Günəbaxan və zeytun yağları ürək xəstəliklərinə təsir göstərmir?

Günəbaxan və zeytun yağlarından çox istifadə olunması ürək xəstəliklərinin inkişafına təsir göstərmir. İspaniya sakinlərinin sağlamlığını geniş miqyasda araşdırmış Britaniya Kardiologiya Cəmiyyətinin mütəxəssisləri belə bir qənaətə gəlmişlər. Eksperimentə qatılan 40 min nəfərin üçdəbir hissəsini kişilər təşkil etmişdir.

Tədqiqatçılar bildirirlər ki, külli miqdarda zeytun və günəbaxan yağının, habelə qızardılmış yeməklərin yeyildiyi Aralıq dənizi ölkələrində ürək-damar xəstəlikləri və pəhriz arasında heç bir əlaqə aşkar edilməmişdir. Eyni zamanda mütəxəssislər izah edirlər ki, Aralıq dənizi mətbəxi Britaniya yeməklərindən daha sağlamdır. Odur ki, yağlı yeməklərin infarkt və insultun tezliyinə heç bir təsir etmədiyini birmənalı şəkildə iddia etmək olmaz.

Alimlər, həmçinin bildirirlər ki, zeytun və günəbaxan yağları doymamış yağlara aiddir. Hazırda ictimai iaşə müəssisələrində külli miqdarda istifadə olunan palma və kərə yağları doymuş yağlardır və insanın müxtəlif həyat fəaliyyəti sistemlərinə ziyan vurur.

Bütün xəbərlər Facebook səhifəmizdə