İordaniya ərazisində yerləşən bu tarixi şəhər Nabatilər dövlətinin paytaxtı olub. SİA-nın verdiyi məlumata görə, yunan sözü olan petra “daş” deməkdir. Bu ad onların evlərini qayaların içərisini yonub düzəltdiklərinə görə verilmişdir. Həmin daş evlərin qalıqları Musa vadisi və Harun qalasında indi də qalmaqdadır.

Petra fars körfəzi ilə Aralıq dənizinin arasında olan və ticarət baxımından onları bir-birinə birləşdirən əsas nöqtə idi. O, iki mühüm ticarət yolu üzərində yerləşirdi. Birinci yol Qrmızı dəniz ilə Dəməşq şəhərini ikinci yol isə iran körfəzi ilə aralıq dənizini birləşdirirdi. Bu mövqeyi və yüz illərlə ticarətlə məşğul olmaq şəhərin varlanmasına səbəb olub.

Petra şəhəri 4 min il əvvəl inşa edilib. Şəhər Vadi Musa vadisindəki dağ rayonunda, qırmızı-çəhrayı qayalara yonulub. Petra planetin ən quru yeri sayılan səhranın düz mərkəzində yerləşir. Sutkanın vaxtlarından asılı olaraq arxitektura abidəsi rəngini çəhrayıdan tünd qırmızıya, al-qırmızıdan narıncıya dəyişir.

Ətraf aləmlə şəhəri bir kilometr uzunluğu olan dərə birləşdirir. Demək olar ki, onun bütün divarları baş üzərində birləşir. Düşmən hücumu zamanı təbii baryer yaxşı müdafiə rolunu oynayıb. Bu səbəbdən Petra əsrlər boyu köçərilər və nabataylar üçün mənzil və sığınacaq rolunu oynayıb. Amma buna baxmayaraq böyüklüyünə baxmayaraq orta əsrlərdə Petra unuduldu və əfsanəyə çevrildi.

Müasir dünya belə bir şəhərin mövcudluğunu İsveçrəli səyyah İohann Lyüdoviq Burkhardtın sayəsində bilib. O, 1812-ci ildə bu şəhəri kəşf edib. Alim kabus şəhər haqqında bir neçə dəfə eşitsə də, bədəvilər müqəddəs məkanı yad gözlərdən ciddi-cəhdlə qoruyurdular. Bu zaman alim sirli şəhərə hiyləgərliklə daxil olmaq qərarına gəlir. Özünü ruhani kimi təqdim edən İohann onu Cebel Harun dağı yaxınlığındakı Aaron sərdabəsinə aparacaq bələdçi tapır. Alimin planı baş tutur. O, Sik kanyonunun yanından keçəndə möhtəşəm mənzərə ilə qarşılaşır. Qaya sərdabələr, binanın iri fasadları, məbəd və mağaralar. Burkhardt səhranın mərkəzində qədim sivilizasiyanın çəhrayı şəhərini tapır. Bu əfsanəvi Petra idi.

Şəhərə yeganə yol nazik kanyondan keçir. Bədəvilər turistləri vadinin çıxışında dəvələr və atlarla gözləyirlər. Bu isə səyahəti unudulmaz edir. 1 kilometr uzunluğu olan dərə kifayət qədər dərindir. Dərənin üzərində olan qayaların hündürlüyü 90 metrə çatır. Alimlərin fikrinə görə, kanyon qədim dövrdə güclü zəlzələ nəticəsində yaranıb. Döngədə Əl-Xaznə sarayı ucalır. Sarayın adı tərcümədə fironun xəzinəsi mənasını verir. Binanın hündürlüyü 44, eni isə 30 metrdir.

Qədim əfsanəyə görə, dərə Musa peyğəmbərin əsasının zərbəsindən yaranıb. Peyğəmbər öz xalqını Misirdən çıxaranda insanlar içməyə su tapa bilmədikləri üçün etiraz ediblər. Tanrının əmri ilə Musa əsasını qayaya vurur və oradan su fışqırır. Kanyonda yol boyu daş oturacaqlar var və burada istirahət etmək mümkündür.

Hazırda şəhər turistlərin ən çox görmək istədikləri yerlərdən biridir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə