Ölkədə saxta şpris həyəcanı, bəs problemin qarşısı niyə alınmır? - ARAŞDIRMA-VİDEO

Son zamanlar mediada ölkəmizin əczaxanalarında standartlara cavab verməyən şprislərin satılması ilə bağlı bir çox xəbərlər yayılıb. SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova bildirib ki, bu barədə ardıcıl olaraq vətəndaşlardan şikayətlər daxil olmaqdadır.

“Şikayətin məğzi əmtəə bazarında olan şprislərlə bağlıdır. Belə ki, sentyabr ayında Standartlaşdırma İnstitutu Azərbaycanın əmtəə bazarında satılan şprislərin böyük bir hissəsini xaricdə 14 parametrlər ürzə ekspertizadan keçirib və məlum olub ki, saxta mallar bazarın təxminən 80 faizini zəbt edib. Eləcə də dövlət və özəl klinikalarda geniş istifadə olunan şprislər və onlara taxılan iynələr heç də standartlara cavab vermir. Ekspertiza nəticələrində məlum olub ki, şprislərin üzərində bölgülər doğru deyil. Standartlara görə şprislər 2 hissədən ibarət olmalıdır. Halbuki, əmtəə bazarında satılan və bazarı zəbt etmiş bu təhlükəli şprislər 3 hissədən ibarətdir və porşenin sonluğunda olan rezin ayrıla bilir. Ekspertizanın nəticələri göstərir ki, bəzən istifadə olunmuş slindirlərin yenidən istifadə edilir”, deyə ekspert qeyd edib.

E.Hüseynov bildirib ki, iynələrin ekspertizası zamanı məlum olub ki, bu iynələr insan damarlarında ciddi fəsadlar törədə, bəzən isə infeksiya daşıyıcıları ola bilərlər: “Çox təəssüflər olsun ki, bazarda bu cür vəziyyət heç yerli şpris istehsalçılarını da narahat etmir. Mən birmənalı şəkildə qeyd edirəm ki, dövlət tərəfindən biznes qurumlara yaradılmış şəraitdən hansı ki, bu cür şərait hər ölkədə yaradılmır, sui-istifadə edirlər. Təhlükəli və standartlara cavab verməyən şprisləri Çindən və Türkiyədən idxal edib Azərbaycanın əmtəə bazarında satmaqla istehlakçı hüquqlarını, dövlətimizin qanunlarını pozurlar və vətəndaşların sağlamlığını təhlükə altında qoyurlar”.

Onun sözlərinə görə, təsadüfi deyil ki, bu ekspertizadan sonra sentyabr ayında keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev Səhiyyə Nazirliyini, Gömrük orqanlarını, digər idxalçı şirkətləri, o cümlədən Standartlaşdırma Agentliyini toplayıb müşavirə keçirib və bu müşavirədə tapşırıq verib ki, bu şprislər Azərbaycanın əmtəə bazarından çıxarılsın. “Lakin hazırda noyabr ayı olmasına baxmayaraq 3 aptekə ardıcıl daxil oldum və hər 3 aptekdə bu şprislərin satıldığını gördüm. Düşünürəm ki, buna son qoyulmalıdır. Mən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən aldığım cavabla bağlı çox təəssüf edirəm. Hörmətli Murad Süleymanovun imzasıyla Səhiyyə Nazirliyinə göndərdiyim məktuba amorf, heç bir məna kəsb etməyən cavab verilib. Cavablarında isə: “İctimai təşkilatdan xahiş olunur ki, sizdə olan şprisləri bizə təqdim edin və biz onları ekpertiza edək” deyə cavab veriblər. Nə üçün dövlət orqanı, digər dövlət orqanının keçirdiyi ekspertizanın nəticələrini götürüb təhlil aparmır? Mənim təsadüfi apteklərdən aldığım şprislər ekspertiza üçün hansı yöndə əsas verə bilər? Məni belə hallar təəccübləndirir. Digər dərman vasitələri kimi o cümlədən şprislər də Səhiyyə Nazirliyinin icazəsi ilə bazara idxal olunur. Düşünürəm ki, Analitik Ekspertiza Mərkəzi və digər dövlət orqanları bu işə ciddi yanaşmalıdır”.

QHT sədri bildirib ki, əsas məsələlərdən biri də budur ki, dövlət vəsaiti və böyük investisiya hesabına yaradılmış yerli şirkət, standartlara uyğun şpris istehsal etdiyi halda, bazar 80 faiz standartlara cavab verməyən şprislərlə doludur: “Yerli istehsalçının da bu məsələyə biganə qalması məni təəccübləndirir. Qeyd etdiyim kimi standartlara cavab verən şprislər 2 hissədən ibarət olmalı və şprisi əyən kimi qırılmalıdır ki, sıradan çıxsın. Lakin adını çəkdiyim Türkiyə və Çin istehsalı şprislər 3 hissəlidir və sındıraraq sıradan çıxarılması mümkün deyil. Ona görə onlar başqa ölkələrdə yenidən hazırlanıb bizə, yəni Azərbaycana göndərilmə ehtimalı vardır və ekspertiza nəticələri də bunu sübut edir. Düşünürəm ki, tezliklə bu şprislər bazardan yığışdırılmalıdır. Əhali birmənalı çəkildə bu cür şprisləri istifadə etməməlidir. Azad İstehlakçılar Birliyi bununla bağlı gömrük orqanlarına, İqtisadiyyat və Səhiyyə nazirliklərinə, eləcə də Nazirlər Kabinetinə rəsmi məktublar və ekspertiza nəticələrini göndərib. Düşünürəm ki, əhali də, biznes qurumlar da, bütün cəmiyyət elə bir iş aparmalıdır ki, insanların sağlamlığı bu şprislər vasitəsilə təhlükədə qalmasın.

Daha sonra bu məsələ ilə əlaqədar Analitik Ekpertiza Mərkəzindən verilən açıqlamada, “Şprislərlə bağlı bizə heç bir vətəndaşdan şikayət daxil olmayıb. Əgər bunla bağlı kiminsə şikayəti varsa, həm Analitik Ekspertiza Mərkəzinin qaynar xəttlərinə, həm də bizim pəncərə xidmətimizə müraciət edə bilərlər. Apteklərə nəzarət isə şikayət əsasında aparılır. Ölkəyə idxal edilən bütün şprislər Analitik Ekpertiza Mərkəzinin idxal şöbəsində yoxlanılır və idxal edilir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun iddiasına görə Səhiyyə Nazirliyinin bu məsələ ilə əlaqədar heç bir rəy verməməsi ağıllarda şübhəli məqamlara yol açır.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə