Qızılcaya yoluxma ilə bağlı son RƏQƏMLƏR

Gürcüstanda cari ilin yanvar-mart aylarında 2880 nəfər qızılca xəstəliyinə tutulub. SİA-nın xəbərinə görə, bunu Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklər üzrə Milli Mərkəzinin rəhbəri Amiran Gamkrelidze açıqlamasında deyib. Onun sözlərinə görə, ölkədə xəstəliyin yayılması prosesi davam etməkdədir.

“İlin əvvəlki ayları ilə müqayisə hazırda xəstəliklə bağlı artım dinamikasında xeyli azalma müşahidə olunsa da, hər gün 15-20 xəstəliyə tutulma faktı aşkarlanır”, - deyə mərkəz rəhbəri söyləyib.

Onun sözlərinə görə, 60 faiz yoluxma halı hospitallaşdırma tələb edir: “Ötən il xəstəlikdə iki nəfər ölüb. Qızılcanın yayılmasına qarşı əsas mübarizə üsulu müasir vaksinlərdən istifadə etməkdir”.

Xatırladaq ki, mart ayının əvvəlində Gürcüstanın Səhiyyə Nazirliyi ölkədə 2 min 115 qızılca faktının aşkarlandığını açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə