Diqqətli olun: Günəşin gətirdiyi xəstəliklər

Yay aylarında günəşin təsiri ilə dərinizdə müxtəlif ləkələr yaranır. Bu durumun qarşısını almaq üçün əvvəlcədən təbirlər görmək lazımdır.

Melazma

Əsasən üz nahiyəsində açıq və tünd qonur (qəhvəyi) rəngli ləkələrlə müşahidə olunan xroniki bir dəri xəstəliyidir. Bəzən bu xəstəliyə xloazma da deyilir ki, yaşıl dəri mənasını bildirir. Ancaq melazma (qonur dəri) termini daha çox istifadə olunur. Ən çox yanaqda müşahidə edilsə də, burunun üstü, çiyin, sinə və qolların üst hissəsində də rast gəlinir. Melazma ən çox qadınlarda olur. Nadir hallarda kişilərdə də yarana bilər. Xəstəlik əsasən 20-40 yaşlarında olan qadınlarda üz nahiyyəsində tünd qəhvəyi ləkələrin yaranması ilə başlayır. Mövsümdən asılı olaraq yaz və yay aylarında bu ləkələr daha da tündləşir, payız və qış aylarında isə ləkələrin rəngi nisbətən solur. Melazma ən çox tünd dərisi olan insanlarda yaranır. Ultra bənövşəyi şüalar, kompüter ekranın şüası da melazmaya təkan verə bilir. İlk pillədə isə hamiləlik ərəfəsi dayanır. Melazmanın əsas yaranma səbəbi dəridəki piqment ifraz edən hüceyrələrin çox miqdarda melanin ifraz etməsidir.

Melazmanın yaranmasında rolu olan amillər:

- Genetik faktor - üz dərisində melazması olan insanların təxminən 1/3 də digər ailə üzvlərində də bu problemə rast gəlmək mümkündür

- Günəş şüaları - ən böyük risk faktorlarından biridir. Günəş şüalarının uzun müddətli təsiri nəticəsində dəridə piqment ləkələri formalaşmağa başlayır

- Hamiləlik - adətən doğuşdan bir neçə aylar sonra melazma daha da artmağa başlayır

- Dərman preparatları - tərkibində estrogen və progesteron olan oral kontraseptiv dərman preparatları istifadə edən qadınlarda melazmanın yaranma ehtimalı daha yüksəkdir

- Qalxanabənzər vəzinin xəstəliklərindən (Hypothyroidism) müalicə alan insanlarda melazmanın yaranma ehtimalı çoxdur
Melazma ləkələrin tündləşməsinin qarşısını necə alaq:

Melazma çox çətinliklə müalicə olunan dəri problemlərindən biridir. Dəri rəngindən, ləkənin yaranma müddətindən, coğrafi ərazi və ilin müddətindən asılı olaraq müxtəlif müalicə metodları tətbiq olunur. Adətən yaz və yay mövsümlərində, yəni günəş şüalarının aktiv olduğu dövrlərdə melazmanın müalicəsi tövsiyə olunmur.

- Günəşqoruyucu kremlərdən istifadə etmək.

Genişspektrli kremlərə (SPF 50+) üstünlük verin. Bu kremləri günəşə çıxmadan 20-30 dəqiqə əvvəl dəri səthinə sürtmək və yay mövsümündə hər 2-3 saatdan bir yeniləmək lazımdır. Tərkibində sink oksid və titanium dioksid olan günəşqoruyucu kremləri seçin.

- Əgər hormonal dərman preparatları qəbul edirsinizsə, onları dayandırmaq məsləhətdir. Bu dərman preparatlarının qəbul olunması ləkələrin daha artamsına təkan ola bilər.

- Üz dərisini qıcıqlandırmayan nəmləndirici kremlərdən və yuyucu vasitələrdən istifadə edin.

Çünki dərinin daha da quruması və qıcıqlanması melazma ləkələrinin tündləşməsinə yol aça bilər.
Melazmanın müalicəsində bir çox kremlər istifadə olunur.

Bir çox hallarda bu kremlərlə yanaşı müxtəlif lazer proseduraları, mikrodermabraziya və kimyəvi pilinqlər də tətbiq oluna bilər.
İstənilən lazer və kosmetoloji proseduralar üçün mütləq dermatoloqlara müraciət edin. Çünki düzgün olunmayan bu cür kosmetoloji proseduralardan sonra üzdəki melazma ləkələri daha da tündləşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə