XIX əsrdən “gələn” məktub tapılıb

Avstraliya sakini çimərliklərin birində 132 il bundan öncə okeana atılan butulkanın içində məktub tapıb. ABC Australia telekanalının yaydığı məlumata görə, qadın ailəsi ilə birgə Pert şəhərindən 180 kilometr məsafədə yerləşən çimərlikdə gəzərkən qumun içində butulkaya rast gəlib.

“Biz onu evə gətirdik və qurutduq. Butulkanı açdıqda içində alman dilində əllə yazılan blankın olduğunu gördük”, - deyə Tonya İllman bildirib.

Məktubda onun 1886-cı il iyunun 12-də yazıldığı və Avstraliyanın qərb sahillərindən 950 kilometr məsafədə Almaniyaya məxsus “Paula” adlı yelkənli qayığın göyərtəsindən atıldığı qeyd olunub. Ailə tapıntını ştatın muzeyinə təhvil verib. Buradakı alimlər niderlandlı və almaniyalı həmkarları ilə birgə məktubun XIX əsrdən “gəldiyini” təsdiqləyib.

Qeyd edək ki, 1864-1933-cü illərdə alman gəmiləri okean cərəyanlarını tədqiq etmək üçün minlərlə belə qeydlərin olduğu butulkaları dənizə atırdı. Bundan əvvəlki ən qədim butulkadakı qeyd “göndərildiyi” vaxtdan 108 il sonra tapılan nümunə sayılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə