Xəbərdarlıq: İş masası arxasında yemək vərdişi ölüm riskini artırır

Alimlərin apardıqları tədqiqata əsasən, bütün dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəbdir. Fiziki fəallığın çatışmazlığı qan laxtalarının yaranmasına səbəb olur.

Belə ki, ofis işçiləri arasında daha çox yayılan vərdiş öz “bəhrə”sini verməkdədir. Söhbət nahara hara isə getmək istəməməkdən gedir. İşçilər öz vaxtlarına qənaət edərək elə ofisdə öz iş masalarının arxasında nahar edirlər.

Tədqiqatlar göstərir ki, gün ərzində 10 saat işləyən 21-30 yaşlarında insanların təxminən 75 faizi fasiləyə çıxmaqdan imtina edirlər ki, bu da dərin venalarda tromboz əmələ gəlməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır.

Tromboz dərin venalarda qan laxtalarının (trombların) əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Bir qayda olaraq, tromboz aşağı ətrafları zədələyir. Müalicə olunmadıqda isə o, ölümlə nəticələnə bilir. Statistikaya görə, ağciyər tromboemboliyasından baş verən ölüm hallarının 3-15 faizinə tromboz səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyada yaşı 40-dan az olan tromboz qurbanlarının sayı sürətlə artır. Eyni zamanda, trombozla bağlı bir çox hallar diaqnozlaşdırılmayıb. Həkimlərin məsləhətlərinə görə, trombozdan müdafiə olunmağın ən səmərəli üsulu hərəkətli olmaqdan, siqaretdən imtina etməkdən, duz və yağdan istifadəni azaltmaqdan ibarətdir.

loading...