Samir Mustafayev: “Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir”

Ötən əsrin sonlarında tibbin heç bir sahəsi kardiologiyada olduğu qədər köklü dəyişikliklərə uğramayıb. Bu dəyişikliklər Nobel mükafatçıları olan alimlərin: Kurnan, Roberts və Forsmanın əsərlərinə əsaslanan ürəyin kateterizasiyası metodlarının sürətli inkişafı sayəsində gerçəkləşmişdir. Bu xəstəliklər daha kütləvi xarakter aldığı və heç kimin bundan sığortalanmadığı üçün, kardiologiyada olan bu dəyişikliklər bizim hər birimizə toxuna bilər.

Bu dəyişikliyə uğramış və yenilənmiş kardiologiya invaziv (müdaxilə) adını alıb. Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin nicat yeri adlandırmaq olar.

Mərkəzi Gömrük Hospitalının dünya standartlarına uyğun yaradılmış İnvaziv Kardiologiya şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə insanlara xidmət göstərir. Hospitalın invaziv kardioloqlar komandasına rəhbərlik edən invaziv kardioloq Dr. Samir Mustafayev pasiyentlərin müayinə və müalicəsində müasir kardiologiyanın ən qabaqcıl metodlarından sayılan koronar angioqrafiya, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, kardioversiya, müvəqqəti süni ritm aparıcısı tətbiqi, intaortik balon pompası tətbiqi, PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stent, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, mərkəzi və periferik angioqrafiya üsullarından uğurla istifadə edir.

Hospitalın invaziv kardioloqu Samir Mustafayev son illər ürək xəstəliklərinin müalicəsində geniş istifadə olunan invaziv müalicə metodu ilə bağlı suallarımızı cavablandırıb. Həmçinin, kardioloq müsahibəsində baş verən ürək xəstəliklərinin əsas səbəblərini açıqlayıb.

-Samir müəllim, siz 10 ilə yaxındır ki, invaziv kardioloq kimi çalışırsız. Bu sahə kardiologiyanın nisbətən yeni sahəsidir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, invaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyətidir. İnvaziv kardiologiya geniş və mühüm sahə olan və koronar angioqrafiya adlandırılan diaqnostikanı əhatə edir ki, bura həmçinin, stentlərin qoyulması aiddir. İnvaziv müdaxilə sayəsində ürəyi qidalandıran qan damarlarında hər hansı daralma və yaxud qapanma olub-olmadığı müəyyən edilir. Koronar angioqrafiyadan sonra xəstəyə medikamentoz müalicə, ballon-stent qoyulması və ya koronar şuntlaşdırma (by pass) əməliyyatı ediləcəyinə qərar verilir.

-Bəs hansı hallarda Siz xəstələrinizə açıq ürək əməliyyatı, hansı hallarda invaziv kardiologiya metodlarını təklif edirsiniz?

-Ürəkdə açıq əməliyyat diaqnozu yalnız angioqrafiyadan sonra qoyula bilər. Biz əvvəl angioqrafiya edirik və damarların vəziyyətini müəyyənləşdiririk. Xəstə müxtəlif analizlər verir, bir sıra müayinələrdən keçir. Əgər damarlarda daralma çoxdursa, bu zaman onu açıq əməliyyata yönəldirik. Adətən şəkərli diabet xəstələrində belə hallar tez-tez olur. Daralmaların sayı azdırsa, ilk növbədə, stent məsləhət görürük. Həmçinin, kəskin infarkt diaqnozu ilə daxil olmuş xəstələrə də stent qoyulmasını tövsiyə edirik.

-İnvaziv kardiologiyanı çox yayılmış insultun müalicəsində inqilab adlandırırlar. Bu barədə nə deyə bilərsiniz?

-Avropada və ABŞ-da stentlərdən istifadə etməklə kiçik dəliklər vasitəsilə ürəyin damarlarına müdaxilə edib müalicə aparan həkimlərə “invaziv kardioloq” deyirlər. Adətən əvvəllər kardiologiyanı öyrənən, kardioloji xəstələrlə işləyən, daha sonra əməliyyatlar aparan həkimlər hazırda stentlərin tətbiqi ilə müalicə aparırlar.

İki oxşar xəstəlik var – miokard infarktı və beyin infarktı və ya insult. Bir çox hallarda mexanizm eynidir – beyin damarı qapanır, orqanın hüceyrələrinə qanın axması dayanır. İnsultun müalicəsini məhz invaziv üsulla həyata keçiririk.

-Son vaxtlar ürəklərində narahatlıq hiss edən insanlarda stent qoyulmasının artdığı müşahidə olunur. Bu nə ilə əlaqədardır?

-Düz qeyd etdiniz. Son vaxtlar stent qoyulması halları artıb. Səbəb diaqnostika sahəsində irəliləyişlə bağlıdır. Bununla yanaşı, insanlar sağlamlıqlarının qayğısına qalmağa başlayıblar və bu da çox yaxşı haldır. Lakin stent qoyulması üçün də müəyyən şərtlər və göstəricilər mövcuddur. Belə ki, stent qoyulmasının səbəbi damarların 70%-dən artıq daralmasıdır. Bu, eyni zamanda, kəskin infarktın qarşısını almaqda kömək edir.

-İnvaziv prosedurlarla müalicə zamanı risk dərəcəsi necədir?

-Etiraf edim ki, invaziv prosedurlarda da digər prosedurlarda olduğu kimi, risklər var. Risklərin ümumi faizi 1000/1-dir. Onların arasında insult, qanaxma, arteriyaların cırılması, hətta ölüm riskləri vardır. Bura həmçinin, allergik reaksiyaları şamil etmək olar.

-İnvaziv prosedurdan sonra xəstə özünü necə qorumalıdır?

- Əgər xəstəyə anju edilibsə və arteriyalarda ciddi daralma yoxdursa, biz ona müəyyən müalicə təyin edirik ki, daralma artmasın. Kəskin infarktın qarşısını almaqdan ötrü isə qanın durulaşdırılması üçün preparatlar təyin edirik. Bir şeyi də qeyd etmək istəyirəm ki, ürək xəstələri xroniki xəstələr olduğu üçün onlar daim həkim nəzarətində olmalıdırlar. Həkim məsləhətlərinə müvafiq olaraq il ərzində müəyyən prosedurlardan keçməlidirlər.

-Son illər ürək xəstələrinin sayında artım müşahidə edilir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək-damar xəstəliklərinin sayı artıb və dünya üzrə ölüm səbəblərinin bir çox hissəsini məhz ürək problemləri təşkil edir. Bunun da bir çox səbəbləri var. Belə ki, oturaq həyat tərzi, xəstələrin düzgün qidalanmaması, fast-fud deyilən yeməklərin qəbulu, təbii qidalardan uzaqlaşma, geni dəyişdirilmiş məhsullardan bol istifadə, həmçinin zərərli vərdişlərin sürətlə yayılmasıdır. Sadaladığım bu səbəblərin hamısı düzələ bilən faktlardır. Çünki bu səbəblərin aradan qaldırılması insanın öz əlindədir.

-Bəzən ürək xəstələri vaxtı-vaxtında həkimə müraciət etmirlər. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, çox vaxt elə hallar olur ki, xəstə həkimə tam vaxtında müraciət etmir. Xəstələr fikirləşirlər ki, adi bir ağrıdır, tezliklə keçib gedər və yaxud da hansısa bir əzələ ağrısıdır. Ürək xəstələrinin əksəriyyəti isə infarkt mərhələsində həkimə müraciət edir. Bu da artıq gecikmiş olur. Amma xəstə həkimə vaxtında müraciət etsə, bütün bunlar öz həllini tapmış olar. Düzdür, burada insanların maarifləndirilməsi də böyük rol oynayır. Həm media, həm də sosial şəbəkə vasitəsi ilə maarifləndirmə işləri aparılmalıdır.

-Fəaliyyət dövrünüzdə ən çətin əməliyyat hansı olub?

-Bütün ürək əməliyyatları çətin və məsuliyyətlidir. İcra etdiyimiz hər ürək əməliyyatı bir insan həyatının davamıdır, bir insanı həyata qaytarmaqdır. Fəaliyyətim dövründə daha çətin və narahat olduğum bir əməliyyat olmuşdur. Bir dəfə təyyarədə xarici vətəndaşın qəfil halı pisləşmişdi. Təyyarə təcili olaraq Bakı aeroportuna enmiş, həmin xarici vətəndaşı bizim hospitala gətirmişdilər. Həmin xəstə İngiltərə vətəndaşı idi. Biz onun ürəyinə 4 stent qoyduq. Əməliyyat uğurla başa çatdı. Düzdür, burada da prosedur olaraq hər şey eynidir. Sadəcə, xəstənin xarici vətəndaş olmağı bizi daha da məsuliyyətli olmağa çağırırdı. Bu səbəbdən bizdə həyəcan və gərginlik olub.

-Samir müəllim, Avropa ölkələrində yaşlı insanları tez-tez küçələrdə görürük. Onların hətta velosipedlə və ya idman geyimində hərəkət etdiklərini müşahidə edirik. Lakin bizdə tam fərqlidir. Bu barədə fikirləriniz maraqlı olar.

-Bəli, düzgün vurğulayırsınız. Avropa ölkələrində olan hər kəs bunu müşahidə edib. Bunun da əsas səbəbi onların aktiv həyat tərzi keçirməsidir. Yaşlı insanlar sürətli yürüş etməklə, velosiped sürməklə, həmçinin mütəmadi idman hərəkətləri etməklə öz ürəklərinin sağlamlığının qayğısına qalırlar. Ona görə xarici ölkələrdə yaşlı insanların ömrü daha uzun olur. İnsan mütəmadi olaraq aktiv həyat tərzi keçirməlidir. İdmanla daha çox məşğul olduqca ürəkdə olan kiçik kapillyarlar daha yaxşı inkişaf edir. Ona görə də biz həmişə ürək xəstələrinə, hətta stent qoyulmuş xəstələrə məsləhət görürük ki, gün ərzində ən azı 3-4 km sürətli addımlarla yürüş etsinlər. Ürək xəstələri gün ərzində nə qədər çox piyada gəzərlərsə, bir o qədər onlara xeyri var. Hətta imkanları olsa, 100 km-ə kimi məsafə qət etsinlər. Bütün bunlar ürəyin düzgün qaydada inkişafına yol açır.

-Samir müəllim, son olaraq ürək xəstələrinə nə kimi məsləhətlər verərdiniz?

-Ürəyin bir çox düşməni var. Lakin bunların arasında əsas üç düşmən var ki, onlara xüsusən diqqət yetirmək lazımdır. Bunlar siqaret, şəkər və təzyiqdir ki, mütləq hər zaman kontrol olunmalıdır. Yəni göstərilən bu faktlar insanın öz əlindədir və o, hər zaman müəyyən qaydalara riayət etməklə ürək xəstəliklərinin qarşısını ala bilər. Bununla yanaşı ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Hətta ürək xəstəsi olmayan vətəndaşlar da heç olmazsa, ildə bir dəfə müayinədən keçməlidirlər. Ürəyinizi qoruyun, axı onu erkən, cavan yaşlarından qorumaqla, sonradan, ahıl yaşlarda onun sağlam olmasını təmin etmiş, bir çox xəstəliklərin qarşısını vaxtında almış olursunuz.

-Ətraflı müsahibə üçün təşəkkür edirik.

-Sağ olun.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə