İsmayıllıda toyda 33 nəfər zəhərləndi

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib. Bu barədə SİA-ya xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.

İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər saat 9:30-a olan məlumata əsasən, hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir: "Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə