Azərbaycanda uşaqların 8-12 faizi vaxtından əvvəl doğulur Baş neonatoloq

"Yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl doğulmalardır. Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur. Bu körpələrdə tənəffüs problemləri olur".

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda uşaqların 8-12 faizi vaxtından əvvəl doğulur: "İnkişaf etmiş ölkələrdə bu, təxminən 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə doğulanlar olur ki, onların arasında vaxtından əvvəl doğulanlar da var. Vaxtından əvvəl doğulmuşlar arasında ölüm faizi əsasən üstünlük təşkil edir. Ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur. 1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda vəziyyətləri imkan verirsə, evə yazmaq olar. Ancaq evə yazılsalar belə, həmin körpələr daim nəzarətdə olurlar. Həmin körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə