Alman elmi-tədqiqat gəmisi Şimal qütbü istiqamətində ən iri ekspedisiyaya başlayıb

“Qütb ulduzu” (Polarstern) alman elmi-tədqiqat gəmisi Şimal Buzlu okeanında öz dreyfinin bir il ərzində davam edəcəyi nöqtəyə çatıb. Gəmi Şimal qütbünə beynəlxalq elmi ekspedisiyanın son illər ərzində ən iri mərkəzi olacaq.

SİA "BBC"yə istinadən xəbər verir ki, ekspedisiyanın işə başlama koordinatları – Qrinviç meridianından 85 dərəcə şimala və 137 dərəcə şərqədir. Bu nöqtə Şimali Sibirin sahilboyunda yerləşir.

Gəmi ekspedisiyada iştirak edəcək yüzlərlə alim tərəfindən iqlim dəyişməsinin qütbyanı rayonlara təsirinin tədqiq edilməsində baza kimi istifadə olunacaq.

“Uzun çəkməyən, lakin intensiv axtarışlardan sonra biz qarşıdakı aylarda gəminin qışlayacağı yeri tapdıq. Ola bilər, bu, ən yaxşı buzlu sahə deyil, lakin Arktikanın bu hissəsində bundan yaxşı yer sadəcə yoxdur. Bu sahə bizə isti Arktika yayından sonra gözləmədiyimiz iş şəraiti yaradacaq”, - deyə ekspedisiyanın rəhbəri, Alfred Vegener İnstitutunun əməkdaşı, professor Markus Reks bildirib.

“Qütb ulduzu” Arktika iqliminin öyrənilməsi məqsədilə dreyf ekspedisiyasına iki həftə bundan əvvəl yola düşüb. Gəmi Norveçin Trömse limanından buzqıran gəmilərin müşayiəti ilə qarşıdakı dreyf üçün əlverişli buz şəraitinin axtarışına çıxıb. Lakin buna qədər helikopter və peyklərin köməyi ilə 16 mümkün qışlama yerləri arasında axtarışlar aparılıb. Nəhayət 2,5 km x 3,5 km ölçüsündə olan bir neçə metr qalınlıqda buz massivi seçilib.

Beynəlxalq ekspedisiyanın rəhbərliyi hesab edir ki, tədqiqatçıların qışlama yerlərinin axtarışında bəxtləri xeyli gətirib. İş orasındadır ki, ötən yay Arktikada çox isti keçib və bu da peyk müşahidələrinin tarixi ərzində buz qatının minimum ölçüdə nazikləşməsinə gətirib çıxarıb. Bundan başqa, arktik buzun orta qalınlığı da o qədər çox deyil.

Lakin hazırda buz sahələri temperaturun qışda aşağı düşməsi nəticəsində tez birləşir, donmamış yerlər və onlar arasındakı parçalanmalar daha az baş verir. Gəminin yerləşmə nöqtəsində artıq günəş üfüq üzərinə qalxmır – qütb gecələrinin başlanmasına bir neçə gün qalır.

Çox tezliklə “Qütb ulduzu” arktik buzla donacaq və qütbyanı rayonlara axınla hərəkət edəcək.

Gəmi “qandallar”dan yalnız gələn ilin sentyabr və ya oktyabrında qurtula biləcək. Həmin dövrdə Şimal qütbü rayonuna dreyf artıq geridə qalacaq və gəmi Frama boğazı yaxınlığında Qrenlandiyanın şimal-şərq sahilboyu ilə Şpitsbergen arxipelaqı arasında olacaq.

Ekspedisiya iştirakçıları Arktika iqlim sisteminin bütün amillərini öyrənəcəklər. Cihaz stansiyaları buz üzərində hərəkət sahələrində, gəmidən 50 kilometr aralıda quraşdırılacaq.

Ekspedisiyada buz, hava, flora və fauna nümunələri toplanacaq. Tədqiqatın nəticələri iqlim dəyişmələrinin gələcək proqnozlarında alimlərə kömək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...