Dubayda robot-polislərdən və dron-taksilərdən istifadə olunur

Dubayda və Çinin şəhərlərində xidmət sahəsində robot-polislər və dron-taksilərdən istifadə olunur. BBC xəbər verir ki, ötən il Dubayda dünyanın ən yüksək “Bürc-Xəlifə” göydələnində robot-polisin təqdimatı olub. Bir ildən sonra istehsalçı “PAL Robotics” şirkətinin nümayəndəsi bildirib ki, robot-polis populyar turizm məkanları və ticarət mərkəzlərində yerləşdirilib. Polisin köməkçisinə çevrilmiş bu aparatlar turistlərə müxtəlif dillərdə informasiyalar verir və onları istiqamətləndirir. Bundan başqa, robot-polislər vasitəsilə həqiqi polislər insanları müəyyən məsələlər barədə xəbərdar edir, həmçinin cərimələrin ödənilməsini həyata keçirirlər. Dubayın hökumət dairələri 2030-cu ilədək polis əməkdaşlarının dörddəbir hissəsini onlarla əvəz etməyi planlaşdırır.

Dubay şəhərinin rəhbərləri ilə bu layihəni həyata keçirən İngiltərənin Şeffild Universitetinin informatika üzrə professoru Noel Şarki deyib: “İlk mərhələdə bu robotlardan yaşlı insanlara kömək və turistlər üçün bələdçi kimi istifadəsi nəzərdə tutulurdu. Lakin onları bir polis nəfəri olaraq təsəvvür etmək çətindir. Robotlar əsl polisləri köməyə çağırmaq üçün düymələrlə təchiz edilib, lakin özləri köməksiz olan bu aparatları hər kəs vurub aşıra bilər”.

Professor Şarkinin sözlərini təsdiq edən insident ötən il Vaşinqtonda baş verib. Ofis binasında təhlükəsizliyi təmin edən robot-polisi birdən-birə qarşıdakı hovuzda tapıblar. Buna baxmayaraq, professor hesab edir ki, qarşıdakı illərdə bu robotlardan istifadə edilməsi daha intensiv olacaq: onlar müşahidə apara bilər, küçələrdə partlayıcı və digər təhlükəli maddələri aşkar edə bilərlər.

Artıq Çində robot-polislərdən vağzallarda və hava limanlarında patrul kimi istifadə olunur. Bu ölkənin Şenan şəhərindəki vağzalda post-patrul xidmətinin “əməkdaşı”nı - boyu 1,60 metr olan robot-polisi “E-Patrol Robot Sheriff” adlandırırlar. O, bir neçə videokamera ilə təchiz edilib və xüsusi ötürücülər vasitəsilə binada baş verən kiçik tüstülənməni də qeydə alır. Xüsusi sistemə qoşulmuş robot-polis hətta şübhəli və axtarışda olan şəxsləri aşkar edə bilər.

Yeni texnologiyaları sürətlə tətbiq edən Çində dron-taksilərdən də istifadə edilir. Burada bir çoxları hesab edir ki, onlar nəqliyyatın çox sıx olduğu böyük şəhərlərdə yükdaşıma vasitəsi və sürücüsüz taksi kimi daha geniş miqyasda tətbiq edilməlidir.

Pilotsuz taksilər artıq Dubayda da sınaqdan keçirilib. Bu şəhərdə daha bir texnoloji yenilik – “hoverbayk” adlı hibrid hava motosikleti də hazırlanır. Professor Şarki hesab edir ki, bu texnologiyaların tezliklə kütləvi istehsalı və istismarı mümkün deyil. Çünki onlar baha başa gəlir və tez-tez sıradan çıxır.

Dronları hazırlayan Lids Universitetinin elmi işçisi Bilal Qadduh isə bildirib ki, ümumiyyətlə, yaxın gələcəkdə robotlardan şəhərlərin təmizliyində, inşaat sektorunda da istifadə olunacaq. Lakin müəyyən məhdudiyyətlər nəzərə alınmalıdır. Məsələn, insanlar başları üzərində uçan dronların səsindən narahat olur, onları hava məkanına yerləşdirmək də asan deyil. Bir sözlə, texnologiya mövcuddur, amma texniki reqlamentin və insanların münasibətinin dəyişməsi xeyli vaxt aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə