Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldilib


Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bugünün fidan balalarının əlində olacaqdır. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və "Minilliyin İnkişaf Məqsədləri"nə, eləcə də, "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq aparılır. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi kimi tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə istiqamətlənmişdir.
2013-2017-ci illəri əhatə edən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət-tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqla təchiz edilməsi, əhali arasında geniş maarifləndirmə kimi tədbirlərin icrasında əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlərin, davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramı qeyd etdiyimiz "2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanıb. Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində, uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması müşahidə olunub. Belə ki, ötən dövr ərzində, icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanıb və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilib. Hazırlanmış proqram təminatı modulunun mövcud elektron-sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edilib. Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanıb. Statistik göstəricilərə əsasən, Dövlət Proqramı çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilib, aparılan müayinələr nəticəsində, xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində, uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunub.
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasına öz töhfəsini verir. Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsini, uşaqlar arasında yayılan patologiyaların profilaktikasını, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasını, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət-tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini və s. yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırır. Tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işini gücləndirir.
Məlumdur ki, ana və uşaqların mühafizəsi işi Azərbaycan dövlətinin daim diqqət yetirdiyi sahədir. Uşaqların icbari dispanserizasiyası Azərbaycanda yeni doğulandan 18 yaşa qədər olan bütün uşaqları əhatə edir. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, nəinki bizi əhatə edən qonşu ölkələrdə, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə yoxdur. Bu sənəd Azərbaycanın 2 milyondan artıq uşaq əhalisini əhatə edir. Dövlət Proqramının da məqsədi, qarşıdakı illər ərzində, yenə uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərinin daha da azaldılmasına nail olmaqdan, onların sağlamlığını, xoşbəxt gələcəyini təmin etməkdən ibarətdir.
Təbii ki, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirləri görülür.
Ölkəmizdə həyata keçirilən bu və ya digər tədbirlər uşaqların sağlamlığına müsbət təsirini göstərir. Təbii ki, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılması, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsi və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi onların sağlam həyat yaşamasına müsbət təsirini göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə