Həkim-allerqoloq: "Allergiya xəstəliyinin vaxtında diaqnostikası və müalicəsi vacibdir"

Alimlərin tədqiqatlarına əsasən, dünyada hər yeddi nəfərdən biri allergiyaya xəstəsidir. Allergiya xəstələri gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Bu xəstələrə ən çox təsir edən qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərlə digər allergen amil mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, Günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçir. Mərkəzi Gömrük Hospitalının həkim-allerqoloqu Tamilla Rzayeva xəstəliyin yaranma səbəbləri və müalicə üsulları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Allergiyanın yaranma səbəbləri və növləri haqqında nə deyə bilərsiniz?

-Allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı yüksək reaksiyasıdır. Bu maddələrə allergen deyilir. Onlar bizim orqanizmimizə müxtəlif yollarla daxil olub allergik reaksiyaların əmələ gəlməsinə səbəb olur. Ən çox yayılmış allergenlər bunlardır: qida məhsulları, bitki mənşəli tozcuqlar, ev tozları, dərmanlar, heyvan mənşəli allergenlər, kif göbələkləri və s. Allergik xəstəliklər onlara genetik meyilliliyi olan insanlarda müxtəlif amillərin təsirindən yaranır. Bu amillər ətraf mühitin təsiri, tütün məmulatlarından istifadə, stress, yaşayış şəraitinin xüsusiyyətləri və sairədir. Allergiya, yaranma səbəblərindən asılı olaraq mövsümi və ya ilboyu olur.

-Hansı bitkilər daha çox allergiya yarada bilər?

-Qeyd etdiyimiz kimi, bəzi allergik xəstəliklər mövsümi xarakter daşıyır. Belə allergiyaların səbəbi bəzi ağaclar, otlar, güllər, çiçəklərin tozcuqlarıdır. Ancaq bütün tozcuqlar allergik reaksiyalar əmələ gətirmir. Allergik reaksiyalar yaratmaq üçün bu tozcuqların müəyyən xüsusiyyətləri olmalıdır: allergen, zülal olmalı, həmin coğrafi zonada çox olmalı, balaca ölçüdə və yüngül çəkili olmalı, küləklə yayılmalıdır. Allergiyaların bu növü əsasən yaz, yay və payız aylarında özünü büruzə verir, qışda isə əksər hallarda yox olur.

-Müraciətlər daha çox hansı allergiya növü ilə bağlı olur?

-Allergik xəstəliklərin simptomları müxtəlifdir. Belə ki, tənəffüs orqanlarında allergenlər burun tutulması, burunda qaşınma, qıcıqlanma, çoxsaylı asqırmalar, burun axması, təngnəfəslik, xırıltılı tənəffüs, quru tutmaşəkilli öskürək, boğulma hissi, gözlərdə qaşınma, qızarma, sulanma, dəridə isə müxtəlif tipli qaşınma ilə müşahidə olunan səpgilərlə xarakterizə olunur. Bəzi hallarda mədə-bağırsaq sistemi orqanları tərəfindən qarın ağrıları, ishal, qusma kimi simptomlar da qeyd oluna bilər. Ən çox rast gəlinən allergik xəstəliklərdən allergik rinit, allergik konyuktivit, bronxial astma, allergik övrə, qida və dərman allergiyasını qeyd edə bilərik. Müraciətlərin əksəriyyəti mövsümi xarakter daşıyır və ən çox rast gəlinən xəstələr fəsli və ilboyu olan allergik rinit, allergik konyuktivit, bronxial astma, allergik övrə, qida və dərman allergiyasından əziyyət çəkən xəstələrdir.

-Allergiya sağalan xəstəlikdirmi?

-Allergik xəstəlik tam sağalmasa da, onun səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Məsələn, qida allergiyasıdırsa, buna səbəb olan qida məhsulu rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qaldırılır. Amma səbəb bilinməyəndə problemin həlli çətinləşir. Allergiya xəstəliyinin vaxtında diaqnostikası və müalicəsi vacibdir. Məsələn, allergik riniti olan xəstələr vaxtında müalicə olunmadıqda, xəstəlik bronxial astmanın yaranması ilə ağırlaşa bilər. Daha təhlükəli olan dərman allergiyasının səbəbi müəyyən edilməzsə, onun xəstə tərəfindən təkrar qəbulu halında daha ciddi allergik reaksiya və ya çox təhlükəli anafilaktik şoka səbəb ola bilər. Bu ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrin həkim allerqoloqa vaxtında müraciət etməsi, mütəxəssis tərəfindən dəqiq və ətraflı anamnezin toplanması, müasir diaqnostik və müalicə üsullarından istifadə, kəskin respirator infeksiyalarının profilaktikasının aparılması bu xəstəlin sağlam həyat sürməsinin bünövrəsini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...