NASA-nın zondu bu gecə Marsın səthinə enir

Bu gün Bakı vaxtı ilə saat 24:00-da ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) növbəti – doqquzuncu missiyası olan “InSight” kosmik zondu Marsın səthinə enəcək. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, mayın 5-də Kaliforniyanın “Vandenberq” hərbi bazasından kosmosa göndərilən aparat əvvəlcə termomühafizə ekranı ilə Marsın səthinə yönələcək, sonra toz burulğanının olmadığı təqdirdə paraşütləri açaraq enmə əməliyyatını həyata keçirəcək. Astronomlar bu çətin enmə mərhələsini “yeddi dəqiqəlik qorxu anları” adlandırıblar.

NASA-nın məlumatında bildirilir ki, “InSight” planetdəki Eliziy vulkanik təpəsindən cənubda yerləşən düzənliyə enəcək. Bu ərazinin 600 kilometr cənubunda isə “Curiosity” missiyasının tədqiqat apardığı “Geyla” krateri yerləşir. Yeni missiya Qırmızı planetin səthini deyil, onun dərin qatlarında temperaturu və seysmik aktivliyi öyrənəcək. Bunun üçün aparatda quraşdırılmış qurğular 3-5 metr dərinliyində qazma işləri aparacaqlar. Bütün bu işlərə hazırlıq müddəti isə iki ay davam edəcək. “InSight”ın əsas cihazının çox həssas və planetin səthinə düşən meteoritlərin zərbə dalğasını ölçəcək “SEIS” seysmometri olduğu bildirilir. Bu dalğaların ölçülməsi Marsın strukturu və onun 4,6 milyard il əvvəl necə yaranması barədə məlumatların əldə edilməsinə şərait yaradacaq.

Ötən əsrin 70-ci illərində NASA-nın “Vikinq” proqramı çərçivəsində Marsa göndərilən zondun seysmometri aparatın korpusuna bərkidildiyi üçün bu planetdəki seysmik aktivliyi ölçə bilməyib. “InSight” isə seysmometri birbaşa planetin süxurlarına yerləşdirəcək və müvafiq siqnalları qəbul edəcək.

“InSight”ın missiyası 728 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə