LİLPAR CƏMŞİDQIZI

Sənə gülmək yaraşır

Bu dünyanın hər üzünü gördüm mən,

Ömrü boşa, selə, suya verdim mən.

Qara saçı bəyazlarla hördüm mən,

İnsan olan dərd-kədərlə barışır.

Taleyimi qara rənglə yazdım mən,

Ömrü boyu əzablara dözdüm mən.

Çox anlarda həyatımdan bezdim mən,

İnsan olan pis günə də alışır.

Övladlarım oldu səbr, təsəlli,

Bu həyatdan mən yapışdım beş əlli.

Yaşı çəkib, gətirdim, etdim əlli,

Nəvələr yanımda, başım qarışır.

Günlər keçir, həftələrə ay olur,

Ömür gedir, cavanlıq saçın yolur.

Hey qaçırsan, qocalıq səni bulur,

Lalə yanaq qırışlarla vuruşur.

Göz itirir işiğını, nurunu,

Ağıl gedir, baş itirir şüurunu.

Fələk verir başqasına yerini,

Ulduz doğur, göy üzündə sayrışır.

Doymur gözü insanların dünyadan,

Var-dövləti hey yığırlar durmadan.

Nəyə lazım canda sağlıq olmadan,

Qonşu baxıb qonşusuyla yarışır.

Eləsi var pislik edir hər kəsə,

Ömrü boyu dostdur yamana, pisə.

Bir məzlumun çörəyin alıb yesə,

Fələk elə vurur, baş-ayaq aşır.

Bəsdi Lilpar, qara günü at dala,

Zaman sürür öz atını dörd nala.

Bu dünyada kim yaşaya, kim qala,

Gülsün üzün, sənə gülmək yaraşır.

Tənhalıq içində əllər üşüyür

Qar yağır, küçələr, yollar üşüyür,

Qar yağır, dibçəkdə güllər üşüyür.

İstilik, hərarət axtarıb gəzir,

Tənhalıq içində əllər üşüyür.

Külək vıyıldayır, əsir yeliyə,

Sazaq pəncərəni silir diliylə.

Yer-göy tutulubdu torpaq ananı,

Səma sinəsinə sıxır əliylə.

Soyuqdan ağaclar dönüb heykələ,

Üşüyür sərçələr, salır vəlvələ.

Həyətdə titrəyən körpə fidan da,

İtirir gücünü, yıxılır yerə.

Küçələr bomboşdu sükut içində,

Ağaclar görünür eyni biçimdə.

Çillənin günləri bir-bir ötüşür,

Qışın soyuğunda, qışın köçündə.

Evlərdən görünər tək-tək işıqlar,

Həyətdə qartopu oynar uşaqlar.

İsidir özlərin nəfəsləriylə,

Qol-boyun dolaşan aşiq-məşuqlar.

Geyinib əyninə ağ paltarını,

Sərib torpaq üstə sərvət, varını.

Günləri az qalıb, yola salacaq,

Təbiət qarşılar ilk baharını.

Açar kol dibində nazlı bənövşə,

Ətrindən ağlını itirər meşə.

Gələr bahar ətri, Novruzun ətri,

Gül-çiçək qoxuyar hər yer, hər guşə.

Belə yaranıbdı əzəldən dünya,

Qışı qar-boranlı, yazı bir xülya.

İnsanın ömründən ötür fəsillər,

Sanki yuxudaydıq, görürük röya.

Gəncliyi yollarıq güllə-çiçəklə,

Ömrün payızını yağış-çisəklə.

Yayını tər töküb, övlad böyüdüb,

Qışı qarşılarıq ağ-ağ birçəklə.

Lilpar, nə dolmusan bu qış günündə,

Yaxşı gün olmayıb keçən ömründə.

Axtarma, tapmazsan bir də baharı,

Qane ol nə varsa gözün önündə.

***

Nə zülmlərə düşdü yanıban şəm olan könlüm,

Sevgidən uzaq qaçıb, yığdığı qəm olan könlüm.

Doğmadı aylı gecəm, zülmət içimi bürüdü,

Səhəri alatoran, dumanla çən olan könlüm.

Hey başımdan basıban güldürmədi zalım fələk,

Məskəni dar qəfəsdə çarpar sinəm olan könlüm.

Tanrıdan istəmədim xoş bir zaman öz canıma,

Hər şeydən küskün durub sonu sitəm olan könlüm.

Baharı yola salıb, dadmayıb sevda tamını,

Ömrün payız fəslində sevgidən kam alan könlüm.

Almadı göz ləzzəti, dünya gözəlliyin görüb,

Hər şeyə həsrət kimi soldu nakam olan könlüm.

Pislikdən, ədavətdən ömrü boyu sillə görüb,

Gecənin zülmətində nurtək şöləm olan könlüm.

Dözüb hər əziyyətə haqq səsin içində boğub,

Başını yerə dikib, dinməz naləm olan könlüm.

İçi kədərlə dolu, saxta gülüş verib üzə,

Sirrini kimsə bilməz nurlu çöhrəm olan könlüm.

İçirib həyat meyin, Lilparı sərməst eyləyib,

Gələcək xoş günlərdən keflənib dəm olan könlüm.

***

Könlümdən bir gül olub, yar köksünə qonmaq keçir,

Gecələr sübhə kimi atəşiylə yanmaq keçir.

Məcnunu Məcnun edən bir nazənin yar timsalı,

Əhdinə vəfa qılan Leyla kimi sanmaq keçir.

Nə qədər mən alışım bir vəfasız yar oduna?

Bu sevda can çəkişir, bezibən usanmaq keçir.

Yatıram yuxuda da edir məni sorğu-sual,

Bitsin işgəncə deyə, fikrimdən oyanmaq keçir.

Düşünürəm səhv yoldayam, bilmirəm hara aparır,

Hərdən getdiyim yoldan bir yolluq dayanmaq keçir.

İllərdir yürüyürəm bu həyat yolunu təkcə,

Bir isti yar köksünə ürəkdən sığınmaq keçir

Yaş gedib, yol qısalır, ömür vəfa qılmır daha,

Üzdə olan qırışı ayna üstə danmaq keçir.

Gənclikdə yar sevmişdim, olmadı qisməti-qədər,

Ürəkdən o günləri yenidən yaşamaq keçir.

Lilpar, bulanma yenə keçmişlərin xəyalıyla,

Könlündən bir quş olub, yar bağına qonmaq keçir.

***

Eşqinin cazibəsi döndərib məni xəstənə,

Başını qoy sinəmə, zülfü pərişan istəmə.

Könlüm dərvişə dönüb, tərki-cahan olmaq istər,

Bəsdi tək-tənha gəzdin, gəl yetiş, qoşul dəstəmə.

Eşq üçün, sevmək üçün gözəl gün, gözəl əyyamdı,

İçində hicran olan bir acı xislət bəsləmə.

Sən etdin, nə etdinsə bu sevdanı qan elədin,

Viran olmuş ürəyə bir daha da sən küs demə.

Eşq yapışıb boğaza, canı alıbdı əlinə,

Gedib əldən ixtiyar, zülm edir, durub qəsdimə.

Gizlədim dost-tanışdan ürəkdə gizli sirrləri,

Sənlə bağlı anları söyləmədim mən heç kimə.

Mən sənə can demədim, can özü aldı gözlərin,

Bir oxdu kipriklərim dəydi köksünə, incimə.

Niyə döndün dəliyə, məni görüncə baş alıb,

Vüsala yol verməyir, de, bu hicranın dərdi nə?

Ya mən durum dolanım, ya qol dolansın belinə,

Hər ikisi saracaq eşq budağını, fərqi nə?

Dodağı badam içi, dişləri inci sədəfi,

Uydun özgə dilbərə, öz çiçəyinin eybi nə?

Saldın dilə-ağıza, el-obada xar elədin,

Sındırdın qamətini, yarı salmısan nə günə.

Lilparı dəf eyləyib, atdın nəzər-diqqətindən,

İçmədin eşq şərabın, incidib dəydin qəlbinə.

Həsrətinin buzlarıyla donmuşam

Etmə məni əsiri-eşq bağında,

Könlü yara, pərişana dönmüşəm.

Bir xan idim, tax-tacında oturmuş,

Əyib sevdan, ayaqlara enmişəm.

Şama döndüm, yandım gecə sübhədək,

Hey qaynadım, gözübağlı çeşmətək.

Dünya zindan, bu yolu sən keçmə tək,

Sənlə birgə alışırdım, sönmüşəm.

Uca dağa oxşayırdım, vüqarlı,

Hər tərəfim gül-çüçəkli, baharlı.

Gəlib görmə yaratdığın son halı,

Ağlar gözüm, bulud kimi dolmuşam.

Solub çöhrəm, yanağıma xal düşüb,

Könlüm susuz, dilim ağzımda bişib.

Susub ürək, danışmır daha, küsüb,

Bir bivəfa eşq odunda yanmışam.

Pərvaz edib, dolaşardım könlüxoş,

Ayrılığın sinəm üstə qoydu daş.

Gördüm gizli duyğuların sonu boş,

Xəyalları eşq alovu sanmışam.

Siyah saçlı bir nazənin gözəldim,

Kədərindən ilmə kimi çözəldim.

Çökmüş idim, indi biraz düzəldim,

Köhlən atdan boz qatıra minmişəm.

Daha yoxdu yaşamağa həvəsim,

Elə batıb, xırıldayır lap səsim.

Daş qəfəsə dönüb, vurmayır köksüm,

Lalə kimi çəmənimdə solmuşam.

Ürək dönüb bir aynaya, bir cama,

Güc qurtarıb, dözüm gəlməyir cana.

Fələk nədən zülm eyləyir insana,

Şüşə kimi kövrəlmişəm, sınmışam.

Son həddini gözləyirdim bu eşqin,

Mən sevmişdim, yarsa mənə bir düşkün.

Yerə-göyə sığmır ürək, çox küskün,

Tənhalığın son anında dinmişəm.

Əllərimin hərarəti yox daha,

Nə vaxt gələr yar ürəyi insafa.

Ayrılığa düçar olub bu yaxa,

Həsrətinin buzlarıyla donmuşam.

Yıxdı məni, sürüklədi bu həyat,

Qol açmamış sındı, töküldü qanad.

Dizlərimdə güc tükənib, yox heyhat,

Kor bayquştək kol-tikana qonmuşam.

Lilparam, zülmətə dönübdü dünyam,

Qalıb keçmişimdə bir şirin sevdam.

Dolanır başımda, tərk etmir xülyam,

Yaş yarı olubdu, indi qanmışam.

Bütün xəbərlər Facebook səhifəmizdə