LİLPAR CƏMŞİDQIZI

İtirilən səadət

Hərdən bir şeirim suala dönür,

Sıxır saatlarca, sıxır qəlbimi.

Hecalar uc-uca dilimdən enir,

Yazır ağ vərəqə gizli dərdimi.

Belə rəvayət də eyləyir ki,

Bir qız yaşayırdı ucqar bir kənddə.

Üzündə təbəssüm, qəlbində sevgi,

Çatmışdı nazənin qız ərlik həddə.

Vermişdi könlünü qonşu oğlana

Anbaan sevgidən saralırdı o.

Uymuşdu ucaboy, igid tərlana,

Buludtək tutulub, qaralırdı o.

Salmışdı içinə pünhan sevgini,

Aşikar heç kəsə deyə bilmirdi.

Cəhənnəm olurdu keçən hər günü,

Sakit dolaşırdı, susub dinmirdi.

Belə keçdi günlər, həftələr, aylar,

Qız susub qalmışdı, lal bir daş idi.

Günlər ötüşdükcə artırdı saylar,

Elə bil qəfəsdə qalmış quş idi.

Bir gün bir fırtına əsdi o eldən,

Qızı qanadına alıb apardı.

Oğlan xəbərsizdi bu gizli sirrdən,

Yoxsa harda olsa onu tapardı.

O vaxtdan küsdü öz obasından,

Doğma insanları gec-gec görürdü.

Saxlayıb dərdini öz anasından,

Bir söz soruşanda gülümsüyürdü.

Bu acı təbəssüm, bu saxta gülüş,

Silmirdi qəlbində qalan eşqini.

Yeni həyatına etsə də giriş,

Çırpınıb qalırdı körpə quş kimi.

Sevmirdi ərini, yadtək baxırdı,

İsinə bilmirdi od-ocağına.

Belə bir həyatdan ürküb, qorxurdu,

Dözürdü hər şeyə öz acığına.

Əgər istəsəydi, yox da deyərdi,

Deyərdi sevmirəm mən bu oğlanı.

Sevgisiz bir ömrü özü əyərdi,

Alışıb yanmazdı bir ömür canı.

Dözdü uzun illər, yaşadı birgə,

Amma unutmadı ilk sevgisini.

Hər zaman yanında gördü bir kölgə,

Sevdi, əzizlədi öz kölgəsini.

Yatırdı, yuxuda görürdü onu,

Görürdü dayanıb, baxır o təkcə.

Dururdu, damarda axmırdı qanı,

Dəliyə dönürdü o an, o gecə.

İndi keçib üstdən çox uzun illər,

Sevgisiz yaşanıb bir ömür yarı.

İlk eşqin istisin axtarır əllər,

Dönəydi röyaya, gələydi barı.

O da xoşbəxt deyil, çox pərişandı,

Sevgisiz yaşadı bir ömür boyu.

Bu səhvi dərk etdi, sonradan qandı,

Günlərcə qurumadı gözünün suyu.

Artıq geri dönmür nə zaman, nə gün,

İtirilən səadət keçmişdə qalır.

İnsanı yandırır, odlayır hər gün,

Hər yada düşəndə dincliyin alır.

Qoy bütün sevənlər murada ərsin,

Yarımçıq sevgidən ürək də küsür.

Tanrı veribdirsə, sonadək versin,

Yarımçıq olanda ömürdən küsür.

Vaxt keçir, dayanmır zaman yerində,

İllər bir-birini qovur elə bil.

Solmuş bir çiçəyi tutub əlində,

Bir qız ilk sevgitək sevir elə bil.

Amma nə o qız var, nə də ki sevgi,

Solub hər ikisi xəzələ dönüb.

Soyuqdan lal olub buz kimi sanki,

Qışın şaxtasından quruyub, donub.

Hərdən üsyan etmək gəlir içimdən,

Bu necə taledi, bu necə ömür?

Fələyin qorxusu yoxdu heç kimdən,

Sevgini insanın içində gömür.

Özü öz əliylə salır ürəyə,

Odunu söndürür, tüstüsü qalır,

Nə qədər çağırsan, yetmir köməyə,

Sonunda içində tək külü qalır.

Belə sevda alqışlanır

Xumar telə əl çəkəndə,

Yar önündə diz çökəndə.

Sevgi yükün tək çəkəndə,

Belə sevda alqışlanır.

Söz verrib geriyə dursa,

Vüsalı hicrana versə.

Düşməntək arxadan vursa,

Beləsi heç bağışlanmır.

Sözü dəqiq, qəlbi təmiz,

Gülüb, danışmasa yersiz.

Yerində deyilsə hər söz,

Belə sevda alqışlanır.

Pis nəzəri salsa üzə,

Qaş-qabağı töksə gözə.

Xəyanət eyləsə düzə,

Beləsi heç bağışlanmır.

Ömrü boyu arxa dursa,

Qollarına alıb sarsa.

Əhdə vəfa qəlbdə varsa,

Belə sevda alqışlanır.

Büdrəməyə ayaq atar,

Səni atıb, yadı tutar.

Bu olar namərddən betər,

Beləsi heç bağışlanmır.

Hörmət etsə məhəbbətə,

Uymasa var, sərvətə.

Ləkə vurmasa qeyrətə,

Belə sevda alqışlanır.

Doğruluqdan əl çəkərsə,

Sən yığarsan, o tökərsə.

Qala tikərsən, sökərsə,

Beləsi heç bağışlanmır.

Eşq ucadı, minarədi,

Şama dözən pərvanədi.

Sevgi dastan, salnamədi,

Belə sevda alqışlanır.

Lilpar, gəzmə etibarı,

Ömür yarı, yox baharı.

Neynirsən vəfasız yarı?

Beləsi heç bağışlanmır.

Ölkəm

Göz oxşayır hər tərəfin,

Sən qürurum, sən şərəfim.

Güc alır, artır söz həddim,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Azadlığın son töhfəndi,

Arxan güclü, çox möhkəmdi.

Gözəlliyin bir görkəmdi,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Neftin qara sərvətindir,

Ordun güclü qüdrətindir.

Səbrin daşır, son həddindir,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Göydələnlər göyə çatır,

Ay ulduza nazın satır.

Xoş günlərin hər an artır,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Bakın nazlı bir gəlindi,

Xəzər çırpınan qəlbindi.

Şad olur burda qəlb indi,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Türk söykənir öz türkünə,

Birə düşür yad kürkünə.

Sevgi qatılmır sevginə,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Dünyanı dolaşır adın,

Dost bir ölkə, diyar oldun.

Qarabağdı ən son andın,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Bir yaralı parçandı o,

Tapdaq altda min candı o.

Rəngi itmiş fırçandı o,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Kəndlər viran, evlər yetim,

İnildəyir torpaq hər gün.

Azan susub, tapdanıb din,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Xarı bülbül boynun əyib,

Natavan zil qara geyib.

Dağ başın çənə söykəyib,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Çaylar lillənib dayanıb,

Torpaq qan içib oyanıb.

Neçə şəhid canı yanıb,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Laçın, Şuşa, Kəlbəcərim,

Tanrım sizə olar Kərim.

Doğar bir gün al səhərim,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Cəbrayılın, Qubadlının,

Ürəyində min çatlının.

Çoxdu Həcərtək qadının,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Xankəndinin tozu duman,

Xocalıda yandı insan.

Şəhid oldu qoca, cavan,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Əyib orda dağlar başın,

Dəlik-deşik edib qurşun.

Maral da itirib duruşun,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Durnaları səhv düşübdü,

Qartal öz gözün deşibdi.

Köçü yaylaqsız bişibdi,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Susumur torpaq, fəryad edir,

Qalx savaşa, imdad edir.

Düşmənə həddini bildir,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Boğur içimi qəhərim,

Şahə qalxır ağ kəhərim.

Azad olsun kənd, şəhərim,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Mətin durub Heydər oğlu,

Hey yürüyür yolun doğru.

Torpaqlara girib oğru,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Azad olsan, gülər üzün,

Çiçəklənər çölün, düzün.

Zülməti yarar gündüzün,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

Lilpar yazar sözü belə,

Yurd həsrəti gələr dilə.

Allah kömək olar elə,

Gün yetişər, gülər çöhrən,

Yaxşı günə yürü ölkəm.

***

Düşübdü qəm selinə, quş təki çırpınır gözlər,

Ağ vərəqin üstünə baş-ayaq düzülür sözlər.

O sirli baxışların ürəyi al qan eyləyir,

Dil deyə bilmədiyin baxışlarla deyir gözlər.

Od düşüb, sevgi adlı bir qığılcım var içimdə,

Tüstüsü ərşə qalxır, qor alıb yandırır közlər.

Utanır yarı görüb, xal düşür ol yanağına,

Sevəndə həya edər, qan kimi qızarar üzlər.

Qırılar heca-heca, dilin ucuna düzülər,

Sevgidə, məhəbbətdə lal olar, tutular sözlər.

Sıxar ol sinəsinə yar qolu kəməndə dönüb,

Bal tökər dodağından, sevgili yarın əzizlər.

Qısqanar yerə-göyə, kölgətək xəlvət dolanar,

Salmaz heç nəzərindən, hər an, hər məqamı izlər.

Yar durub pəncərədə şövqündən qamaşar gözlər,

Gecə doğmuş ay olar, yox olar, itər gündüzlər.

Hicrindən söz ağlayar, dəf eləyər kəlmələri,

Vüsala gedən yolun anbaan qoruyar izlər.

Lilpara söyləginən, yarı müxəssər eyləsin,

Aşikar eyləməyib, sevdiyin köksündə gizlər.

Üzü gülməz məhəbbətin

Ömrü bir-bir vərəqləyər,

Yaxşı günü soraqlayar.

Gənc yaşında tez haqlayar,

Üzü gülməz məhəbbətin.

Gözlərində kədər olar,

Buludtək boşalar, dolar.

Silinməz, ürəkdə qalar,

Üzü gülməz məhəbbətin.

Vurar səni can evindən,

Dincliyin gedər əlindən.

Bilməz nə keçir könlündən,

Üzü gülməz məhəbbətin.

Külək kimi əsər, keçər,

Qılınc kimi kəsər, keçər.

Gözlərinin suyun içər,

Üzü gülməz məhəbbətin.

Yaralı ahuya dönər,

Tez alışar, tez də sönər.

Özünü köksündə gömər,

Üzü gülməz məhəbbətin.

Yolu daşlı-kəsəklidi,

Dərə-təpə çökəklidi.

Baxırsan ki, ürəklidi,

Üzü gülməz məhəbbətin.

Ağlayır hey sızım-sızım,

Çəkə bilsən olar nazın.

Qara daşa dəysə arzun,

Üzü gülməz məhəbbətin.

Ney kimi inləyər, susmaz,

Söz söyləsən qulaq asmaz.

İtələsən, çıxıb qaçmaz,

Üzü gülməz məhəbbətin.

Gələr gənclik yaşlarında,

Od saçar baxışlarında.

Azarsan naxışlarında,

Üzü gülməz məhəbbətin.

Bir körpətək əzizləsən,

Çeşmə kimi təmizləsən.

Gəlişini hey gözləsən,

Üzü gülməz məhəbbətin.

Girər min dona, biçimə,

Salar səni od içinə.

Ürək sevsə bəs suçu nə?

Üzü gülməz məhəbbətin.

Qələmin alar əlinə,

Lilpar salar söz selinə.

Kilid bağlayar dilinə,

Üzü gülməz məhəbbətin.

Bütün xəbərlər Facebook səhifəmizdə