərbaycanlı və Türk dostlarım mənə bir çox imkanlar yaradıblar. Buna görə onlara təşəkkür edirəm. Mən hər şeydən razıyam, qoy Allar da onlardan razı olsun.

P.S. Bu mehriban ailənin rəhbəri Ahmet Bilen də xahiş etdi ki, bizim qəzet vasitəsi ilə, onun rəhbərlik etdiyi kollektiv adından İlkər Engini təbrik edib, ona can sağlığı, ailə səadəti və işlərində böyük uğurlar arzi edək. Biz, Ahmet bəyin də arzularını oxuculara çatdırmağı məsləhət bildik. Qoy Ulu Tanrı yer üzündə olan bütün türkləri və türkdilli xaqları qorusun. XXI əsr türkdilli xalqların əsridir. Əgər onlar arasında birlik olsa, bütün millətlər türkdilli xalqlarla hesablaşacaqlar. Onda ermənilər istəsə də, istəməsə də Qarabağ torpaqlarını özləri boşaldacaqlar. Hələ onu da təklif edəcəklər ki, "qoy azərbaycanlılar Ermənistandakı ata-baba yurdlarına qayıtsınlar. Biz həmişə türklərə və azərbaycanlılara yalandan qara yaxmışıq. Əsl günahkarlar da biz ermənilərik". Mənim bu sözlərim də arzu, nağıl yox, həqiqətdir. Həmin gün hökmən olacaq. Əgər türkdilli xalqlar həqiqətən də birləşə bilsələr, dünyanın ən qüdrətli xalqları olacaqlar. Onlarla da bütün millətlər, dövlətlər hesablaşacaqlar.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə