Məhbuslar yaxınları ilə “Skype”la əlaqə qura biləcəklər

İtaliyada həbsxana həyatı yaşayanlar “Skype” vasitəsilə video zənglər edərək yaxınları ilə ünsiyyət qura biləcəklər. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, ölkənin penitensiar müəssisələrinin yeni administrativ kodeksində əksini tapıb.

Müvafiq qərar ölkədəki müxtəlif həbsxanalarda aparılan bir sıra pilot layihələrindən sonra Ədliyyə Nazirliyi tərəfindən verilib. Kommunikasiya texnologiyaları və internetdən istifadə xarici aləmlə əlaqə saxlamağa imkan yaradır. Bu, əsasən də məhbusların digər regionlardakı həbsxanada saxlandığı zaman ailə üzvləri ilə görüşü çətinləşdiyindən daha çox əhəmiyyət daşıyır.

Bununla yanaşı, məhbusların hamısı bu imkandan istifadə edə bilməyəcək. Həbsxana administrasiyası belə ünsiyyət imkanlarını qiymətləndirən zaman təhlükəsizliyin təmin olunması və barmaqlıqların hər iki tərəfindəki insanların psixoloji vəziyyəti prioritet kimi götürəcək. Həmçinin “Skype” vasitəsi ilə əlaqə imkanları ağır cinayətlərə görə həbs olunan və xüsusi rejimli həbsxanalarda saxlanılan məhbuslara şamil edilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə