Naxçıvanda tibbi sığortalı şəxs üzərində pulsuz cərrahi əməliyyat aparılıb

Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb. SİA xəbər verir ki, Şərur şəhər sakini, 53 yaşlı Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib.

Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Mərkəzdə aparılan elektrokardioqrafik, exokardioqrafik və laborator müayinələrdən sonra ona ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub və təcili ürək əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardiocərrahı İntiqam Fətullayev həmkarı Firdovsi Hüseynov və kardioanestezioloq Elçin Abdullayevlə birgə açıq ürək əməliyyatını uğurla başa çatdırıb. Ürək qan dövranı tam bərpa edilib və xəstə həkim müşahidəsi altında saxlanıldıqdan sonra palataya köçürülüb.

Qafil Həsənova göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə