Alman alimləri: Qoxular yaraları sağaltmağa kömək edir

Almaniya alimlərinin insanın dərisində tapdıqları iybilmə reseptorları müəyyən qoxularla təmasa girən zaman hüceyrələri sürətlə bölünməyə və miqrasiya etməyə (yara və sıyrıntılar məhz bu yolla sağalır) sövq edir. Bu kəşf barədə məlumatı “New Scientist” internet nəşri “Journal of Investigative Dermatology” jurnalına istinadla yaymışdır.

İnsanın burnunda müxtəlif qoxuları müəyyən edən 350-dən çox reseptor tipi vardır. Daxili orqanlarda da (ürək, qaraciyər və bağırsaq) analoji hüceyrələr mövcuddur, lakin onları öyrənmək çətindir. Rur Universitetinin (Boxum) sitoloqu Hans Hattın laboratoriyasında epidermisin əsas kütləsini təşkil edən hüceyrələrin - keratinosidlərin qoxulara necə reaksiya verdiyini öyrənmək qərarına gəlmişlər.

Alimlər aydınlaşdırmışlar ki, sandalor ətri( aromaterapiyada, ətirlərdə və dəriyə qulluq vasitələrində tətbiq edilən sintetik səndəl yağı) OR2AT4 reseptoru ilə əlaqəyə girir. Lakin burunun iybilmə reseptorlarından fərqli olaraq OR2AT4 beyinə siqnal göndərmir, epidermisin hüceyrələrini bölünməyə və miqrasiya etməyə sövq edir. Zədələnmiş dəri məhz bu proseslər sayəsində bərpa olunur. Sınaq şüşəsindəki hüceyrələrin sandalor ilə beş gün təmasda olması nəticəsində bölünmə sürəti 32 faiz, miqrasiyanın intensivliyi isə demək olar, iki dəfə artmışdır. Halbuki təbii yağ və testdən keçirilmiş 10 süni əvəzləyicidən yeddisi heç bir təsir göstərməmişdir.

Yaranı sağaldan və dərini cavanlaşdıran “ətirli” kremlərin kütləvi istehsalına hələ çox var. Dərinin iybilmə reseptorları çox həssasdır: onlar hətta sintetik yağların müxtəlif markalarını da fərqləndirir. Orqanizmdə reseptorların genetik dəyişkənliyi nəticəsində bir adamın dərisi üçün faydalı olan ətir, başqa birisi üçün zəhərli ola bilər. Buna baxmayaraq, burunun hüdudlarından kənarda yerləşən 150-200 iybilmə reseptoru tibbi eksperimentlər üçün geniş meydan açır.

Bütün xəbərlər Facebook səhifəmizdə