Gümüş xərçəng hüceyrələrinə qarşı mübarizədə səmərəlidir

Alimlər gümüşün çox maraqlı xüsusiyyətini kəşf ediblər. Onlar gümüşdən xərçəng hüceyrələrinə qarşı mübarizədə istifadə etməyi tövsiyə edirlər. Belə ki, bu metal nəinki kimya terapiyası preparatlarını əvəz edir, həm də müalicənin əlavə səmərəsini artırır.

Böyük Britaniyanın Lids Universitetindən Şarlotta Villansın "New Scientist" jurnalında dərc olunan yazıyda qeyd olunur ki, bir sıra xərçəng şişlərinə qarşı tətbiq olunan "Cisplatin" preparatının tərkibi platindən ibarətdir. Preparat platinin atomuna birləşdirilmiş molekul qrupu əsasında alınır. Nəticədə xərçəngin hüceyrələrində dezoksiribinuklein turşusu ilə reaksiyaya daxil olan birləşmə alınır. Birləşmənin reaktivliyinə metalı əhatə edən molekullar səbəb olur.

Aparılan tədqiqatlar isə gümüşün də xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu sübut edib. Ona görə də britaniyalı mütəxəssislər xərçəng əleyhinə səmərəli vasitə əldə etmək üçün gümüşdən də istifadə ediblərlər. Alimlər müxtəlif tipli karben liqandları gümüş atomları ilə birləşdiriblər. Sonra altı gün ərzində birləşməni müxtəlif konsentrasiyada döş və bağırsaq xərçəngi hüceyrələrinə yeridiblər. Gümüş birləşmələri hər iki tip hüceyrələrə eyni dərəcədə səmərəli təsir göstərib. Həmçinin, gümüşün platinlə müqayisədə daha az zəhərli olduğu məlum olub.

İki uclu liqandın (müəyyən strukturun sahəsi ilə qarşılıqlı təsir edən molekul) olduğu birləşmə özünü nisbətən daha yaxşı şəkildə göstərib. Ehtimal ki, iş daha çox strukturun ayrılma prosesini uzadan və fəallığı uzun müddət ərzində dəstəkləyən sabit olmasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə