Qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir

"Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni hazırlanan qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

İnsan orqanlarının transplantasiyası ilə bağlı hazırlanan yeni qanun layihəsinin 5 fəsil, 36 maddədən ibarət olduğunu deyən deputat söyləyib ki, qanun layihəsində donorların, respiyentlərin reyestrinin aparılması, eyni zamanda, respiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin elektron qaydada aparılması təklif edilir.

M.Quliyev qeyd edib ki, layihədə canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb: “Respiyentlər qohum ola bilərmi, yaxud qohum olmamalıdırlar? İndiki qanunvericilikdə yalnız qohumlardan donorluğa icazə verilir. Amma dünya təcrübəsində kiminsə könüllü şəkildə donor olmasına icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Buna görə də hesab edirik ki, respiyent qohum ola da, olmaya da bilər”.

Deputatın fikrincə, donor olmaq üçün tərəflərin rəsmi nikahda olmasına ehtiyac yoxdur: "Vətəndaş nikahında olan şəxslərin də donor kimi olmasına icazə verilir"

Komitənin sədr müavini qeyd edib ki, şəxs sağlığında orqanlarının transplantasiya üçün istifadəsinə icazə verirsə, onda o, dünyasını dəyişdikdən sonra qohumlardan icazə almadan, bu icazə olmadıqda isə onun yaxınlarının icazəsi ilə transplantasiya icra edilə bilər: “Meyitdən orqan donorluğuna olduqca ehtiyatlı yanaşmaq lazımdır. İcbari tibbi sığorta paketinə də orqan transplantasiyası xidmətinin ya tam şəkildə, ya da onun xərclərinin müəyyən hissəsinin daxil olması nəzərdə tutulur. Azərbaycanda insan orqanlarının alqı-satqısı və reklamı da qadağandır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...