Almaniya mütəxəssislərinə görə, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.

Bu xəstəliyə mübtəla olan insanlar gərəksiz şeylərin üst-üstə qalandığı, qab-qacağın və döşəmənin yuyulmadığı çirkli mənzildə yaşayırlar. Həyatın ağır məqamlarında olan insanlara dəstək üçün yaradılmış “H-TEAM” qeyri-hökumət təşkilatının başçısı doktor Vediqo fon Vedelin fikrincə, belə psixi pozğunluqlar əslində düzgün qiymətləndirilmir. Axı, sindromun əsas tərkib hissələrindən biri olan patoloji yığımcıllıq insanın normal yaşamasına mane olur, onun mənzili əsl zibilliyə çevrilir.

Herrad Şenk diqqəti bu problemə cəlb etmək üçün pintilik sindromundan əziyyət çəkən bir qadın barədə kitab yazmışdır. “Ştern” jurnalının yazdığına görə, sindroma tutulmuş real xəstələrin ifadələri əsasında yazılmış “Yığıma həsr olunmuş ömür” kitabında insanların taleyi müxtəlif olsa da, xəstəliyin inkişaf tarixi hər yerdə eynidir. Xəstəlik ətrafdakılar üçün qəflətən başlayır. Zibillikdən tapılan lazımsız şeylər mənzilə daşınır, bütün bunları tullamaq cəhdləri isə “sərvət” sahiblərinin şiddətli müqavimətinə rast gəlir.

İnsanın nə yaşı, nə sosial statusu, nə də cinsi xəstəliyin yaranmasına təsir göstərmir. Alimlər sindromun inkişafını onun vaxtilə aldığı psixoloji zədə, məsələn, doğma insanı itirməsi ilə bağlayırlar. Keçmişi xatırladan bəzi əşyaları qoruyub saxlamaq arzusu məhz buradan doğur. Bəlkə də belə halları adi xəsislik doğurur? Alimlər hesab edirlər ki, sindromdan tam qurtulmaq mümkün deyildir, lakin öz həyatını normaşllaşdırmaqda insana kömək etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə