Çox oturmaq ölüm riskini artırır

Amerikanın Xərçəng Cəmiyyətinin araşdırmasına görə, idmanla məşğul olunsa belə, çox oturmaq 13 xəstəlikdən ölüm riskini artırır. SİA xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 6 saat və ondan çox oturanların erkən ölüm riski üç saatdan az oturanlara nisbətən 19 faiz daha yüksəkdir.

Araşdırma nəticəsində çox oturmağın xərçəng, ürək xəstəlikləri, insult, diabet, xroniki obstruktiv ağciyər xəstəliyi, ağciyər və qaraciyər xəstəlikləri, mədə xorası və digər həzm sistemi xəstəlikləri, Parkinson, Alzeymer, mərkəzi sinir sistemi və əzələ-skelet sistemi xəstəlikləri səbəbindən ölüm riski ilə əlaqəli olduğu və hətta intihar ehtimalını artırdığı müəyyənləşib.

Tədqiqat zamanı 128 min qadın və kişinin sağlamlıq haqqında məlumatlarına baxış keçirilib. Xroniki xəstəlikləri olmayan bu insanların təxminən 49 mini araşdırma aparılan 21 il ərzində vəfat edib.

Mütəxəssislər çox oturmağın xərçəngdən ölüm riskini 10 faiz artırdığını, əzələ-skelet sistemi xəstəliklərindən isə ölüm təhlükəsini 60 faizə yüksəltdiyini deyiblər. Az oturmağın faydalı olduğunu qeyd edən tədqiqatçılar bir saat oturduqdan sonra iki dəqiqə ayaq üstə dayanmağın və ya yüngül hərəkətlər etməyin qanda xolestrol, səviyyəsinə, şəkər və təzyiqə təsir etdiyini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə