Yayda da xəstələnərlər? ARAŞDIRMA

Əgər yay mövsümündə xəstələnmişiksə, o zaman bizə ən çox verilən sual yayda da xəstələnərlər? sualıdır. Amma bilməliyik ki, havaların isti keçməsi bütün xəstəliklərdən sığortalanmışıq anlamına gəlmir. Çünki bu mövsümün xəstəlikləri digər fəsillərdə yoluxduğumuz infeksiyalardan daha fərqli və daha “çeşidli”dir. Düzgün qəbul etmədiyimiz günəş sevinci, tərs zamanda yediyimiz çeşidli qidalar, əndazəsini aşdığımız istirahət keyfi və daha nələr-nələr sonda ağır xəstəliklərlə nəticələnə bilir.

Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Nağdəli Zamanov bildirib ki, hər mövsümdə olduğu kimi, yayın da öz xəstəlikləri var.

Yay mövsümünün xəstəlikləri hansılardır?

Onun sözlərinə görə, yayda insanlar arasında yayılan əsas xəstəliklər mədə-bağırsaq sisteminin pozulması, istivurma və ya günvurma, zəhərlənmələr eləcə də digərləridir: “Düzdür, yay mövsümündə digər fəsillərdə yoluxdumuz xəstəliklər daha az müşahidə olunur. Bu mövsümdə qan-damar, revmatizma və digər bu kimi xəstəliklərə demək olar ki çox az rast gəlinir. Amma buna baxmayaraq, yay mövsümünün də özünün riskli xəstəlikləri az deyil. Belə ki, yayda günvurma və istivurma xəstəliyinə tutulmamaq üçün insanlarımız günəşin ən qızmar saatlarında çölə çıxmamalı, havanın temperaturu 40 dərəcədən yüksək olduqda açıq havada işləməməlidirlər. Yüksək təzyiqdən, endokrin sistemi xəstəliklərindən, ürək ritminin pozulmasından əziyyət çəkənlər və çəki artıqlığı olanlarda günvurma halları daha çox müşahidə olunur. Həmin kateqoriyadan olanlar isti günəş şüaları altında çox qalmamağa çalışmalıdırlar. Lakin hansısa zərurətdən buna məcbur olduqda mütləq qoruyucu vasitələrdən, məsələn, papaq, baş örtüyü, çətir və s. istifadə etmək lazımdır. Onlar həmişə öz yanlarında sərin su gəzdirməli və çoxlu maye qəbul etməlidirlər”.

Günvurma və istivurma zamanı nə edək?

Həkim-terapevt söyləyib ki, günvurma nəticəsində orqanizmdə ciddi problemlər yarana bilər, ürəkbulanma, gözün qaralması, güclü başağrıları və bəzən də qusma halları baş verir: “Belə olan halda ilk növbədə günəşin təsirinə məruz qalan xəstəni sərin və kölgəli yerə çəkmək, üst geyimlərini yüngülləşdirmək lazımdır. Bədən hərarətini aşağı salmaq üçün ona soyuq ılıq və daha sonra isə qoyuq su vermək, üzünü və sinəsini su ilə silmək lazımdır. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz və ya bu mümkün olmadıqda su ilə islatma qoyulmalıdır. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır”.

Zəhərlənmək istəmirsinizsə…

N. Zamanov söyləyib ki, yay mövsümünün xəstəlikləri arasında mədə-bağırsaq sisteminin pozğunluqları çoxluq təşkil edir: “Bağırsaq infeksiyaları yay və bürkülü havanın əsas təhlükə mənbəyidir. Toksinlər su və ərzağa düşəndən sonra orqanizmi zəhərləyir, ən uzağı, iki saat ərzində ürəkbulanma, titrəmə, qusma, qarında kəskin ağrılara səbəb olur. Ona görə də belə hallarda dərhal mədə tərkibinə marqans qatılmış 1 litr isti su ilə yuyulmalı, 4 həb aktivləşdirilmiş kömür içilməlidir. Yay mövsümündə zəhərlənmələrdən “qaçmaq” üçün hər kəs yediyi qidasına xüsusi diqqət etməli, xüsusilə də onların saxlanma şəraitinə fikir verməlidir. Ərzaq məhsullarının saxlanması və hazırlanması zamanı gigiyenaya riayət etmək mütləqdir. Ümumilikdə isə yay aylarında yağlı qidaların qəbulundan uzaq durmaq, daha çox ağartı və meyvə tərəvəzə üstünlük vermək məsləhət görülür”.

Uşaqlarımızın üzləşdiyi infeksiyalar

Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev söyləyib ki, yay mövsümündə uşaqlarda da böyüklər kimi daha çox istivurma və günvurma, zəhərlənmə müşahidə olunsa da, allergik xəstəliklər də balacalardan yan keçmir: “Yayda təbiət bizə övladlarımızı payız və qış mövsümünə hazırlamaq imkanı verib ki, biz bundan düzgün istifadə etməyi bacarmalıyıq. Bu mövsumdə səniz, günəş, qum vannaları, vitaminlərlə zəngin yeni meyvə və tərəvəzlər uşaqlarımızın immun sisteminin möhkəmləndirməyə imkan verir. Necə deyərlər qışın hazırlığını yayda görməliyik. Amma bütün bunlarla yanaşı yay aylarında diqqətli olmağımızı tələb edən məsələlər də var. Uşaqları birbaşa günəş vannaları altında saxlamaq qorxulu fəsadlara gətirib çıxara bilər. Balacaları uzun müddət günəş altında saxlamaq qəti şəkildə məsləhət görülmür”.

Övladlarımızın sağlamlığını necə qoruyaq?

Mütəxəssis qeyd edib ki, uşaqların günəş vannası qəbulu səhər 06:00-11:00 arasında olmalıdır: “Bu saatdan sonra günəş şüalarının tərkibində olan infroqırmızı şualar o qədər şiddətlənir ki, onlar uşaqların bədənində yanıq və günvurma törədir. Dənizdə çimmək istəyənlər 16:00-dan sonra suya girə bilərlər. Bunlara riayət etməklə uşaqlarımızı yay xəstəliklərinin bir qismindən azad etmiş oluruq. Bununla yanaşı uşaqlara verdiyimiz qidaların saxlanma şəraitinə də xüsusi fikir verməliyik. Bildiyiniz kimi isti mühit bir çox bakteriyaların, mikrobların artmasına şərait yaradır. Bu özünü ən çox həzm pozğunluqları, mədə-bağırsaq infeksiyaları ilə göstərir. Hər bir uşaq öz yaşına görə qidalanmalıdır. Yay aylarında 6 ayına çatan köpələrə əlavə qidaların verilməsinə tələsməməliyik. Çünki bu, uşaqlarda mədə-bağırsaq pozulmalarına səbəb olur. Bundan başqa allaergik xəstəliklər var ki, onlar yaz mövsümündə daha çox yaransa da, yay aylarında da davam edir. Həşəratların sancdığı zaman ifraz etdiyi şirələr uşaqlarda allergik xəstəliklərə səbəb olur. Hər kəsə məlumdur ki, allergik reaksiyalara səbəb olan meyvə-tərəvəzlər var ki, yay mövsumundə onların qəbulu fəsadlar yaradır. Allergik reaksiyalarına görə, tərəvəzlərdən pomidor, bostan bitkiləri arasında çiyələk, meyvələr arasında isə portağal və naringi ilk yerdə dayanır. Valideynlər uşaqlarının hansı qidaya qarşı həssas olmasını bilməlidirlər. Çünki allergiyanın bir neçə dəfə təkrarlanması ağır fəsadlarla nəticələnə bilər”.

Valideynlərə məsləhət!

N. Quliyev qeyd edib ki, yay aylarında valideynlər övladlarına bu mövsumun bəxş etdiyi fürsətlərdən bəhrələnmək imkanı yaratmalıdırlar: “Valideynlər tənbəllik, məzuliyyətsizlik edərək uşaqların sağlamlıq, istirahət hüquqlarını əllərindən almamalıdırlar. Valideyn öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər. Biz övladlarımızın yay aylarında düzgün istirahətinə maksimum şəkildə çalışmalıyıq. Əks halda payız-qış mövsümündə soyuqdəymə xəstəliklərinin sayının kəskin şəkildə çoxaldığı ilə üz-üzə qalacağıq”.

Qeyd edək ki, yay fəsli ərzində günvurma ilə əlaqədar təcili yardıma 27 müraciət daxil olub. Müraciət edən şəxslərdən 17 nəfəri hospilitizasiya olunub. Onlardan 3-ü uşaqdır. Ümumilikdə isə ötən illə müqayisədə bu il günvurma ilə bağlı təcili tibbi yardıma müraciətlərin sayı azdır. Bu da havaların sərin keçməsi ilə əlaqələndirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...