Belçika alimləri: Duzlu yemək qadın ürəyini qoruyur

Uzun illərdir alimlər duzun müsbət və mənfi cəhətləri barədə mübahisə edirlər. Duzlu yeməklərin bir çox xəstəliklərə səbəb olduğu barədə son vaxtlar çox danışılsa da, Belçikadakı Leven Universiteti alimlərinin apardıqları tədqiqatlar göstərib ki, duz ziyanlı olsa da faydalıdır. Belə ki, ürək-damar xəstəliklərinin yaranması riskinin qarşısını alır.

Professor Yan Stessen bildirib ki, gündəlik qida rasionunda duz çatışmazlığı səbəbindən qadınların ürək xəstəliyindən, yaxud insultdan vaxtsız ölmək ehtimalı artır. Mütəxəssislər səkkiz il davam edən tədqiqatlar ərzində Avropanın müxtəlif ölkələrindən orta yaş həddi 60 olan 3681 kişi və qadını müşahidə ediblər. Müəyyən edilib ki, duzun miqdarının azaldılması sağlamlıq üçün heç bir üstünlük vermir.

Doktor Stessenin sözlərinə görə, az miqdarda duz yeyən qadınlarda ürək tutmasının yaranması riski duzlu yeyən qadınlara nisbətən 56 faiz yüksəkdir. Ürək-damar sisteminə pis təsir göstərən siqaret çəkmək, spirtli içkilərə aludə olmaq, xolesterinin yüksək səviyyəsi, piylənmə, şəkərli diabet və s. kimi amillər nəzərə alındıqdan sonra da alimlərin qənaəti dəyişməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə