Diyetoloqlar: Halva sinir sistemini möhkəmləndirir

Diyetoloqlar təbii xammaldan hazırlanmış sağlam şirniyyatlara üstünlük verməyi, yəni həm faydalı, həm də dadlı ərzaqlardan istifadə olunmasını tövsiyə edirlər.

Alimlərin apardıqları tədqiqat sayəsində məlum olub ki, halva orqanizmi cavanlaşdıran və sağlamlığı yaxşılaşdıran qəribə xassələrə malikdir. Məsələn, halva sinir sistemini möhkəmləndirir, habelə qan dövranının yaxşılaşmasına kömək göstərir. Əgər halva bütün resept şərtlərinə əməl etməklə hazırlanmışsa, onun tərkibi mikroelementlərlə, yəni natrium, kalium, fosfor, maqnezium, mis, protein, sink, dəmir, habelə müxtəlif ərzaq turşuları ilə zəngin olur.

Tərkibində bir çox faydalı maddələr olduğuna görə, halvadan uşaq qidası kimi istifadə edilməsinə icazə verilib. Halvanın hazırlanması üçün istifadə edilən günəbaxan tumu, küncüt və qoz-fındığın tərkibində xeyli miqdarda A, E və B qrup vitaminlər vardır. A vitamini uşağın normal inkişafı və görmə qabiliyyəti üçün zəruridir, E vitamini ürək-damar sisteminin işinə müsbət təsir göstərir, B qrupuna aid vitaminlər isə yaddaşı yaxşılaşdırır, immun sistemini möhkəmləndirir.

Faydalı halva yalnız təbii ərzaq məhsullarından ibarət inqrediyentlərdən hazırlanmalıdır, onun tərkibində turşuluq verən maddələr, yeyinti boyaqları, süni mənşəli aromatik maddələr, habelə emulqatorlar olmamalıdır.

Yuxarıda göstərilən bütün məziyyətləri ilə yanaşı bu şərq şirniyyatının bir nöqsanı vardır: o, çox kalorili məhsuldur. Ona görə də müalicə məqsədi ilə bu məhsuldan gündə 50 qram (çox yox) yemək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə