Oqtay Gülaliyevin vurulması ilə bağlı cinayət işi açıldı

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülaliyev vurulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülaliyev oradan "City Hospital"a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilib. Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...