DST: "Avropada hər il 23 milyon insan çirklənmiş qidanın qurbanı olur"

Avropa İttifaqı ölkələrində hər il 23 milyon insan xəstələnir. Bu xəstələnənlərin 4700 nəfəri isə həyatda qalmaq uğrunda mübarizədən qalib çıxa bilmir və dünyasını dəyişir. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı (DST) yayıb.

DST-nin hesabatında bildirilir ki, qloballaşan dünyamızda qidalanmaq artıq qlobal bir məsələyə çevrilib və insanlar gündəlik ərzaq tələbatını ödəyərkən planetin müxtəlif bölgələrindən gətirilmiş məhsullardan istifadə edir. Bu isə öz növbəsində qida təhlükəsizliyini gücləndirmək və bu sahədə beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi tələb edir.

Avropada xəstəlik törədiciləri arasında ilk yerdə mədə-bağırsaq epidemiyalarının törədicisi olan Norovirus dayanır. 2017-ci ildə 15 milyon insan bu virusa yoluxub. Salmonella patogenlerinə qarşı son illərdə uğurlu mübarizə aparılsa da, mədə-bağırsaq traktının pozulmasına səbəb olan və əsasən də ət məhsullarının qeyri-gigiyenik hazırlanması nəticəsində yayılan bu bakteriya beş milyon insanın xəstələnməsinə yol açıb.

Təşkilatın hesabatında həmçinin qeyd edilir ki, qida məhsullarının təhlükəsiz istehsalı və saxlanması ilə bağlı maariflənmə işləri üçün xərclənən hər bir avro öz növbəsində on avroya qənaət edilməsinə səbəb ola bilər. Belə ki, bu yolla xəstələnən insanlara göstərilən tibbi xidmət və əmək fəaliyyətindən kənarda qalmaqla iqtisadiyyata vurulan zərərin qarşısı alınmış olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...