Agentlik rəsmisi transplantasiyadan danışdı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orqan transplantasiyasının həyata keçirilməsi ilə bağlı təkliflərini açıqlayıb. SİA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova orqan transplantasiyası üzrə hazırlanan yeni qanun layihəsinin dinləmələrində deyib. O, qanun layihəsinə əlavə edilməsi üçün bəzi təkliflər hazırladığını söyləyib.

Ş.İsmayılova bildirib ki, meyitlərdən orqanlarının götürülməsi işini tibb fəaliyyətlə məşğul olmayan Koordinasiya Mərkəzi həyata keçirməlidir. Transplantasiya üçün nəzərdə tutulan orqanların və toxumaların daşınması işinə xüsusi lisenziyası olan müəssisələr cəlb edilməlidir və bu daşınma xüsusi ixtisaslaşma tələb etdiyi üçün orqan, toxumaların daşınması üçün lisenziya olmalıdır.

Ş.İsmayılova qeyd edib ki, əməliyyatı gözləyən şəxsin adı gözləmə siyahısına əlavə edildikdə, şəxs növbədə neçənci sırada olması barədə məlumatlı olmalıdır.

Agentlik rəsmisi qeyd edib ki, qanun layihəsinə canlı donorun orqanlarının və toxumalarının hər hansı ödəniş əsasında verilməsinin qadağan edilməsi barədə bənd əlavə edilməlidir: “Qanunda orqanların alqı-satqısının qadağan edildiyi qeyd edilib. Amma sırf canlı donorun orqanlarının götürülməsi və qaydalarında qeyd edilməlidir ki, ödənişin aparılması qadağandır . Bundan başqa, belə bir bənd əlavə edilsin ki, canlı donorların sağlamlığının əməliyyatdan sonrakı bərpası və reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin”.

Ş.İsmayılova əlavə edib ki, qanun layihəsində gözün buynuz qişasının və digər dəyişikliyə uğramayan toxumaların icazə və vəsiyyət olmadan götürülməsi məsələsi yer alıb: “Bu, nə dərəcədə düzgündür? Məncə, bu bəndə yenidən diqqət yetirmək lazımdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...