Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır

Muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar, texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi üçün səhiyyə müəssisələrinin yeni binalarla və müasir tibbi avadanlıqlarla təmin olunması yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və icbari tibbi sığortanın tətbiqinə şərait yaradıb. Xəbər verilir ki, bu barədə Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən tədbirdə ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 5 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, müvafiq sərəncama əsasən bu il avqustun 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, rayonda bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, keçirilən tədbirin önəmini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamına əsasən, 1 iyul 2017-ci il tarixdən Sədərək və 1 iyun 2019-cu il tarixdən Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Qeyd olunub ki, agentlik sığortaolunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib. Agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyəti təmin olunub. Əhalinin sığortalanması prosesi həyata keçirilib və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanaraq onlara İcbari Tibbi Sığorta Şəhadətnaməsi verilib.

Samiq Sadıxov vurğulayıb ki, əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsi genişləndirilib, Kəngərli rayonunda da tətbiqi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq bir sıra işlər görülüb. Belə ki, rayon əhalisi üzrə tələb olunan məlumatlar müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilərək toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılıb.

“İcbari tibbi sığorta Kəngərli rayonunda 32 min 421 nəfəri əhatə edəcək. Onların 16 min 59-u kişi, 16 min 362-si qadındır”, – deyən agentliyin direktoru bildirib ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə agentliyin Kəngərli Rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyat məntəqəsi yaradılıb, rayonun tibb müəssisələrində yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazaları gücləndirilib, Səhiyyə İnformasiya İdarəetmə Sistemi qurularaq icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqəsi təmin edilib. Rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım avtomobili verilib. İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxanada görülən işlərlə tanış olub, rayonda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müşavirə keçirilib.

Diqqətə çatdırılıb ki, müvafiq sərəncamla icbari tibbi sığortanın tətbiqi məqsədilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Bütün bunlar vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini təmin edəcəkdir.

Samiq Sadıxov muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində yaradılan şəraitə, bu sahəyə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə agentliyin kollektivi adından minnətdarlığını bildirib. Vurğulanıb ki, agentlik bundan sonra da fəaliyyətini verilən tapşırıqlara uyğun quracaq, Kəngərli rayonunda da icbari tibbi sığortanın uğurlu tətbiqinə nail olunacaq.

Sonra agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov “İcbari tibbi sığorta nədir?”, Səhiyyə və sosial iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Çilənay Qurbanlı “İcbari tibbi sığortada tibbi xidmətin təşkili” mövzularında çıxış ediblər. Həmin mövzularla bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə