Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb

Naxçıvan Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində əməliyyatı planlaşdırılmış 4 nəfər üzərində aorta-koronar şuntlama əməliyyatları aparılıb və damar dəyişdirilib. SİA xəbər verir ki, yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş xəstələr üzərində əməliyyatları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək-damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və universitetin Tədris Cərrahiyyə Klinikasının Ümumi reanimasiya şöbəsinin müdiri Cavid Paşayev aparıblar.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və orta tibb heyəti əməliyyatlarda yüksəkixtisaslı həkimlərlə birgə iştirak ediblər.

Əməliyyatdan sonrakı mərhələdə ağırlaşma müşahidə edilməyib və xəstələr mərkəzin Kardioreanimasiya şöbəsindən Kardiocərrahiyyə şöbəsinə köçürülüblər.

Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə