Geni dəyişilmiş meyvələr nədir?

Tüstü burumları göyə qalxar, ocaq alışdıqca təndir qızarar və divarlara dən düşərdi. Üzünə yumurta yaxılmış xəmir kündələr divara yapılandan sonra təndirin ortasında korun-korun yanan ocağın təsirindən get-gedə allanardı. Buğda unundan bişən çörəyi təndirdən çıxaranda onun xoş və məftunedici ətri xeyli aralıdan hiss edilərdi…

Bostanda çəpərlərə dırmaşan xiyar, pomidor tağları iki göz istəyirdi ki, tamaşasına dursun. Eyni tağda yetişən məhsulların görkəmi də bir-birindən fərqli idi: biri uzun, biri gödək, biri yumru, biri yastı, biri əyri, biri sivri… Əlbəttə ki, kənddə doğulanlar və yaşayanlar üçün tanış mənzərələrdir. Amma elə bil ki, digər dəyərlər kimi onlar da qəhətə çəkilib…

İndi hanı ətri gendən vuran buğda çörəyi? Hanı bağ-bostanın yaraşığı olan xiyar, pomidor sortları? Hanı görkəmi süfrələr bəzəyən, dadı-tamı damaqlardan getməyən meyvələr?

Səbəb nədir? Torpağınmı üzü dönüb, bağ-bostanın bərəkətimi qaçaq düşüb, ağzımızın dadımı çəkilib? Gerçəklik belədir: indi 30-40 il əvvəlki toxumlar qalmayıb. Kəndli həmin toxumları az qala qızıl qiymətinə əldə edir. Hətta indi həmin toxumlar çəki ilə deyil, sayla, ədədlə satılır.

Torpağımızın adla deyilən nemətləri sayılan Qızıləhməd alması, Ordubad əriyi, Göyçay narı, Quba alması, Zaqatala fındığı, Qəbələ şabalıdı, Lənkəran çayı, Astara limonu, Abşeron şanısı, Sabirabad qarpızı, Kürdəmir yemişi, Zirə pomidoru, Hovsan soğanı tapmaq heç də rahat və asan məsələ deyil… Çox vaxt dükan-bazarlardan zahiri görünüşünə aldanıb alınan meyvə-tərəvəzlər heç də əvvəlki illərdəki ləzzətini vermir.

Əvvəllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi ilin istənilən fəslində həmin nemətlər satışa çıxarılır. Təəssüflər olsun ki, geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Piştaxtaların üstü boyu bir, buxunu bir, əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, alıcı təlabatını ödəyə bilmir. Açıqca hiss olunur ki, məhsulların çeşidi azalıb. İnkişaf və tərəqqinin sürətli olmadığı zamanlarda bazarlara hər meyvə-tərəvəzin bir neçə növü çıxarılardı. Ona görə də bu gün bazara üz tutan alıcının öz istehlak səbətinə uyğun olaraq alıb zənbilinə doldurduğu məhsullar ona istədiyi ağız dadını vermir.

Fermerlər, icarədarlar, kənd zəhmətkeşləri keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Yerli xiyar, pomidor sortunun nazı ilə oynayınca onlar üçün geni dəyişdirilmiş məhsuldar xiyar, pomidor sortu yetişdirmək və onun məhsulunu bazara çıxarmaq daha əlverişlidir. Heç kəsə sirr deyil ki, həmin sortdan olan xiyar və pomidor kifayət qədər yüksək məhsul verir. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur. Göyərtilərin vitamin tərkibi 50-70 faiz arasında öz keyfiyyətini itirib. “Peyğəmbər buğdası” adlandırılan qarğıdalının yerini indi tez bişən və məhsuldar Amerika qarğıdalısı tutub. Yeni növ qarğıdalı məhsuldardır, görkəmi ilə göz oxşayır, üstündə dənləri çoxdur, amma tərkibində sellüloza və digər maddələrdə olduqca azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...