Londondakı Kinqz Kollecin Psixiatriya İnstitutunun alimləri bəzi insanların niyə psixopat olmalarının mexanizmini öyrəndiklərini bəyan ediblər. Ruhi xəstələr üçün təcridxanalarda aparılmış araşdırmaya əsasən, bunda günahkar beynin iki yarımkürəsi arasında qeyri-sabit ünsiyyətdir.
Bunun nəticəsində, qorxu, emosiya və aqressivlik kimi hisslər barədə informasiyanın ötürülməsində nöqsanlar baş verir və nəticədə, insanda psixopatik davranış ortaya çıxır. İnstitutun mütəxəssisi doktor Maykl Kreyq beynin hissələri arasında mesajlaşmanın belə tərzini, kələ-kötür yolla maşın sürməyə bənzədir: "Psixopatların beyin yarımkürələri arasındakı ünsiyyət magistralında sanki böyük sayda çala-çuxur var. Bu magistralın qayğısına heç kim qalmır və onunla hərəkət edən informasiya axını çalalarda itib-batır."
Doktor Kreyq deyir ki, öz-özlüyündə belə bir hal psixopatiya diaqnozunun qoyulması üçün kifayət deyil. Beləki, o başqa psixatrik pozuntularda da baş verir. Lakin bu psixopatiya üçün vacib faktorlardan biridir. Digər sözlə, bu yalnız psixopatiya üçün spesifik bir göstərici deyil, lakin, psixopatlarda daima müşahidə olunan bir haldır.
Alimlər 9 psixiatrik xəstəni müayinə ediblər. Onlar çoxsaylı zorlama və adam öldürmədə məhkum olunan şəxslər olublar. Bu kiçik bir araşdırma olsa da, bunun ədliyyə sistemində cinayətlərə dair qərarların qəbul edilməsinə təsiri ola bilər. Ələxüsus, zorakı canilərin yenidən cinayət törətməsi nəzərə alınan hallarda.

Bütün xəbərlər Facebook səhifəmizdə